Dünyanın ən qədim xalqlarından olan buşmenlər haqqında
Bir dəfə çəkiliş aparan reportyor qoca buşmendən yaşını soruşub. Cavab belə olub: “Mən ürəyimdəki arzu qədər cavan, həyatımda gerçəkləşməyən xəyal qədər qocayam”.
Tədqiqatçıların dediyinə görə bu etnosun tarixi 50-100 min il əvvələ gedib çıxır. Buşmenlərlə müqayisədə çoxdan nəsli kəsilmiş şumerlər və misirlilər belə gənc sayılırlar. Düzdür, buşmenlər tarix boyu dövlət qurmayıb, imperiya yaratmayıb, heç buna iddiaları da olmayıb. “Dünyada olan hər şey hamınındır” düşüncəsindədirlər. Sadə və sakit həyat tərzi sürərək, həm özlərini qoruyublar, həm də dillərini və mədəniyyətlərini hifz edə biliblər.
Rəhbəri olmayan yeganə Afrika qəbiləsidir. Sadəcə olaraq, ağsaqqalar başçılıq edir. Bu ağsaqqalar nəslin nüfuzlu nümayəndələri arasından seçilir. Qrup halında – böyük ailələr halında yaşayırlar. Hər belə ailədə 25-ə yaxın kişi olur. Hər qrupun – ailənin öz cadugəri var ki, onlar lazım olanda ruhları çağırır, quraqlıq uzun çəkəndə yağış yağdırır, xəstələrə şəfa verir.
Hazırda sayları təxminən 90 min olan buşmenlər Cənubi Afrika dövlətləri olan Namibiya və Botsvanada Kalaxari səhrasının sərhədində yaşayırlar.
Afrika sakinləri hamısı neqroid irqinə aid edilsə də, buşmenlər burada istisna hal təşkil edirlər. Onların dəri rəngi açıqdır. Monqoloidlərə də oxşarlıqları var. Boyları isə 150 sm-dən hündür olmur. Kişiləri ilk baxışdan arıq, cansız görünsə də, onların gücünə və dözümlülüyünə ancaq həsəd aparmaq olar. Fiziki cəhətdən o qədər möhkəmdirlər ki, hətta ciddi yaralara belə əhəmiyyət vermirlər. Həkimləri dəhşətə gətirən faktlardan biri də budur ki, əməliyyata narkozsuz dözən buşmen nümayəndəsi heç gözünü belə qırpmır və ətrafdakılarla rahat söhbət edir.
Özlərini “san” adlandırırlar. Nadir “şıqqıltılı” dilləri var. Bir neçə dialekt olsa da, öz aralarında bir-birini çox gözəl anlayırlar.
Buşmenlər mübahisəli məsələləri uzun-uzadı müzakirələr aparmaqla həll edir və belə yığıncaqlarda hər kəsin öz sözünü, fikrini demək haqqı var. Yekdil razılaşma əldə olunmayana qədər mübahisə həll edilmiş sayılmır.
Bütün işlər bərabər bölünür və hər şey kollektiv olaraq edilir: birlikdə meyvə yığırlar, ov edirlər, yeyirlər, tonqal qalayırlar. Onlar söhbət edəndə kənardan xor təsiri bağışlayır; hamı eyni vaxtda danışır. Bişirilən yemək yaşından, cinsindən, yaxud icma statusundan asılı olmayaraq hamı arasında tən yarı bölünür.
Qəbilənin kişiləri mahir ovçudur. Çox sərrast ox atırlar. Oxların ucuna müəyyən bitkilərdən, ya da yarpaqyeyən böcəklərin sürfələrindən aldıqları zəhəri sürtürlər. Zəhər heyvanlara tədricən təsir edir. Əksər hallarda bir neçə gün çəkən ovun ən dəyərli qəniməti kanna (iri antilop) hesab olunur. Kişilər ovdan qayıdanda bütün qəbilə camaatı bir yerı toplaşır, qadınlar mahnı oxuyur, ritm tuturlar, kişilər də uğurlu ovun nəşəsi altında rəqs edirlər.
Qəbilənin qadınları isə hər növ bitki yığmaqla məşğul olur. 300-ə qədər yeməli giləmeyvə, yarpaq, toxum və soğanaq toplaya bilirlər. Qida rasionunda kərtənkələ, tırtıl, çoxayaqlılar, həşəratların sürfələri, qarışqa yumurtaları, arı şanı və başqa bu kimi şeylər var. Qarışqa yuvalarından yığılan toxumlardan sıyıq bişirilər, amma qızardılmış çəyirtkə onlar üçün delikates sayılır.
Buşmenlər təbiətin ayrılmaq hissəsidirlər və onun sirlərinə yaxşı bələddirlər. Ən ucqar nöqtəyə belə düşsələr, çox asanlılqa bir-birini tapa bilirlər. Çox gözəl səmtləşmə qabiliyyətləri var. Onlar haqqında dolaşan əfsanəyə görə, buşmenlər Süleyman peyğəmbər kimi bitkilərin, heyvanların, quşların da dilini bilir və onlardan öz xeyirlərinə istifadə edə bilirlər. Qəribə də olsa, onlar qidalarının əsası hesab olunan antilopla yaxından əlaqə qururlar. Bəzən yolda rastlaşdıqları antilopa yaxınlaşır, balaları ilə birgə onun südünü əmirlər. Bunu o qədər incə formada etməyi bacarırlar ki, antilop heç onlardan qaçmır. Buşmenlər özləri bunu belə izah edirlər: Antiloplar ağıllıdır, onları yemək istəyənlə südünü içməyi istəyəni bir-birindən ayıra bilirlər.
Bu qəbilənin avropalılara vəhşilik kimi görünən bir adətləri var: buşmen qadın əvvəl doğduğu uşaqla yeni dünyaya gələn çağa arasındakı fərq 3 ildən az olduqda, körpəsini öldürür. Bunu ona görə edirlər ki, ana iki körpəyə eyni vaxtda baxa, süd çatdıra bilməz. Axı hər uşaq 3 il əmizdirilməlidir. Elə sərt və nizamlı qaydalarına görə buşmenlərin uşaqları körpəlikdən güclü yetişdirilir, böyüyəndə də ağır və çətin şəraitdə istənilən ağrı və sınaqlara dözümlü olurlar.
Buşmenlərdə zaman və vaxt anlayışı çox zəifdir. Pul nədir bilməzlər. Gələcəyi düşünmürlər. Əgər su və ət varsa, onda buşmen ən xoşbəxt adamdır. Onları vəhşi təbiətin ayrılmaz hissəsi hesab edirlər.
Buşmenlər əkinçilik və maldarlıqla məşğul olurlar. Flora və faunaya gözəl bələddirlər. Onların zəhər və padzəhrdən əla başları çıxır. Təcrübi kimya və əczaçılığa dair dərin biliyə malikdirlər. Hətta bəzən həkimlər belə kömək üçün onlara müraciət edir. Minlərlə ot, bitki, gül-çiçək və sairəni asanlıqla tanıyırlar və təsnifləndirirlər: yeməli olandan məlhəm düzəldilə bilənədək, sirli otlardan dumanlandıranlara qədər, ovçuluqda istifadə oluna bilənlər və s. Təcrübəli ləpiçidirlər.
Köçəri həyat tərzi sürdüklərinə görə daimi evləri olmur. Hərdən qadınlar yığışıb budaqlardan və samandan koma düzəldirlər.
Rəqs onların yaşayışında mühüm yer tutur. Toyda, ovda, uşaq doğulanda, xəstəlik sağalanda rəqs edirlər. Amma onların yaşayışında çox mühüm yer tutan bir rəqs də var: trans rəqsi. Qəbilə sakinləri inanırlar ki, bu rəqs vasitəsilə başqa dünya ilə təmas etmək mümkündür. İnancalrına görə yalnız bu rəqslə xəstə bədəndən pis ruhları qovmaq mümkündür.
Təəssüf ki, dünyanın ən qədim xalqlarından olan və yüzilliklər boyu təbiətlə qucaq-qucağa yaşayan buşmenlərin torpaqlarına güclü və mənfəət güdən qüvvələr göz dikib. Ehtimal olunur ki, Kalaxiri səhrasınında torpağın çox dərinliklərində almaz yataqları var. Əgər onları bu torpaqlardan məhrum etsələr, buşmenlər çox tezliklə yox olmaq təhlükəsi ilə üz-üzə qalacaqlar…
Müxtəlif xarici mənbələrə istinadən hazırladı: Aygün Əziz