Fevralın 16-da tanınmış rəssam Ədalət Dadaşovun 80 yaşı tamam olur. Ədalət Dadaşovun bədii tərtibatlar və yaratdığı əsərlər Azərbaycanın və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) əksər muzeylərinin ekspozisiyasını zənginləşdirib.
Qeyd etmək lazımdır ki, Azərbaycan ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında müxtəlif sahələrdə olduğu kimi, mədəni əlaqələrinin də sorağını duyuruq. Bu mədəni əlaqələrin nəticəsidir ki, keçən il Azərbaycan-ŞKTC Dostluq Cəmiyyətinin təşəbbüsü ilə Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Azərbaycan Beynəlxalq Mədəniyyət Mərkəzi açılıb. Təbii ki, ömrünün 30 ildən çoxunu ŞKTC-nin Əntiq Əsərlər və Muzeylər Dairəsinin baş rəssamı kimi fəaliyyət göstərən, Azərbaycanı – doğma vətənini uğurla təmsil edən rəssam Ədalət Dadaşov üçün bu xəbər sevindirici olub.
Ə.Dadaşov Əntiq Əsərlər və Muzeylər Dairəsinin baş rəssamı olaraq Muzeylər Dairəsinin nəzdində olan 28 muzeydə bərpaçı-rəssam işləyib, orada bədii tərtibat işlərini reallaşdırıb və muzey quruculuğu sahəsindəki işlərə rəhbərlik edib. Eyni zamanda, fəaliyyət göstərdiyi dövrdə bir sıra muzeylərin layihə müəllifi və rəhbəri olub. Böyük fəxr və qürurla deyə bilərik ki, bu muzeylərdə əksər tabloların altında Ədalət Dadaşov imzası vardır.
AZƏRTAC 80 yaşlı rəssamın həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Ədalət Abdurrəhman oğlu Dadaşov 1945-ci ildə Neftçalada anadan olub. Azərbaycanda doğulub boya-başa çatan Ə.Dadaşov Bakıda və Moskvada rəssamlıq təhsili alıb. O, 1971-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1990-cı ildə isə Moskva Dövlət Bərpa Muzey əşyaları fakültəsində təhsil alıb. Bir müddət orta məktəbdə rəsm müəllimi, sonra isə AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tərtibatçı-rəssam işləyib. İlk illər sərgilərdə plakatları ilə iştirak edən Ə.Dadaşovun idman mövzusunda çəkdiyi əsərlər yüksək mükafatlara layiq görülüb.
1994-1995-ci illərdə Şimali Kipr Türk Respublikası Doğu Akdeniz Universitetində rəssam kimi çalışıb. 1995-ci ildə isə həmin universitetdə rəssamın 30 əsərdən ibarət fərdi sərgisi açılıb. Tale elə gətirib ki, Bakıda muzey rəssamı kimi çalışdıqdan sonra Ədalət müəllim qardaş ölkəyə köçüb, Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində yaşayıb-yaradıb. Ömrünü, taleyini bu gözəl məmləkətə bağlayan rəssam buranı özünün ikinci vətəni də adlandırıb.
“Xəzərin sahillərindən Ağ dənizin sahillərinə gələrək ülvi məhəbbətlə bu yurda bağlanmışam. Bu gül-çiçəkli, yaşıl meşəli, meyvələri ləziz, ətir saçan bağ-bağatlı məskənə Kıbrısın Girnə şəhərinə qəlbən vurulmuşam. Azərbaycan xalqı kimi kıbrıslılar da dünyanın ən qədim xalqları olaraq özünün tarixi abidələri, zəngin incəsənəti və mədəniyyəti ilə tanınırlar. Kıbrısı doğma məkan sanaraq ölkənin tarixini və mədəniyyətini əks etdirən bu muzeylərin hər birində mənim yaratdığım əsərlər saxlanılır. Mən fəxr edirəm ki, bu muzeylərin ekspozisiyasının zənginləşməsinə öz töhfəmi vermişəm”, – deyən rəssam düşüncələrini onun haqqında yazılmış kitabda böyük qürurla dilə gətirir.
Demək olar ki, Şimali Kiprin Əntiq Əsərlər və Muzeylər Dairəsinin baş rəssamı olaraq muzeylərin əksəriyyətinin tərtibatı Ədalət Dadaşovun adı ilə bağlıdır. Bu muzeylərin yenidən qurularaq, bədii tərtib edilib həyata vəsiqə alması onun yaradıcılıq təxəyyülünün sayəsində mümkün olub. Həmin muzeylər sırasında Kral məzarları, Canpolad, Barış və Özgürlük, Barbarlıq, Qotik dövrü daş əsərləri, Milli mücadilə, Mövlana, Sant Hilarion qalası, Daşkənd şəhidlər, Vrisi, Batıq gəmi, “Luzinyan evi” tarix-etnoqrafiya və digər muzeylərin adlarını sadalamaq olar. Qeyd edək ki, bu layihələrin bir neçəsi Ədalət müəllimin təşəbbüsü ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı ilə birgə əməkdaşlığın nəticəsində reallaşıb. Rəssamın fəaliyyəti bununla bitmir. “Girnə qalası”, Saçaqlı ev, Daş evlər, İkon, Mövləvi, Salamis, Dərviş paşa və digər muzeylərin qurulması, rəsmlərin, heykəllərin və digər eksponatların işlənib tərtib olunması da onun yaradıcılığının məhsuludur.
Yeri gəlmişkən qeyd edək ki, “Girnə qalası” tarixi abidəsi rəssamın fəaliyyətində xüsusi ilə fərqlənir. Peşəsini ürəkdən sevən rəssam bu işlə ürəklə məşğul olub, ilin bütün fəsillərində, istidə-soyuqda, qarda-yağışda, açıq-qapalı məkanlarda yorulmadan çalışıb, bütün fəaliyyətinə yaradıcı, məsuliyyətli və professional yanaşıb. Çalışıb ki, bərpa etdiyi hər bir muzey dünya standartları səviyyəsində alınsın.
Bu ilin fevral ayı ömrünü, taleyini mədəniyyətin, incəsənətin inkişafına, bərpasına həsr edən qocaman rəssamın 80 yaşından soraq verir. Sənətinə, maraqlı həyat yoluna öz fırçası ilə rəng qatan rəssam Ədalət Dadaşovu bu münasibətlə təbrik edir, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq!