Reymond Kurtsveyl yazıçı, biohaker, futuroloq, Sİ üzrə alimdir. 1948-ci ildə Nyu-Yorkda dünyaya gəlib. Nənəsi Lilian Beyder Avropada kimya üzrə doktorluq işi müdafiə edən ilk qadınlardan olub. Balaca olanda nənəsi ona kiçik çap maşını hədiyyə edib və o vaxtdan uşaqda belə şeylərə maraq oyanıb. Böyüyəndə Rey bir çox şeylər ixtira edərək dünyada tanınacaqdı. Gəlin onun bəzi ixtiralarına baxaq:
7 yaşında mexaniki kukla teatrı düzəltmişdi ki, burada dekorasiyalar avtomatik olaraq dəyişirdi.
12 yaşında özünün ilk hesablayıcı qurğusunu düzəldib.
15 yaşında “Shazam” proqramının oxşarını yaradıb. Bu proqram klassik melodiyaları tanıyır və oxşar formada sərbəst musiqi bəstələyə bilirdi. Bu ixtirasına görə yeniyetmə Rey Beynəlxalq Elm Yarmarkasında mükafata layiq görülüb və Ağ Evdən xüsusi təşəkkürnamə alıb.
17 yaşında Massaçusets Texnologiya İnstitutuna daxil olub və kompüter elmləri proqramını il yarıma mənimsəyib. Daha sonra ədəbiyyatla maraqlanıb, kitab yazıb.
İkinci kursda oxuyanda yeniyetmələrə kollec seçməyə kömək edən proqram yaradıb. Əldə etdiyi gəlirlə “Kurzweil Computer Products” şirkətini qurub. Bu şirkət mətn tanıma texnologiyalarını (OCR) inkişaf etdirməyə başladı.
Bundan sonra Kurtsveyl mövcud nitq sintez metodlarını təkmilləşdirərək “Kurzweil Reading Machine” (oxuma aparatı) yaradıb. Bu aparat sayəsində görmə qabiliyyəti olmayan insanlar adi kitabları oxuya bilirdilər. Onun ilk müştərilərindən biri kor musiqiçi Stivi Uander olub və sonradan onlar yaxın dosta çevriliblər.
Elektron sintezatorun ixtirası
Musiqiçi atasının təsiri və Stivi Uanderlə dostluğu Kurtsveylin “Kurzweil 250” adlı elektron sintezator yaratmasına səbəb olub. Bu, mükəmməl bir ixtira idi. 1983-cü ildə ərsəyə gələn bu musiqi aləti fortepiano, zərb alətləri və orkestr səslərini olduqca dəqiq təqlid edirdi. Səslər o qədər real çıxırdı ki, peşəkar musiqiçilər gözləri bağlı halda Kurtsveylin sintezatoru ilə real royalın fərqini hiss edə bilmirdilər. Bu sintezator 80-ci illərin məşhur musiqiçiləri arasında populyarlıq qazandı və hətta Depeche Mode və Duran Duran kimi qruplar onların ilk müştəriləri oldular.
Gələk Kurtsveylin futuroloq kimi fəaliyyətinə. Onun gələcək barədə veridyi proqnozların 90%-i doğru çıxır. İndiyə qədər 150 proqnozu doğru çıxıb. 2012-ci ildən “Google” şirkətində işləyir. “Wall Street Journal” onu “yorulmayan dahi”, “Forbes” jurnalı “son düşünən aparat” adlandırıb. “Inc” jurnalı onun haqqında “Tomas Edisonun layiqli varisi” deyə danışır, PBS isə “Amerikanı quran 16 inqilabçıdan biri” olaraq seçib.
2005-ci ildə “Sinqulyarlıq yaxındadır” (“Singularity is Near”) adlı bestsellerə çevrilmiş kitabında ağılasığımaz proqnozlar vermişdi. Hazırkı dövrlə müqayisədə iddia etdikləri inanılması elə də asan olmayan fikirlər idi. Kitabda 2029-cu ilə qədər kompüterlərin insan intellekti səviyyəsinə çatacağını, insanların yavaş-yavaş kompüterlərlə birləşərək superinsana çevriləcəyəini yazırdı.
Alimə görə, texnologiyaların inkişafı bəşəriyyəti sinqulyarlığa – kəşflərin və elmi-texniki yeniliklərin o qədər sürətlə dəyişəcəyi bir mərhələyə aparacaq ki, bu prosesi yalnız fövqəladə güclü süni intellekt nəzarətdə saxlaya biləcək. Bu, müasir insan zəkasının fövqündə olan bir şeydir. Bunun 2047-ci ilə qədər baş verməsi proqnaşdırılır.
1983-cü ildə, 35 yaşı olarkən Reydə ikinci tip şəkərli diabetin erkən forması aşkarlanıb. Bu, alimin bütün dünyagörüşünə ciddi təsir edib. Rey ciddi şəkildə səhhəti ilə məşğul olmağa başlayıb və özü üçün fərdi pəhriz sistemini işləyib hazırlayıb. Nəticədə alim əməlli-başlı biohaker olub.
Ölümsüzlük…
Reyin proqnozuna görə, XXI əsrin ortalarına qədər elmi-texniki inqilab baş verəcək: texnologiya biorobotların yaradılmasına mkan verəcək. Beləliklə, insanlar bədənlərinə mexaniki elementləri inteqrasiya edə biləcəklər, yaxud da şüurlarını fiziki daşıyıcılara yükləmək imkanı qazanacaqlar. Və… əbədi həyat xülya olmaya bilər! Yəni insan ölümsüzlüyə qovuşa bilər.
Alim özü ədəbiyaşar olmaq üçün gündə təxminən 100 BAD həbləri qəbul edir. Bədəbəddə ehtiyat planı KRİOKONSERVASİYAdır (öldükdən sonra gələcəkdə oyadılmaq üçün dondurulma). Dünya üzrə üçü ABŞ-da, biri Rusiyada olmaqla bu işi görən 4 şirkət var ki, futuroloq bunlardan biri olan “Alkor” şirkətinin müştərisidir. Bu şirkət 1970-ci illərdən bəri insanları dondurur və bu sahənin liderlərindən hesab olunur.
Kurtsveylin proqnozları
Dünyada ən dəqiq proqnozlar verən şəxs Kurtsveyl hesab olunur. Onun fikri ilə hesablaşırlar. Bill Qeyts bir dəfə bildirib ki, o, “süni intellektin gələcəyini Kurtsveyl qədər dəqiq proqnozlaşdıran başqa birini tanımır”.
Rey Kurtsveylin proqnozlarına görə, 2099-cu ilə qədər dünya necə olacaq?
- 2025 – Kompüterlər daha da kiçiləcək və ənənəvi formalarını itirəcək. Onları geyimlərə birləşdirmək olacaq.
İnkişaf etmiş nanotexnologiya insan beyninin işləmə prinsipini anlamağa imkan verəcək.
- 2029 – Süni intellekt Türinq testini keçəcək. Yəni insan və maşın düşüncəsini ayırd etmək mümkün olmayacaq.
- 2030 – Virtual reallıq tamamilə gerçək kimi hiss olunacaq. İnsanlar öz şüurlarını virtual mühitə yükləyə biləcəklər.
- 2040 – Süni intellekt insan intellektindən milyard dəfə güclü olacaq.
Nanorobotlar havadan yemək və digər fiziki obyektlər yaratmaq gücünə malik olacaq.
- 2045 – İnsanlar öz beyin qabıqlarını süni neokorteksə simsiz bağlayaraq intellektlərini milyard dəfə artıra biləcəklər.
- 2045–2099-cu illər:
Yer kürəsi nəhəng bir superkompüterə çevriləcək.
Süni intellekt planetdən kənara çıxacaq.
Maşınlar bütöv planet ölçüsündə kompüterlər yarada biləcək.
Bəşəriyyət süni intellekt və nanoteknologiyalar sayəsində tamamilə yeni bir dövrə qədəm qoyacaq.
Dünya dağılacaq, yoxsa yenidən qurulacaq? Dinlərin dedikləri yalanmı çıxacaq? Biz hara gedirik, kim olacağıq, necə olacağıq? Cavabları naməlum qalan qorxunc suallar burulğanı… Necə deyərlər, yaşayarıq, görərik. Amma bizdən keçdi. Yəqin, nəvələrimiz nəsə görəcəklər. Dədə-babalarımız demişkən, Allah sonunu xeyirli etsin.
Son olaraq, yeri gəlmişkən:
Dini baxışlarına görə, Rey aqnostikdir. İlahi zəkanın var olub-olmamasına aid suala cavab verərkən demişdi: “Allah varmı? Deyərdim ki, hələ yoxdur”.
Yazının müxtəlif mənbələrdən istifadə edərək Aygün Əziz hazırlayıb