Bir neçə gün əvvəl Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin yaranmasının 5 ili tamam oldu. “Kamilinfo”nun budəfəki müsahibi Mərkəzin baş məsləhətçisi Sima Cəfərovadır.
—Sima xanım, Sizi yubiley münasibətilə təbrik edirəm. 5 il öncə yaradılan FADMM-ə gəlişinizi necə xatırlayırsınız?
–Elə bilirsiniz, xatırlayıram? Bir də gördüm ki, FADMM–in emblemini müzakirə edirik. Bu onda idi ki, biz qoşa “y” və apostrof məsələsində əqidə birliyi nümayiş etdirmişdik. Bizim heç bir təmənna güdmədən əqidəmizin arxasınca sosial şəbəkələrdə dolaşdığımız vaxt qapısını açıb könüllü daxil olduğumuz otaq idi FADMM. Otağın divarlarını Vasif Sadıqlı bizim ana dili, vətən təəssübkeşliyimizdən qurmuşdu. Ətrafımda Gülyaz Əliyevanı (deyəsən, birinci onu görmüşdüm), Bahar xanımı, İradə Qayıbovanı, Fizzə Heydərovanı, Pərvanələri görəndə buna tam əmin oldum.
–Təzə yaranan FADMM-lə 5 yaşlı FADMM arasında nə fərq var?
— Yeni yaranan FADMM mənim üçün daxilimdə qaynayan ana dili sevgisini, vətəndaş duyğularını, vətən, müstəqillik təəssübkeşliyini ictimailəşdirmək üçün sakit axan çay kənarında bir çəmənlik idi, bu sakitliyi qoruyan da toplaşanların anlayışı idi. 5 yaşlı FADMM isə bu zəmin üstündə boy atmış qaynar yuvadır. Əlaqələr çoxalıb, mücadilə böyüyüb, meydan genişlənib, üzvlər xeyli dəyişib, amma əsas odur ki, müəyyən səbəblərdən qrupdan gedən üzvlər və anlayış həmişə bizimlədir, yanımızdadır.
– Bu 5 il ərzində Sizi ən çox nə təəccübləndirdi, nə çox təsir etdi?
–Gülyaz xanım, güman etməyin ki məni təəccübləndirmək elə də asan olsun. Qayıbovanın aramızdan getməsinə hələ də təəssüflənirəm.
Araşdırdıqca, əlaqədar olan yuxarı orqan və təşkilatlarda işləyən, vətən haqqında pafoslu çıxışları olan məsul adamların dilimizə etinasızlığını gördüm. Belə şeylər, həyatımızda birinci olmasa da, məndə bəzən ruh düşgünlüyü yaradır. Yəni tək mən yox, xalq gözləntisini ala bilmir.
–FADMM-lə bağlı ən yaddaqalan xatirə hansıdır?
–İndi mən ömrümün xatirəyə dönən çağlarını yaşayıram. Dönmək, geri baxmaq, sevinci, kədəri yenidən yaşamaq, ömürdə yenidən yaşamağa nə isə tapmaq… Gözəl duyğulardır. FADMM–la əlaqəli isə… Yüksək intellektli dostlar, yazılarıma yazılan səmimi, mükəmməl şərhlər, bir də yazı göndərəndə Vasif Sadıqlının “birnəfəsə oxudum” ifadəsı xatirələrin ən qürurvericisidir. Hərçənd yazdıqlarım haqda həmişə yüksək fikirlər söylənib.
— Bilirik ki, FADMM ana dilinin müxtəlif problemləri, xüsusən Bakı şəhərində reklamların və müəssisə adlarının əcnəbi diĺdə yazılması ilə müxtəlif səlahiyyətli orqanlara, həmçinin Milli Məclisin deputatlarına müraciətlər edib, onlarla telefon əlaqəsi saxlayıb. Hansı deputatın və ya onun köməkçisinin müraciətinizə münasibəti Sizi təəccübləndurib: yaxşı və ya pis mənada?
–Fəaliyyətin bu istiqamətində insanlarla virtual deyil, birbaşa təmasda olursan. Deputatlardan Əli Məsimovun, mərhum Qənirə Paşayevanın, Rafael Hüseynin, Vahid Əhmədovun ana dili məsələlərinə cevik və obyektiv yanaşmalarindan fərəh hissi keçirmişəm. Yadınızdadırsa, o vaxt “Anında münasibət” başlığı ilə sosial şəbəkələrdə çıxışlarım da olurdu. Amma bilavasitə Dövlət Dil Komissiyasına rəhbərlik edən, özü demiş, mövcud dil qanunlarını yazan hörmətli N. Cəfərovun münasibətindən necə kədərləndimsə, hələ də o təəssüf hissi mənimlə yaşayır. Bakının küçə və prospektlərində reklam və elanların Azərbaycan dilində yazılmamasının mövcud dil qanunlarımıza zidd olmasından, radio-televiziyalarda, saytlarda və digər informasiya vasitələrində alınma sözlərdən geninə-boluna istifadənin ədəbi dilimizi korlamasından danışarkən soyuqqanlılıqla deyilmiş “dünyanın hər yerində belədir, belə də olacaq” deməsini böyük acı ilə yadıma salıram.
– FADMM -in Nizamnaməsinə görə nələr qadağandır?
—Digər Nizamnamə rəsmiyyətini hamımız bilirik. Amma yazılmamış qanunlar da var: xəstələnmək, bir də ruhdan düşmək qadağandır (gülür)
— Nəyi linqivistik kollaborasionizm hesab edirsiniz?
–Birinci növbədə ortaq türk dili və əlifbası yaratmağın mahiyyətini dərk etmədən ”onsuz da keçirik türkcəyə” əqidəsi ilə dilimizin qayda-qanunlarına xəyəanəti, həmin əqidə ilə dilimizdə olan səslərin yazıdakı işarələrini dəyişdirmək həvəsində olmağı, rus dilini gənclərə ana dili kimi hopdurmağa çalışmağı linqivistik kollaborasionizm hesab edirəm. Yadınızdadırsa, mənim belə bir yazım da var idi: “Linqivistik kollaborasionizm.”
–Əlbəttə, yadımdadır, elə mən də bu yazınızı “birnəfəsə” oxuyanlardanam.
– Məlumdur ki, FADMM üzvləri tez-tez Bakı şəhərinin küçələrində başmaq seyrinə çıxaraq fotolar çəkir. O fotolar əsasında üzvlər o müəssisə və obyekt adlarının linqivistik təhlilini aparıblar. Hansı küçənin linqivistik təhlilini aparıbsınız və Sizi ən çox nə təəccübləndirdi?
—Mən Füzuli küçəsinin linqivistik təhlilini apardım. Əslində bu küçədə 142 obyektdən böyük bir qismində Azərbaycan dilindən istifadə edilməməsi təəccüblü idi. Ona görə ki, orta əsrlərin dil xüsusiyyətlərini əsərlərində qoruyub saxlayan böyük şairin adını daşıyır bu küçə! Həmin şairin bu gün də anlaşıqlı olan dili ilə qanunlarımız yazılır. Bunlardan biri də reklam və elanların, obyekt adlarının əvvəlcə ana dilində, ehtiyac olarsa, ondan böyük olmamaq şərtilə qeyri dildə yazılmasını özündə ehtiva edən “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanunu”dur. Bakının küçə və prospektlərindəki obyekt adları yazılarkən bu gün də bu qanunun 7–ci maddəsi pozulur.
—Sosial şəbəkələrdə dildən istifadənin vəziyyəti haqda nə deyə bilərsiniz?
–Deyərdim ki, dilimizin qanunla müəyyənləşdirilmiş qaydalarını, sintaktik-qrammatik sistemlərini, leksik-frazeoloji çalarını məhvə, səhv istiqamətə dartan, eybəcərləşdirən daha çox sosial şəbəkələrdir. Hazırda daha çox sosial şəbəkələr hesabına informasiya bolluğudur, amma vərəqləyək, görək bu informasiyalar cəmiyyətə necə çatdırılır? Hansı dildə? O qədər iyrənc sözlər tapırsan ki, oxumaq belə istəmirsən. “İlginc”, “ilk öncə”, “ertələdi”, “Filankəs xəstəxanalıq oldu”, “ölü öldü”, cümlələr baş-ayaq, söz sıralanması, leksik vahidlərdən istifadə bərbad… Hansını deyəsən!?
– Məqalələrinizin birin adı belədur. “Televizoru açmağa peşman olursan”. Niyə? Səbəb nədir?
—Televiziya birbaşa ailə daxilinə nüfuz edir. Evdə yaş həddi, savad dərəcəsi müxtəlif olan insanlar yaşayır. Televizorda vulqar danışığı eşidən uşaq televizora olan inamına görə ya belə ifadələri adi hesab etməyə başlayır, ya da ən yaxşı halda təəcüblənir. Lakin get-gedə bu vülqarızmlər hamının qulağında adiləşir, ədəbi dilin mahiyyəti zədələnir. Digər tərəfdən verilişlərdə tərbiyəvi əhəmiyyətli heç nə yoxdur. Televizor cəmiyyətin tərbiyəsini istiqamətləndirməlidir. Bu istiqamətdə gənclər bu məkanda heç nə tapa bilməzlər, yəni həyatın mahiyyəti qadın paltarı geyinib arvadlaşanlara gülməkdən ibarətdirmi? Axı biz Əliağanın “get sənə də bir quş” və ya Bəşir Səfəroğlunun “ölünün də qıdığı gələr?” sözlərinin deyiliş tərzinə gülərdik, sözlər aforizmə dönərdi.
Axı biz televizorda heç bir müğənninin alt paltarın nümayiş etdirdiyinin, əxlaqsızlığı həyatının adi gedişatı kimi danışdığının şahidi olmamışıq. Bəyəm bu informasiya inkişafıdır?
Ailə süfrə başında birləşir. Bizim televiziya verilişləri ailəni süfrədən dağıdır. Ata, ana, oğul, qız yanlarına silikon doldurmuş müğənninin çılpaq bədənini yırğalamasına birlikdə necə baxsınlar!? Hələ bayağı mahnılar…
Sizin bu sualınız cox həssas nöqtəyə toxundu, həm də boyük bir qəzetin səhifələrini dolduracaq məqalənin mövzusudur.
– FADMM-in sabahını necə görürsünüz, özünüzə nə arzulayırsınız?
–FADMM nəzərimdə bir ağacdır, yazda yarpaqlayar, payızda yarpağını tökər. Yarpaq tökümü məhvə aparmaz, yenidən dirçəlməyə zəmin yaradar. Arzu edirəm ki, tökülən yarpaqlar sağlam yarpaqların yaranmasına zəmin yaratsın, sıralarımızda heç vaxt xəstə təfəkkürlə toqquşmayaq.
FADMM–in nizamnamə öhdəliyi zamanın tələbindən doğub. Yəni əsrlərin xronologiyasına diqqət etsək, bütün dövrlərdə ana dilinin saflığı, yad və yersiz təsirlərdən qorunması uğrunda mütəfəkkirlərimiz mücadilə ediblər. Məhz bu mücadilələrin nəticəsidir ki, bu günkü dilimiz əxz etdiyi qayda və qanunlar çərçivəsində yaşayır. FADMM-in də çiyinlərində bu dili qoruyub gələcəyə aparmaq kimi şərəf gətirən bir yük var. Bu yolda uğurlar arzulayıram.
Müsahibəni apardı FADMM-in sədr müavini Gülyaz Əliyeva