- Dil, Manşet, Müsahibə

Kim BİLİR: “Qəmnist Xoxanverdinin xatirəsinə…”

Yazının əvvəlini buradan oxuya bilərsiniz: https://kamilinfo.net/?p=4898

Kamilinfo-nun yeni qonağı tanınmamış jurnalist, qəzetist, saytist, loqosu və linqvanı fil eləyən, orfoqrafiyanın təəssübkeşi, Orfoqrafiya Komissarlığının təəccübkeşi, varvarzim və makaronizmlərlə mübarizənin təəhhüdkeşi Kim BİLİRdir. Qonağımızla yenə ədəbi dil məsələləri ətrafında var-gəl etdik.

– Salam, Kim bəy.

– Əleyküm salam.

– Harda qalmışdıq?

– Ağ Cin kişiyə dedi: “Di get Bakıya, əgər şəhərdə ADR liderlərindən kiminsə şəklini tapsan, çək gətir. Tapdın, tapdın, tapmadın, səni öldürəcəm…

Kişi çox qorxdu, sarısını uddu, bildi ki, Ağ Cin onu yeməkdə israrlıdır, elə ona görə düzəlməz iş dalınca göndərir… Üzünü Cinə tutub dedi: “Səni and verirəm….”

– Nə Ağ Cin, nə ADR? Dildən danışırdıq… Dedin ki, qozbelin arzusu nəzəriyyəsi, risk menecment nəzəriyyəsi və s qalsın sonraya…

– Aha, xatırladım. Demək, əvvəlcə naturalist nəzəriyyə haqda. Bir tanış dilçi deyir ki, bir dəfə institutun dəhlizində Orfoqrafiya Komissarlığının vacib vücudlarından olan İlanqırxan Səfdər müəllimlə rastlaşdım. Xoş-beşdən sonra soruşdum ki, əxəvizadə, nə illət, həftə səkkiz, mən doqquz bu sözləri doğrayırsınız? Yazıq deyillərmi? Bu sözləri deyəndə Səfdər müəllim əvvəlcə dayandı, sonra qollarını geniş açıb məni bağrına basdı və belə dedi: “Bəli, düz başa düşübsən, dil də canlı orqanizmdir. Amma yazıq deyil. Avqust Şleyxer nə deyir? Deyir, dillər də qocalır. Ona görə də yazda üzüm tənəyini budayan kimi dili də budamaq lazımdır ki, daha vüsətlə inkişaf etsin”. Sonra dəhlizdən keçən qızların birini çağırıb dedi ki, mənə bir tikə qənd gətir. Hamı bilirdi ki, Səfdər müəllim qənd istəyirsə, demək, and içəcək. Elə də oldu – qəndi dəhlizə tolazlayıb dedi: “Yalan deyirəmsə, bu qənd kimi gözüm ağarsın, Xoxanverdi əmin yuxuma girmişdi.

– Xoxanverdi kimdi?

– Bilmirəm, onlar hamısı yerlidir axı, bir-birinin qohumlarını tanıyırlar hətta…
Hə, tanış dilçi deyir, İlanqırxan Səfdər sözünə belə davam edib: “Xoxanverdi əmin yuxuda mənə qayıtdı ki, Ay Səfdər, oğul, niyə damaxoşsan? Dedim, əmi, niyə damaxoş olmayım, nə illah edirəm, dilimiz inkişaf eləmir. O da mənə qayıtdı ki, buda, oğul, buda. Heç nə başa düşmürdüm, necə yəni buda? Sonradan anladım. Xoxanverdi əmin rayonda barmaqla göstərilən briqadir idi axı. Demək istəyir, yazda üzüm tənəyini budayan kimi dili də budamaq lazımdır ki, daha vüsətlə inkişaf etsin. İndi mən ölü, sən qalı, bax gör dilimiz necə inkişaf edəcək”. Tanış dilçi deyir, sonra İlanqırxan Səfdər müəllim üzünü qənd gətirən qıza tutub: “Get, Seva, sənə qurban olum” deyib onu nəvazişlə yola saldı və qız aralanandan sonra bir az yavaş səslə bunları dedi: “Ayıb olmasın, bu yuxu əhvalatı hamamda olub. Yenə vannaya girib gözümün çimirini alırdım. Xoxanverdi dayın yuxuda bu sözləri deyəndə “Evrika” deyib yerimdən sıçradım və lüt-madərzad otağıma cumdum,  Tv-də gedən tok-şounun aparıcısı məni görən kimi reklam fasiləsi elan etdi…”.    

– Səfdər müəllim ədəbi dildə Xoxanverdi kişinin xatirəsini əbədiləşdirmək istəmir?

– İstəyir. Eşitdiyimə görə, yaxın günlərdə kommunist sözünü qəmnist şəklində yazmaq tələb olunacaq. Rəhmətlik geroy briqadir qürurlananda “mənə də qəmnist Xoxanverdi deyərlər…” deyirmiş…

– Deyəsən, bir qozbelin arzusu nəzəriyyəsi də vardı…

– Sədi Şirazidə belə bir rəvayət var: Bir gün bir qozbeldən soruşurlar ki, hansını arzu edirsən: Allah sənin belinin qozunu ləğv eləsin, yoxsa hamını qozbel eləsin?
Qozbel deyir, həmişə dua etmişəm ki, hamını qozbel eləsin. İndiyədək onlar mənə gülüb, indi də mən onlara gülüm“.

– Bunun dillə nə əlaqəsi?

– Bəzi ekspertlərə görə, orfoqrafiya barədə qərar verənlərin çoxu orta məktəbdə korafəhim şagird kimi tanınıb və orfoqrafik səhvlərinə görə rişxənd obyekti olublar. İndi əllərinə məqam düşəndən sonra orfoqrafiya qaydalarını tez-tez dəyişirlər ki, hamı səhv etsin, hamı orfocahil olsun, indi də onlar bizə gülsün.  Sonra… Canım sənə desinmi?

– Desin…

– Bir də qənaət kimyadır nəzəriyyəsi var. Fikir verirsən, get-gedə rus məktəbləri artır, rusca danışanlar çoxalır. Küçələrdə əcnəbicə reklamların əlindən tərpənmək olmur.  Bu  da düşünülmüş siyasətdir. Ərəblər deyir, qənaət kimyadır, yəni iksirdir, bir şeyə qənaət etməsən, o, gec-tez tükənər, Ona görə əcnəbicə danışmaq, oxumaq, yazmaq lazımdır. Hələ məndə olan məlumata görə, 2018-ci ildə bir sıra ərəbmənşəli sözlərdə qoşa y-lardan birinin ixtisarını nəzərdə tutan maddə də bununla bağlı olub. Orfoqrafiya Komissarlığı qərara alımış ki, ixtisar olunan y-lar Neft Fondu və ya Mərkəzi Bankda gələcək nəsillər üçün saxlansın. Tarixən ona çox ehtiyacımız olub və məcburi ixtisarlara getmişik. Yıldızı ulduz, yılı il, yılanı ilan etməyimiz xroniki y çatışmazlığından olub. İndi iş o həddə çatıb ki, ərəb mənşəli maliyyə, ədəbiyyat kimi sözlər qoşa y ilə fors edib milli sözlərə acıq verir… Bakıda ədəbi dil nəzarət altında olsa da, ucqar yerlərdə y ixtisarı davam edir: yumru – umru, yulğun – ulğun, yumurta – murtda və s.

—  Çox sağ ol, getdim.

— Sən də. Yolun kənarı ilə get…

(ardı var)

Müsahibəni yazdı: Səndən QOKKU