- Dil

Noam Xomskinin əsas ideyaları

Dil – yaradıcılıq üçün bir məkan, doğuşdan etibarən beynimizə yerləşdirilmiş riyazi dəqiqliyə malik bir sistemdir, yoxsa bunların hər ikisidir? Bunun üçün dilçiliyin generativ istiqamətinin banisi, filosof, nəzəriyyəçi kimi tanına Noam Xomskinin müasir dil anlayışına necə təsir göstərdiyini, niyə dilin süni intellekt tərtibatçılarının dediklərindən daha mürəkkəb olduğunu və universal qrammatika nəzəriyyəsinin çatışmazlıqlarının nələr olduğunu araşdıraq.

Massaçusets Texnologiya İnstitutunda professor işləyən Noam Xomski tələbəlik illərində riyaziyyat, dilçilik və fəlsəfə sahələrini öyrənib. Həmyerliləri Noam Xomskini “Amerikalı Sokrat” adlandırırdı.

Xomskinin ilk və eyni zamanda, çox tanınan əsərlərindən biri 1957-ci ildə nəşr olunan “Sintaktik strukturlar” adlı kitabdır. Bu əsərində o, generativ (yəni yaradıcı) dilçilik ideyasını irəli sürüb.

Xomskinin metodunun xüsusiyyəti ondadır ki, o, təbii dil qrammatikasını elə bir mexanizm kimi təqdim edib ki, bu mexanizm ilkin olaraq məhdud dil resurslarına malik olsa da, sonsuz sayda qrammatik cəhətdən düzgün cümlələr yaratmağa qadirdir.

Lakin onun məqsədi yalnız riyazi dəqiqliyə malik bir qrammatik sistemi müəyyənləşdirmək deyildi, o həmçinin insanların dildən yaradıcı şəkildə necə istifadə etdiklərini və uşaqların dili necə mənimsədiklərini izah etmək istəyirdi.

Universal qrammatika ideyası dil və təfəkkür arasındakı əlaqə mövzusuna həsr olunmuş bir sıra tədqiqatlara əsaslanaraq formalaşıb. Xüsusilə, bu ideya Vıqotskinin “Təfəkkür və nitq” adlı əsəri və Dekartın təfəkkürün anadangəlmə xarakteri ilə bağlı baxışları üzərində qurulub.

Noam Xomskinin baxışları zaman-zaman dəyişib, lakin onun əsas mövqeyi daim sabit qalıb – dil qabiliyyəti insana anadangəlmə verilir. Lakin sual yaranır, anadangəlmə olan nədir?

Alim hesab edir ki, universal qrammatika ümumi sintaktik qaydalar toplusu kimi insan beyninə anadangəlmə şəkildə yerləşdirilib.

Beləliklə, biz cümlələri qurarkən və dil konstruksiyaları ilə işləyərkən tətbiq etdiyimiz məntiq, təbiət tərəfindən, beynimizin bioloji xüsusiyyətləri ilə diktə olunur və bu, universal qrammatikanın mövcud olması üçün zəruri şərtlərdən biridir.

Universal qrammatikanın tədqiqi  insanın intellektual qabiliyyətlərinin təhlilidir.

O, müəyyən bir sistemin potensial insan dili hesab olunması üçün hansı zəruri və yetərli şərtlərə cavab verməli olduğunu formalaşdırmağa çalışır. Bu şərtlər, sadəcə, mövcud insan dillərinə təsadüfən uyğun gələn deyil, insanın “dil qabiliyyətində” kök salan və nəticədə anadangəlmə təşkilatlanma yaradan şərtlərdir. Bu təşkilatlanma isə nəyin dil təcrübəsi sayılmalı olduğunu və bu təcrübə əsasında hansı dil biliyinin formalaşdığını müəyyən edir.

Həqiqətən də, bu ideyanı dəstəkləyən parlaq bir nümunə uşaqların dili necə öyrəndiklərini müşahidə etməkdir.

Təxminən iki yaşında olan uşaqlar artıq nitqi anlayırlar, amma bu anlayış üçün heç bir nəzəri əsasları olmadan bunu edirlər. Bundan əlavə, normal zehni inkişaf səviyyəsinə malik hər bir insan dildən istifadə edə bilir.

Eyni zamanda, bir çox böyüklərdə bioloji və ya fiziki qanunların işləmə mexanizmlərini öyrənməkdə çətinliklər yaranır, halbuki alimlərin dediyinə görə, bu sistemlər dilçilik sistemindən çox sadə qurulub.

Beləliklə, Xomski əmindir ki, dilin quruluşunun və onun sərbəst istifadəsinin öyrənilməsi insan zehninin quruluşunu anlamağa kömək edəcək. Onun nəzəriyyəsi dil və təfəkkür arasındakı münasibətlər probleminin araşdırılmasında yeni bir yanaşma olub.

Xomskinin dil nəzəriyyəsində ən orijinal və həqiqətən, inqilabi cəhət ondan ibarətdir ki, o, dilin formalaşmasının səslərdən sözlərə, oradan isə cümlələrə doğru deyil, əksinə, abstrakt sintaktik strukturlardan fonetikaya doğru baş verdiyinə inanırdı.

Beləliklə, generativizm, sadəcə, dilin öyrənilməsi və təsviri ilə deyil, ümumiyyətlə, dilin formalaşma prosesinin modelləşdirilməsi ilə məşğul olmağa başladı – həm də ən abstrakt səviyyədə, hər hansı konkret bir dilə bağlı olmadan, ondan təcrid olunmuş şəkildə.

Fizzə HEYDƏROVA,
Yazı internet materialları əsasında hazırlanıb