Bu günlərdə İran İslam Respublikasının yeni seçilmiş prezidenti Məsud Pezeşkianın Bakıya səfəri və burada azərbaycanlıların böyük ustad şairi Məmmədhüseyn Şəhriyarın şeirini ana dilində söyləməsi həm ölkəmizdə, həm də Güney Azərbaycanda böyük rezonans doğurdu. Buna çox sevinənlər də oldu, şübhə ilə yanaşanlar da tapıldı, bu məsələni İranın illərlə davam edən fars mərkəzli dövlət siyasəti çərçivəsində dəyərləndirənlər də az olmadı.
Və bu hadisə sıradan bir diplomatik jest deyildi – bu, 200 ildən bəri parçalanmış, dili, kimliyi əlindən alınmış, adı belə dəyişdirilmiş bir millətin ən dərin hissələrinə toxunan bir hərəkət idi. Və bu bir prezidentin dilindən söylənilirdi.
Məsud Pezeşkianın həkimlik fəaliyyəti, Təbrizdəki populyarlığı və türk kimliyini açıq bəyan etməsi onu digər İran siyasətçilərindən fərqləndirir. Prezident seçkiləri kampaniyası zamanı “mən türkəm” deməsi həm Güney Azərbaycanda, həm də Azərbaycan Respublikasında diqqətlə qarşılandı. Lakin bu bəyanatların arxasında sistemli dəyişiklik istəyi yoxsa ideoloji taktika varmı – bu, hələ də açıq sualdır.
Pezeşkianın Şəhriyarın vaxtaşırı “Heydərbabaya salam” şeirini səsləndirməsi təkcə emosional jest deyil. Bu, İran kimi çoxmillətli, lakin monoideoloji sistemin ən həssas nöqtəsinə – mədəniyyətə yönəlmiş strateji bir addım ola bilər. Azərbaycan xalqı isə bu şeiri öz ruhu kimi qəbul edir.
Bəli, Güney Azərbaycanda bu hadisə siyasi deyil, psixoloji qırılma nöqtəsidir. Onillərlə “türkəm” deməyin cəzalandırıldığı bir ölkədə indi bir prezidentin türkcə danışması, şeir deməsi bir çox stereotipi dağıdır. Bu, kimlik məsələsində yeni bir mərhələnin başlanğıcı ola bilər. Ola bilər ki, bu mərhələnin nəticələri 10 illərlə sonra ortaya çıxsın, amma başlanğıc bu gündür.
Azərbaycanın milli yaddaşı güclüdür. Biz nə İranın 30 il ərzində Ermənistanı gizli-açıq dəstəklədiyini, nə də 1925-ci ildən sonra türklərin İran mərkəzi hakimiyyətində necə kənarlaşdırıldığını unutmamışıq. Amma biz həm də realizmə sadiq xalqıq. Əgər zaman dəyişirsə, biz zamanın verdiyi siqnalları da eşitməyi bacarmalıyıq.
Pezeşkianın Azərbaycan dilində şeir deməsi – onun hansı millətə mənsub olmasından asılı olmayaraq – böyük psixoloji və ideoloji baryerləri sındırır. İran tarixində ilk dəfə olaraq bir dövlət başçısı ana dilində, bu qədər sərbəst şəkildə, bu qədər səmimi görünən şəkildə danışır və şeir deyir. Bu, Güney Azərbaycandakı yüz minlərlə soydaşımıza bir mesajdır: “Ana dilində danışmaq mümkündür və türk olmaq artıq geriyə yox, irəliyə addımlamaqdır
Əlbəttə, çoxları bu görüntünün arxasında dövlət siyasətinin uzaqgörən planlarını görür. Çünki, İran kimi çoxmillətli bir imperiyanın hər addımı hesablanmış olur. Amma bu mesajı təkcə Tehran verir deyə, biz onu yox saymalı deyilik. Əksinə, bu mesajdan millətimizin xeyrinə necə faydalanacağımızı düşünməliyik.
Necə ki, Paşinyanın verdiyi ziddiyyətli bəyanatlar və davranışlar bizim üçün 44 günlük müharibənin öncədən psixoloji zəminini hazırladı, bu gün də Pezeşkianın dilindən gələn hər mesaj Güney Azərbaycan hərəkatı üçün yeni bir ruh, yeni bir arqument, yeni bir təşviq ola bilər.
Bu hadisəni sadəlövh romantizm və ya kor siyasətçilik çərçivəsində deyil, tarixi fürsət və realist perspektiv müstəvisində dəyərləndirməliyik. Bəlkə bu mesajların bəziləri məqsədyönlüdür, bəlkə bəziləri vaxt udmaq üçündür. Amma bizim xalqımız “bir beytə, şeirə aldanan” xalq deyil. Biz artıq bilirik ki, hər xoş sözə, verilən vədlərə aldanmaq olmaz.
Əgər bu şeir Güney Azərbaycan türklərinin kimliyini gücləndirirsə, əgər bu çıxışlar yeni nəsillərə ümid verirsə, biz bu fürsətləri dəyərləndirməyi bacarmalıyıq.
Pezeşkianın dilindən gələn şeir emosiyadır, amma diplomatiya və geopolitika üçün əsas olan maraqların qorunmasıdır. Azərbaycan bu gün İranla münasibətlərini normallaşdırırsa, bu həm Cənubi Qafqazın sabitliyi, həm də Güney Azərbaycanın gələcəyi üçün vacibdir. Emosiya ilə siyasət bir yerdə yox, bir-birinə paralel yürüməlidir.