- Müsahibə

Ömrün pillələri…

Müsahibim 8 mayı özünə təvəllüd günü seçmiş)), həyatının erkən gənclik (axı o hələ gəncdir) illəri vətənimizin, xalqımızın, ən ümdəsi Qarabağımızın çox ağır, gərgin, çətin illərinə düşmüş, müharibə həyatının bir parçasına nüfuz etmiş, yaralı köçkün ömrü yaşamış, bu acılardan əzmlə sıyrılıb çıxa bilmiş, bu gün sosial həyatımızın aydın düşüncəli, hərtərəfli biliyə malik fəal ictimaiyyətçisi, pedaqoji sahənin tanınmışı, FADMM-ın yaradıcılarından və yaşadıcılarından biri olan Gülyaz xanım Əliyevadır.

–Ömrün pillələri… Gülyaz xanım, sizdən soruşsalar ki, həyatınızda bu pillələr haradan başlanır, hara gedir? Cavabınız necə olar?

—Ömrün pillələri doğulduğum evdən, ailədən, aldığım tərbiyədən, ilk qədəm basdığım təhsil ocağından başlayır, məncə. Çünki ömrün sonrakı pillələri üçün bunların çox böyük əhəmiyyəti var. Əgər onlar yaxşı olarsa, sən bu pillələri qalxmaqda özündə güc-qüvvət tapa bilərsən, yaxşı olmazsa, yerində sayar, pillələri qalxa bilməzsən…Çox xoşbəxtəm ki, mənim ilk pillələrim  möhkəm və  sağlam təməl üzərində qurulub. Gözümü dünyaya açandan (burda C.Məmmədquluzadənən: “Gözümü dünyaya açandan dünyanı qaranlıq görmüşəm”, — cümləsini xatırladım), dünyanı işıqlı görmüşəm, evdə hər yerdə,   M.Ə.Sabir demiş:  “taxçada, boxçada” kitab görmüşəm, kitablarla böyümüşəm. İlk oyuncaqlarım kitab-dəftər, qələm olub və onun sayəsində ömrün sonrakı pillələrini bir-bir qalxmaqda çətinlik çəkməmişəm. Həyata baxışım, dünyagörüşüm kitablar sayəsində formalaşıb. Doğrudur, bəzən kitabla həyat uyğun gəlmir, bu üzdən çətinliklərlə üzləşirsən. Amma şair də yaxşı deyib, cəfa çəkməsən, səfasını görməzsən. “Qazanılmış manat” nağılındakı kimi, zəhmətsiz, əziyyətsiz əldə edilən hər şey bir növ dəyərsiz olur, gərək həyatda hər şeyi zəhmətlə, əziyyətlə qazanasan ki, dəyərini, qədrini də biləsən. Ömrün pillələrinin sonu kamillikdir, ucalıqdır, mənən yetkinlikdir.

— Həmişə tələsirsiniz. Niyə? Hara? Axı bilrsiniz ki, yaşanan ömürdən gedir.

– Elə ona görə də tələsmək lazımdır, axı hər gün ömürdən gedir, bu dünyanın pəncərəsindən, sadəcə, baxıb-keçməmək, bir iz qoymaq üçün tələsmək lazımdır.

Əgər S.Vurğun: “Heç yerə, heç yana mən tələsmirəm”,- deyirdisə, C.Novruz: “Tələsin, insanlar, əldən tutmağa…”,- deyirdi…Özündən sonra yaxşı bir iz qoymaq üçün tələsmək lazımdır.

— İnsan bir qanadlı quşdur. Sanki yaşadığı ömrü uçur. Siz nə zaman qanadınızı qüvvətli, nə zaman gücsüz hiss etmisiniz. Belə vaxt olubmu?

–Gücsüz?…Bundan danışmayım… Həyatda özümü hər zaman güclü sanmışam. Ola bilər, hardasa, nə vaxtsa, özümü ürəyimin dərinliklərində gücsüz hiss etmişəm, amma onu heç vaxt biruzə verməmişəm, o hissi özümdən belə gizləmişəm. Həyatın çətinlikləri qarşısında aciz qalmamışam…Həyat özü məni mübariz yetişdirib. Mən orta məktəbi bitirdiyim il atamın qəflətən vəfatı məni həm sarsıtdı, həm də mübarizə meydanına atdı.

-Bəlkə, bir-iki epizod danışasan?

– Orta məktəbi bitirib sənədlərimi Xankəndi, o vaxtkı Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert Dövlət Pedaqoji İnstitutinun dil-ədəbiyyat fakültəsinə verdim. İxtisasca dil-ədəbiyyat müəllimi olan atam məni tez-tez sual cavab edir, cavablarımdan razı qalaraq mənim instituta “5”lə qəbul olub, oranı fərqlənmə ilə bitirəcəyimi fərəh və əminliklə deyirdi. Bu, məni ürəkləndirir və özümə inamımı artırırdı. Bacılarımın imtahanlardan “5” aldığını eşidəndə atamın necə fərəhləndiyini gördükcə mən də atamı mütləq “5”lərimlə sevindirəcəyimə ürəyimdə söz verirdim. Amma atam mən heç hələ imtahana getməmiş, həmin ilin 9 iyulunda  qəfildən ürək tutmasından vəfat etdi. Əvvəl imtahanlara getmək istəmədim. Sonra atamın mənim instituta girəcəyimi necə arzuladığını yadıma salaraq  imtahanlara getdim. 4 imtahanı verdimsə də, müsabiqədən keçmədim. O zaman hamıya məlumdur ki, instituta girməyin başqa yolları vardı. Mənim adım o “siyahıda” yox idi.

Bakıya getmək imkanım yox idi. Xankəndi bizə yaxın olduğu üçün növbəti il yenə sənədlərimi həmin instituta verdim. Atamın arzusunu bu il mütləq yerinə yetirmək əzmi ilə hazırlaşaraq  imtahana girdim. Elə 1-cidən – yazıdanca kəsdilər.

13 orfoqrafik səhvlə “2”! Heç cür inanmadım. Özümə əmin idim. Atamın ruhu qarşısında özümü günahkar bildim. “2”!  Bu söz mənə çox toxundu. Gözlərim doldu.  Kitabları yığışdıranda biri yerə düşdü. İçində bir vərəq vardı. Bu, nə vaxtsa bacımın yazısına görə atamın Apellyasiya Komissiyasına yazdığı ərizə idi. Gözlərimə inanmadım. Tez üzünü özümə uyğun köçürüb İnstituta getdim.

Rektorun qəbuluna girdim. Yazımı tələb etdim. Çətinliklə də olsa, sübut etdim ki, o səhvlər fərqli qələmlə “düzəldilmiş” saxtakarlıqdır. Rusiya insitutlarından vəzifəyə təzə gəlmiş rektor erməni də olsa, məni çox diqqətlə dinlədi, “səhvlərimi” təkrar yoxladı. qaralama ilə müqayisə etdi. Hənin “səhvlər” qaralamada yox idi.

Təcili  iclas keçirdi və mənim yazım komissiya tərəfindən yenidən qiymətləndirildi. Kaş siz o zaman 18 yaşlı balaca, arıq bir qızın qarşısında əzilmiş, kiçilmiş, qorxmuş ermənilərin sifətini görə idiniz… Mən danışdıqca onlar mənə heyrətlə baxırdılar. Hələ o zaman gərək onlar dərk edə idilər ki, orta məktəb partasından yenicə aralanmış, arxasında atası dayanmayan bu azərbaycanlıda bu qədər cəsarət, onları susduracaq, təşvişə salacaq hünər varsa, bu xalqın qarşısında heç vaxt dayana bilməzlər! Mən o zaman bunu bütün əzəməti ilə dərk etmirdim. Bu günün prizmasından baxanda o balaca qızın qanadlarının gücünə heyrət edirəm. Növbəti imtahanlara  buraxıldım. Qalan 3 imtahanı da komissiyanın iştirakı ilə müvəffəqiyyətlə verib, instituta qəbul olundum və oxuduğum müddətdə atamı daim yanımda hiss etdim, çətin günümdə də, şad günümdə də onunla məsləhətləşdim və ondan daim güc aldım. Bu gücün nəticəsində də iki institutda oxumağıma baxmayaraq, atamın əminliklə dediyi kimi, 5 il müddətində bütün imtahanlardan “5” qiymət alaraq, institutu fərqlənmə diplomu ilə bitirdim…

İnstitutdan aspiranturaya getmək üçün  göndəriş aldığım halda, təyinat yerimə gedib ermənilərlə sərhəd kənddə qalıb güllə altında dərs keçdiyim zamanlarda da qanadlarımı güclü hiss edirdim.  Ermənilər tez-tez məktəbi hədəf alıb “Qrad” qurğularından atəş açırdılar. Hətta bir dəfə məktəbə mərmi atıldığı üçün hamı çıxıb getsə də, mən məktəbdə qalıb 7-ci saatı dərs keçmişdim. Uşaqlarının gəlmədiyini görən valideyn və məktəb rəhbərliyi bizi ölmüş bilib təlaşla məktəbə gəlmişdi. Uşaqları və məni  sağ-salamat dərsdə görüb çox sevinmişdilər. O səhnəni heç vaxt unutmuram…

Bunlar həyatımın  kiçik epizodlarıdır. Çox çətinliklərlə üzləşsəm də, hər zaman çətinliyin qarşısında güclü dayanmışam. Həyatımda nələrsə qazanmışamsa, çətinliklə və yalnız öz qanadlarımın gücünə arxalanaraq etmişəm. Özümü zəif və gücsüz sanmamışam. İnandığıma ürəkdən inanmışam və məqsədə çatmışam…

—İlk qazancınız nə vaxt və necə olub?

—Tələbə vaxtı Xankəndidə dərsdən çıxıb, Ağdama — evə gəlirdim. Həftənin sonu idi. O zaman mağazalara yaxşı mallar az-az gəlirdi, tez də qurtarırdı. Gördüm, böyük növbə var, sevdiyim rənglərdə zərif şərflər satırlar. Çox xoşuma gəldi, almaq istədim. Pulum az idi. Gözlərim şərflərdə qaldı, peşman-peşman qaldığım evə gəldim. Ev yiyəsi qapıda mənə bir kağız verdi. Baxdım ki, Xankəndi radiosundan (o zaman Ələmdar Quluzadə orada işləyirdi) Ələmdar Quluzadə ilə müsahibəmizin qonorarını göndəriblər. Tez sevincək gedib pulu poçtdan götürdüm və istədiyim çəhrayı rəngdə şərfi alıb Ağdama getdim. Həyatımın ən xoşbəxt günlərindən biri idi həmin gün. O şərfi tələbəlik illərimdə və müəllim işləyəndə də taxdım. İlk qazancım bu olub.

– Qüruru haradan aldınız, abırı kimdən öyrəndiniz, fərəhi harada yaşadınız, çətinliyə necə qalib gəldiniz? Bu keyfiyyətləri gələcəyə  ötürə biləcəksinizmi?

— Geriyə  baxanda həyatımla qürur duyuram. Atam var idi, qururlu gücüm var idi, atamın yoxluğunu hiss edəndən sonra qürurlanmaq üçün güclənməyə çalışdım. Və nail olduğuma əminəm…

Abırı nənəmdən, anamdan, eldən-obadan görüb-götürmüşəm. İndi geriyə baxanda qürurlanmaq üçün çox səbəb var, ermənilərin içində təkbaşıma öz haqqımı müdafiə edib, institutu öz gücümə fərqlənmə ilə bitirəndə, övladlarımın və yetirmələrimin həmişə xoş sözlərini eşidəndə fərəhlənirəm. Çətinliyə özümə güvənərək, əziyyət çəkib, zəhmətə qatlaşaraq qalib gəlirəm…

Bu keyfiyyətləri gələcəyə ötürməyimə ümidliyəm, övladlarımı da, şagirdlərimi də o əzmlə yetişdirməyə çalışmışam… (gülərək) Axı deyəsən nail oluram!

— FADMM  sizin üçün nədir, xalqımız üçün nədir, ana dilimiz üçün hansı əhəmiyyəti kəsb edir? Həyatınızın FADMM-dakı qaynarlığından söz aça bilərsinizmi?

– Yadımdadır ki, Siz FADMM-i  ağaca bənzətmişdiniz,  mənim üçün isə FADMM bir dəryadır, ucsuz-bucaqsız dənizdir. Baş vurduqca, dərinliklərinə getdikcə daha qiymətli inciləri olan bir dərya. Xalqımız üçün, dilimiz üçün sipər, qalxan.

FADMM sayəsində özümü yenidən tapdım, tanıdım. FADMM sayəsində yaza bilməyimi bir daha kəşf etdim, qələmim püxtələşdi, dilimizin gözəlliyini, toxunulmazlığını, onu ömrü boyu öyrənməli və göz bəbəyi kimi qorumalı olduğumuzu bir daha dərk etdim. FADMM-də  çox gözəl insanlarla tanış oldum, heç bir maddi təmənna ummadan xalq üçün  fədakarlıq və  əzmkarlıqla çalışanların varlığını gördüm, H.Zərdabi, C.Məmmədquluzadə ənənələrinin daşıyıcıları ilə yaxından tanış oldum, bir yerdə işlədim. Həyati örnək olan adamların təkcə kitablarda deyil, həyatda da olduğunun şahidi oldum…

– Uşaqlığınızda elə bir hadisə xatırlayırsınızmı ki, indi də onun qəhərin çəkirsiniz? Həm də  cücə ilə aranızda olan insident barədə bir-iki kəlmə deyərdiniz.

— (Gülür) Hə…O məsələ. Bu barədə bir hekayəm var. Olmuş əhvalat əsasında yazmışam. Uşaq vaxtı etdiyim və gizli saxladığım bir günahı — cücəmi bilmədən, çox sevdiyimdən öldürdüyümü nəql etmişəm. (Burada :”Pişik balasını istədiyindən yeyər” atalar sözünü xatırladım). O zaman cücəni öldürdüyümü anamdan gizlətmişdim. Uzun illər bu günah hissi məni rahat buraxmırdı. Nəhayət, illər sonra  bunu anama söylədim və bu haqda kiçik bir hekayə yazdım. Öldürdüyüm və unuda bilmədiyim bəzəkli cücəyə ithafən. Hadisədən indi də peşmançılıq hissi keçirirəm, elə uşaqlıqdakı kimi…

—Tələbəliyiniz heç də yaxşı vaxta düşməyib. Ölkə qazan kimi qaynayırdı. Siz isə ön cəbhədə —Xankəndidə oxuyurdunuz. O vaxtları necə xatırlayırsınız…

— Tələbəliyim yaxşı vaxta düşməyib. Amma çox yaxşı tələbə olmuşam. Oxumaq həvəsli, ictimai işlərdə fəal, TEC-in sədri. 1987-ci ildə institutdan TEC-in xətti ilə Bakı Dövlət Universitetinə elmi konfransa getmişdik. Ona qədər ermənilərin hansısa bir məkrli niyyətindən xəbərsiz idik. Ermənilər bunu institutda, ya şəhərdə elə də biruzə vermirdilər. Həyat sanki həmişəki axını ilə davam edirdi. Universitetin tələbələri bizim Xankəndidən gəldiyimizi eşidib,  ermənilərlə  bağlı çoxlu suallar verdilər. Onların torpaq iddiasında olmalarından, Fransada Raisa Qorbaçovaya qara brilyant rüşvət vermələrindən (bunlar o vaxt açıq yazılmırdı, tələbələrə müəllimləri demişdi) danışdılar. Oradan Xankəndiyə qayıtdıqdan sonra bu barədə biz də tələbələrə danışdıq. Artıq erməni tələbələrin hər gün partaların üstünə müxtəlif şüarlar yazdığını görürdük. Dəfələrlə erməni tələbələrlə aramızda mübahisələr düşmüşdü. Fəal tələbə olduğum üçün instututun Azərbaycan bölməsi rəhbərliyinin mənə böyük etimadı vardı. Hətta institut tərəfindən azərbaycanlı tələbələr arasından  Dağlıq Qarabağ Muxtar Vilayəti Komitəsinə deputat kimi namizədliyimi irəli sürmüşdülər, sözünü çəkinmədən deməyi bacaran, fəal və mübariz tələbə olduğum üçün. Lakin ermənilərin məkrli planları artıq yavaş-yavaş özünü biruzə verməyə başlayırdı. Vilayət Komitəsi mənim namizədliyimi qəbul etmədi. Səbəb kimi isə mənim ağdamlı olmağım göstərilmişdi…1988-ci ildə  artıq onlar mitinqlərə başladılar. Əsas hədəfləri isə institut idi. Mitinqçilər hər gün yürüş edərək  institutu dövrəyə alır, institutda bir nəfər də azərbaycanlının qalmaması tələbi ilə şüarlar səsləndirirdilər. Onların 1-ci hədəfi institutdan azərbaycanlıları çıxarmaq idi. Ona görə də 1-ci məhz azərbaycanlı müəllimlərin evinə basqınlar etmiş, evləri dağıtmışdılar. Orada qalmaq təhlükəli idi. Lakin institutun müəllim və  tələbə heyəti Ağdam və ətraf rayonlarda qalaraq hər gün Xankəndiyə avtobusla gedir, institutda dərslərini keçirdilır. Bu, erməniləri qıcıqlandırırdı. Avtobusumuzu daşlayır, institutun qabağına yığışırdılar. Amma biz yenə də çəkinmir, instututa gedirdik. Hətta bir dəfə instutun qabağına yığışmış ermənilər azərbaycanlıların buradan çıxıb getməsini tələb edərkən tarix fakültəsinin dekanı Süleyman Zeynalov erməni milisə onların gözünün qarşısındaca bir şillə də vurmuşdu ki, niyə sən bunlara göz yumursan?!

Amma Volski hakimiyyəti gəldikdən sonra azərbaycanlıların əlindəki ov tüfəngləri belə yığıldı və ermənilər gizlincə silahlandırıldı. Artıq azərbaycanlıların şəhərdə qalması çox təhlükəli olmuşdu. Sonda avtobusumuzun qarşısını kəsib, daş-kəsək, güllə ataraq bizi şəhərə buraxmadılar…

Bu gün mən çox qürurlu və xoşbəxtəm. Bu qüruru mənə yaşadan isə ermənilərə də, onların havadarlarına da öz həddini bildirən qalib Azərbaycan Ordusudur. Biz qalib gəldik, öz yurdumuza torpağımıza sahib çıxdıq. Çoxlu itkilər verdik, şəhidlərimiz oldu. Amma o şəhidlərin uğrunda can verdiyi torpaq azad edildi. Sabah mən, ailə üzvlərimlə birgə 1988-də çıxdığım o yurdu — tələbəliyimin şəhəri olan çox böyük həyəcan və nisgillə tərk etdiyim Xankəndini ziyarətə gedəcəyəm.

Qulaqlarımda indidən “Dədə Qorqud” kinosunun sonunda Dədə Qorqudun dağılmış, döyüşdən çıxmış yurduna baxıb Beyrəyin oğluna dediyi sözlər səslənir: “Yurdumuzun başına çox bəlalar gəldi. Bu meydanda çox igidlər qırıldı. Amma tamam qırılıb qurtarmadıq, hələ varıq, olacağıq, qalacağıq, artacağıq!”

–Gülyaz xanım, sabah ad gününüzdür. Həyatınızın ad günləri barədə nə deyə bilərsiniz?  

— Uşaqlığımda ailəmizin təntənəli ad günü keçirmək adəti yox idi. Amma o günü unutdurmurdular, nə iləsə bir sevgi yarpağı payımz olardı. Sonralar bu dəb bizim də ailəyə sirayət elədi və ad günlərində xüsusilik bir az da qabardıldı. Amma deyərəm ki, gəncliyimdə bu xatiratımdan qaçar oldum. Atamın vəfatı, Qarabağın işğalı, Şuşanın 8 mayda erməni təcavüzünə uğraması … Bu fonda ad günü heç maraqlandırmadı. Amma Şuşanın geri alınması, həm də tarix olaraq ayın 8-də! Əvəz olaraq hər ayın səkkizi ad günü keçirmək istərdim! (gülümsəyir). Qələbə hər şey imiş – qürur, iftixar, sevinc, inam, namus, qeyrət, hələ çox şey… Allah şəhidlərimizə rəhmət eləsin!

—Çöhrənizdə həmişə sizə yaraşıq verən bır gülüş var, necə düşünürsünüz; o təbəssümmü sizə yaraşıq verir, yoxsa o sizin üzünüzdə olduğuna görəmi yaraşıqlı görünür?

— (Gülür) Bu, hamıya elə görünmür, yəqin ki… O, Sizin mənə hüsni-zənlə baxmağınızdandır, bəlkə də, heç elə şey yoxdur…

Uşaq vaxtı çox vaxt xəstə olurdum. İl boyu mənə qızıləhmədi alma verirdilər. Bir dəfə dayım mənə baxıb dedi ki, bu nədir, uşağa o qədər alma vermisiniz ki, qızıləhmədi almasına oxşayır (gülür). Yəqin, almanın təsirindəndir…

-Gülyaz xanım, Sabah ad gününüzdür. Arzu edirəm, Vətənimin üfüqlərindən işıq, sizin üzünüzdən yaraşıq alan təbəssüm heç vaxt əskik olmasın! Sizi təbrik edirəm!

Müsahibəni aldı FADMM-in baş məsləhətçisi Sima CƏFƏROVA