Kanadalı yazıçı, motivasiya, liderlik və şəxsiyyətin inkişafı məsələləri üzrə mütəxəssis Robin Şarmanın “Səhər saat 5 klubu” adlı kitabı var. Dövrümüzün ən məşhur müəllimlərindən biri sayıla biləcək Robin Şarma öz əsərlərində həyatda uğur qazanmağın yollarını göstərir, fikir və məsləhətlərini az qala pritça şəklində təqdim edir, bestseller kitablarında vaxtı necə qorumaqdan, onu məna və məzmunca necə zənginləşdirməkdən söhbət açır.
Robin Şarmaya görə, səhər saat 5 günün ən unikal vaxtıdır. Əgər hər gün səhər saat 5-də dursan… nələr etmək olmaz?! Bu, qələbə vaxtıdır! Hər kəsin arzusu var: bir dil öyrənsin, yoqa ilə məşğul olsun, özünü inkişaf etdirsin, həyatını planlaşdırmağa başlasın, əsərinin yeni fəslini yazsın, tərcüməsini etsin (sonuncu özümə aiddir). Gündəlik işlər arasında bu haqda fikirləşməyə nəinki vaxt olmur, buna adamın həvəsi də olmur. Robin Şarma deyir ki, hər arzuna çata bilərsən – əgər “Səhər saat 5 klubu”na üzv olsan.
Qərbdə “klub-klub” oynamağı sevirlər, “klub” amerikanlarda bir dərnək, bir firqə, eyni maraqlar üstündə birləşən bir özək anlamındadır, burada da “səmərəli vaxt klubu” mənasındadır. Və onsuz da, dünya, cəmiyyət daha çox klub maraqları üzərində birləşir. Hər gün səhər saat 5-də durmaqla siz səhər saatlarından səmərəli istifadə edə, faydalı iş əmsalını iki dəfə çox artıra bilərsiz, sağlamlığınızı və əsəb sisteminizi qoruya, istedadınızı inkişaf etdirə bilərsiz.
Robin Şarma kitabında erkən oyanmağın strategiyasını təqdim edir, bu strategiya ilə bütün günü gümrah və işgüzar olmağın sirlərini açır. Bu klubun üzvləri planetin ən uğurlu adamları olur: sənaye liderləri, zəngin maliyyəçilər, dünya brendlərini (və trendlərini) yaradanlar, olimpiya çempionları, virtuoz musiqiçilər, görkəmli sənətkarlar… “Səhər saat 5 klubu” bir elit klubdur və sair və sair…
Bizə də həmişə deyiblər ki, uğurlu olmaq üçün səhər tezdən oyanmaq lazımdır. Məşhurlar və işgüzar adamlar məhz belə edir. Bu, insanı daha xoşbəxt və sağlam edir. Bu yolla insan öz həyatını idarə edir, ona nəzarət edir, yönəldir, inkişaf etdirir.
Robin Şarmanın elmi dəlillərə söykənən fikirləri öz yerində. Bizim atalar “səhər saat 5-də” oyanmağın qiymətini çoxdan biliblər, Robin Şarmalardan da qabaq, intəhası özləri yuxucul, yuxucanlı olublar, axı… Salur Qazan “yapıncısını yerə atıb yatmasaydı” (yatmasaymış), kafirlər onun qollarını bağlayıb apara bilməzdi… Atalarımız deyib ki, “Tez duran, tez evlənən peşman olmaz”. Və ya, ayıb olmasın, belə də deyiblər: “Duran öküz yatan öküzün başına si.ər. Qalxan öküz yatan öküzün başına si.ər”. Cənublu qardaşlarımız bunu başqa sayaq və daha kəskin deyir: “Duran öküz si.ər yatan öküzün başina: yəni, səhər çaği tez yuxudan durmağa işarə edir, ama ümumi halda, qoçaqlıq və tez tərpənməyi təşviq və tənbəllıği və ya süstlügi pislər. Bu yolla yatmanın zərər olduğunu bəlirtmişlər”, deyə.
Hələ görün, Abbas Səhhət “Tənbəl” şeirində necə deyir: “Çox yatma, dur a tənbəl, Yatsan, olar iş əngəl. …Hər kim dilər şad olsun, Getsin çalışqan olsun”. Bu yaxınlarda Xızı rayonunun adı ilə bağlı bir qeyd oxudum. “Xızı adının mənşəyi və lüğəti mənası yerli xalqın xarakterinə görə öz əksini tapmışdır. “Xızı” sözünün mənası “tez duran, tez oyanan, tez qalxan, məcazi mənası isə zirək, cəld” imiş. Bu da Xızının “Səhər saat 5 klubu”.
Bu sözləri yazıram və kənddə Şahsənəm arvadın səhər saat 5-də durub biçənəyə getməsi, kənd yuxudan durmamış oradan oraqla bir şələ ot çalıb gətirdiyini xatırlayıram. Bu vaxt heç qoruqçu Şirvan yuxudan durmazdı. Şahsənəm qarı səhər saat 5-də durmağın ustası idi və bunun xeyrini Robin Şarmadan daha yaxşı bilirdi. Hələ zirək bir qadının səhər saat 5-də bulaqdan nehrə suyu gətirməsi… Səhər saat 5-də gətirilən bulaq suyu nehrədə yumru-yumru yağlar hasil edirdi. Demək, bizim kənddə “Səhər saat 5 klubu” var imiş…
Bəs, yuxudan erkən oyanmağın üstünlüyü nədədir? Səhər erkən oyananların sözlərinə görə, üstünlüklər çoxdur. Bir çoxlarının fikrincə, səhər saatlarında diqqəti yayındıran amillər daha az olur, uşaqlar və ya ailənin digər üzvləri hələ yatırlar… Sən oyananda dünya hələ yatır… Robin Şarmanın da araşdırmaları tezdən oyanmaqla uğur arasında əlaqə olduğunu təsdiq edir. Məşhur bir deyim var; “Şəxsiyyəti ən çox ucaldan onun fəal həyat mövqeyidir”. Tezdən oyanan insanlar işlədiyi yerin iş cədvəlinə daha yaxşı uyğunlaşır və şəxsiyyət kimi daha fəal olur, onların məktəbdə daha yüksək qiymət, işdə isə daha yüksək maaş almaq ehtimalı daha çoxdur.
Başqa bir mənbə deyir: “Səhər tezdən durmaq, idman etmək və özünü işığa vermək metabolizmi və bədənin temperaturunu stimullaşdırmağa, bədəni daha tez oyatmağa kömək edir”. Hər gün səhər saat 5-də oyanan britaniyalı milyarder Riçard Branson deyir ki, “səhər tez durmaq günümü daha effektiv planlaşdırmağa imkan verir…”. Branson Britaniyanın Vircin Adalarında yaşayır. O deyir ki, “…adada yaşadığım üçün səhər tezdən oyanmalıyam, çünki digər vaxt zonalarında yerləşən ofislərimlə əlaqə saxlayıram”.
Bəs, səhər erkən oyanmaq niyə bu qədər vacibdir? Araşdırmalara görə, insan orqanizminin bioloji saatı günəşin çıxmasına və batmasına uyğun qurulub, bizim gecələr yatmağımız bununla bağlıdır. Bütün uğur qazanmış insanlar səhər yuxudan tez oyananlardır. Səhər tez oyanmaqda nə isə xüsusi və sirli bir şey var. Bu, günün elə bir hissəsidir ki, dünya hələ oyanmayıb. Günəşdən daha öncə oyanan insanlar var – zəhmətkeş, çalışqan, zirək, qarışqa misalı… Ən böyük uğur da onlarındır.
Səhər saat 5 günün “ən unikal vaxtı”dır, insan beyninin, diqqət, iradə və enerjisinin ən çox mərkəzləşə bildiyi vaxtdır. Həmin vaxtda nələr etmək olmaz?! Ən böyük zəfərləri həmin vaxt qazanmaq olar! Səhər saat 5-də! Unutmayın, biz Vətən Müharibəsində ən şanlı, ən böyük zəfərimizi səhər saat 5-də qazanmışıq – otuz il düşmən işğalında olan (Biz buna necə dözmüşük?!.) Şuşaya səhər saat 5-də girmişik!
Prezident İlham Əliyev Şuşaya son səfərlərinin birində deyib: “…Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.
Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır… Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam (!), bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir…”.
Demək, bizim də “Səhər saat 5 klubu”muz var. Bu haqda danışmasaq da. Bir baxın, tarix nə deyir: “…yüngül silah-sursat ilə təchiz edilmiş, hərəsi 100 nəfərdən ibarət olan dörd qrupa bölünmüş 400 nəfərlik Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri “Şuşanın sıldırımlarına iplərlə dırmaşaraq” səhər saatlarında şəhərə dörd tərəfdən daxil olmuşdur…”. Mən bir-iki qazi ilə söhbət etdim, həmin “səhər saatları” ifadəsi, heç şübhəsiz, “səhər saat 5” deməkdir! Çünki “Ən böyük zəfər” saat 5-də duranlarındır!
p.s. İnnən belə gərək mən də hər gün saat 5-də durum! “Qanun” nəşriyyatının tərcümələri məni gözləyir.