- Ədəbiyyat

AYGÜN ƏZİZ. Somerset Moem və insan xarakteri

“Vaxtaşırı özüm-özümə belə bir sualla müraciət edirəm: görəsən, bütün ömrümü yalnız ədəbiyyata həsr edib yaşasaydım, bu daha yaxşı olardı və ya əksinə? Hələ lap əvvəllər – dəqiq xatirimdə deyil, neçə yaşımda – mən qərara gəldim; bir halda ki, ancaq bir ömür yaşamaq şansım var, onda hər şeyin dadına baxmalıyam. Və mənə belə gəlirdi ki, yalnız yazmaq – bu azdır”. Bu sözləri ingilis realist ədəbiyyatının öz dəst-xətti ilə tanınan görkəmli nümayəndələrindən biri, xarakterik obrazlar yaratmış Somerset Moem 1925-ci ildə qələmə aldığı “Yekun vurarkən” psixoloji-fəlsəfi əsərində qeyd etmişdir.

Parisdə ingilis ailəsində dünyaya göz açmış və valideynlərini çox erkən itirmiş ədib keşiş əmisinin himayəsində qalmış, hələ kiçik yaşlarından ətraf mühitlə, ona qarşı gələn hər şeylə və hər kəslə təkbaşına mübarizə aparmağa məcbur olmuş və zamanla buna alışmışdır. Problemlər, çətinliklər onu həyatı boyu izləmişdir. Bütün bunlar S. Moemə zəngin həyat təcrübəsi qazandırmış və gələcəkdə yazacağı əsərlər üçün süjet rolunu oynamışdır. Həyat hadisələrindən, görüb-eşitdiklərindən bəhrələnərək ərsəyə gətirdiyi əsərlər ­­‒ istər roman, povest, hekayə, istərsə də esse, oçerk, yol qeydləri hər zaman oxucunu özünə cəlb edir.

Əlbəttə, burada, yəqin ki, üslub da öz sözünü deyir. Axı o, adətən, birinci şəxsin dilindən nəql edir və hadisələrdə bir növ özününküləşdirmə prinsipini oxucuda onların, həqiqətən, real həyatdan, konkret fərddən söhbət açdığına dərin inam hissi aşılayır. Sadə həqiqəti sübut etməyə heç bir ehtiyac da yoxdur; əlbəttə ki, real hadisə uydurmadan daha dəyərli və oxunaqlıdır və nəzərə alsaq ki, ədəbiyyat tərbiyəvi və öyrədici xarakter daşımalıdır, əlavə şərhə ehtiyac qalmır. Geniş oxucu kütləsi qazanmaq hər yazıçıya nəsib olan xoşbəxtlik deyil. Və burada sadə bir məntiqdən yan keçmək olmaz: “əsas mətləb budur: bədii əsərin dəyəri nəticə etibarıilə onu yaradanın şəxsiyyətindən asılıdır. Əgər bu şəxsiyyət maraqlı adamdırsa, onun qələmindən çıxan əsər də sizi beləcə cəlb edəcək”.

Moemin yaratdığı surətlər müxtəlif peşə sahibləri, fərqli dünyagörüşlü və cürbəcür taleli insanlardır. Onları mühakimə etməyi, onlara yol göstərməyi o, ağlına belə gətirmir, çünki öz sözlərinə istinad etsək, onun belə bir şeyə heç haqqı da yoxdur. O, qəhrəman və personajlarını olduğu kimi – heç bir bəzək-düzək, rəng vurmadan, yersiz tərifə və lazımsız tənqidə yol vermədən təsvir edir, onlara bədii həyat verir. Bu yazıçının bədii məhsullarını oxunaqlı edən digər bir cəhət də elə budur.

Ədəbiyyat geniş bir dünyadır. Bu ədəbi mühitin sayılan-seçilən üzvü olmaq elə də asan deyil. Vaxt gedir və gələn zaman özü ilə həmişə yeni səs, yeni nəfəs gətirir. Bu kütlənin içində batmamaq, bütün dövrlərdə oxunmaq hər bir yazıçının qisməti deyil. Riçard Oldinqton, Çeyms Oldric, Arçibald Kronin, Oldos Haksli və tanınmış digər müasirləri arasında S. Moemin öz dəst-xətti var.

Hadisələrə və iştirakçılara bir qədər laqeydlik prizmasından yanaşan ədib ədəbi oçerk və portretlər silsiləsindən olan “The Art of Fiction” (“Söz sənəti”) kitabında yazıçının  ətrafındakı insanları daim müşahidə etməsinin zəruriliyini vurğalayır. Bu, bəzən onu bezdirsə də, yazıçı müşahidə etmək vərdişini tərgitmir. Şübhəsiz, xarakter, ‒ canlı  xarakter ‒ zamanın sınaqlarına tab gətirə bilən xarakter yaratmaq asan məsələ deyil. Onu bütün mənəvi və müsbət keyfiyyətləri ilə özü üçün aydınlaşdırıb, sonra oxucuya təqdim etmək bu portreti çızan qələm sahibinin zəngin həyat təcrübəsinə əsaslanan çox mürəkkəb bədii prosesidir. Real bir fərdi obraza çevirmək yazıçıdan böyük səbir tələb edir. Doğrudur, bəzən elə ifadə olunmuş fərdi xüsusiyyətləri olan insanlara təsadüf olunur ki, onlar rəsm əsəri kimi adamın qarşısında bütün çılpaqlığı ilə açılır. Bunlar istisna hal təşkil edən şəxsiyyətlər, xarakterlərdir. Amma belələri çox azdır və özlərinin üstün və qeyri-üstün cəhətləri var. Adi insanı öyrənmək – bax bu, başqa bir işdir. Belələri tamamilə qapalıdır. Budur, o sizin qarşınızda öz xarakteri, çoxlu sayda səciyyəvi xüsusiyyətləri ilə dayanıb, lakin siz onu sanki fokusda deyilmiş kimi görürsünüz və cizgilər dağılır. O öz-özünü tanımır, axı sizə nə deyə bilər?! Baxmayaraq ki, o, söhbətcildir, amma nitqində məna yoxdur. Bax, əgər siz obraz, xarakter yaratmaq istəyirsinizsə, memar daşdan heykəl yonub düzəltdiyi kimi onu bir güruhun içindən çıxarmalısınız və buna görə sizin ehtiyacınız olan şeylər zaman, səbir,  iradə və bir sıra digər keyfiyyətlərdir. Siz saatlarla səbir edib onu dinləməli və nəhayət, hansısa bir deyimin və ya cümlənin onun əsl simasını açıb göstərməsini gözləməlisiniz.

Moemin külliyatında onun sevdiyi, geniş oxucu aləminə yaxşı tanış olan, incəliklə işlənilmiş, təsvir olunmuş bir çox xarakterik obrazlar var və onlar bir-birindən fərqli xüsusiyyətləri ilə seçilirlər. “Ay və qara şahı”da (“The Moon and Sixpence”) Çarlz Striklend (yeri gəlmişkən, bu, rəssam Pol Qogenin prototipidir), “Rənglənmiş pərdə”(“The Painted Veil”) Volter, Kitti, Taunsend, “Teatr”da (The Theatre”) Çuliya Lambert, “İnsan ehtiraslarının yükü”ndə (“Of Human Bondage”, yəni daha dəqiq desək “İnsan köləliyi haqqında”) Filipp Kerri və başqaları dediklərimizə bariz nümunədir. Bu siyahını uzatmaq da olar. Onun kiçik hekayə qəhrəmanları arasında da roman qəhrəmanı səviyyəsinə qalxa bilən xarakterik tiplərə rast gəlmək mümkündür. Belə obrazların sırasına da “Məğlubedilməz”(“The Unconquered”) Annetti, “Nil Makadam”da Nili və başqalarını daxil edə bilərik.

Həyatı obrazlı şəkildə təsvir etmək və dolğun xarakter yaratmaq üçün yazıçıya lazım olan şey, S.Moemin təbirincə desək, zəngin həyat təcrübəsi və istedadıdır ki, bunların vəhdəti sayəsində ortaya sanballı əsər çıxarmaq mümkün olur.

Moem heç vaxt illüziyalarla yaşamamışdır: o, həmişə hər şeyə şübhə ilə yanaşmış, ən yaxşı halda soyuqqanlı davranmışdır. Və bu keyfiyyət çoxşaxəli xarakterlər yaradarkən onun köməyinə gəlmişdir. S. Moem heç vaxt hisslərə qapılmamışdır. Sadəcə, gördüklərini qələmə almaq onun üçün yetərdi. Əlavələrə ehtiyac duyulmurdu. Qəhrəmanları əks cinslər olsalar belə, iç dünyasına yazıçı uzaqgörənliyi ilə nüfuz edərək onları məhz olduqları kimi, bəzən zahiri soyuqanlılıq və nifrət arxasındakı çoşqun təbiəti və sevgini, bəzən də əksini göstərməyə müvəffəq olmuşdur. Bu məqamda onun “Məğlubedilməz” hekayəsindəki Annet obrazını xatırlamaq kifayətdir. Annet xarakterik bir obrazdır. Onun öz körpəsini vəhşicəsinə öldürməsi faciəsinin arxasında əzab çəkən bir ana, sevən bir qadın və bu iki hissi daha da üstələyən sonsuz vətən məhəbbəti gizlənir. Bəli, o sevir ‒ yenicə əzab-əziyyətlə dünyaya gətirdiyi körpəsini də, qəlbində dərin yara açmış həmin o məsum körpənin günahkar atasını da… Lakin vətəninin, xalqının əzilməsi, həqarətə məruz qalması, tapdalanması bu fransız qızını onun üçün xırda olan hisslərdən uzaqlaşdırır. Doğma balasını suda boğmaqla Annet sanki özünəməxsus bir şəkildə düşmən əsgərindən intiqam almış olur.

 Moem sağlığında da, vəfatından sonra da oxunan, sevilən və tənqid olunan yazıçıdır. Başqalarının onu anlamaq ehtimalının yüksək olub-olmaması ədibi qətiyyən narahat etməmişdir. O belə söyləmişdir: “Ədəbi mühitin mənim əsərlərimə az əhəmiyyət verməsi məni qətiyyən təəccübləndirmir. Mənim deməyə sözüm var idi və bu da mənim üçün maraqlı idi”.