- Köşə

Nurəddin ƏDİLOĞLU. Tanrının seçdiyi bəndə

                               (və ya universal zəka sahibi)

      Bu günlərdə “Adiloğlu” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən “Mən bu zamana sığmazam” adlı sənədli-publisistik kitab bir oxucu kimi diqqətimi çox çəkdi.  Üç hissədən ibarət olan bu kitab Azərbaycanın dövlət xadimi, Respublikanın Baş Prokuroru və Ədliyyə naziri vəzifələrində çalışmış, hüquq elmləri doktoru, professor, eks-millət vəkili, Ədalət Partiyasının sədri (2001–2025) İlyas Abbas oğlu İsmayılovun şərəfli ömür yolundan bəhs edir. Təqaüddə olan baş ədliyyə müşaviri Ələmdar Məmmədovun müəllifi  olduğu kitabın mövzusu  doğma xalqı, vətəni üçün SEÇİLMİŞ  bir insanın həyat və fəaliyyətindən, keşməkeşli TALEYİDƏN bəhs etsə də, təkcə tarixi baxımdan aktuallığına, mahiyyətinə görə deyil, həm də bir çox müsbət, maarifləndirici xüsusiyyətlərinə görə çox əhəmiyyətlidir.

Bəşər yaranandan bəri, yer üzünə saysız-hesabsız insanlar gəlib-gedir.  Təbii ki, ölüm faktoru insan həyatının danılmaz və qaçılmaz məqamıdır. Sözün poetik qüdrətindən özünə heykəl ucaldan Məmməd Arazın “Dünya sənin, dünya mənim, dünya heç kimin” fikri  də dünyada  heç kimin ömrünün əbədi olmadığını ifadə edir.  Fəqət sağlığında olduğu kimi, dünyasını dəyişəndən sonra sevilmək, yaddaşlara əbədi köçmək hər insana nəsib olmayan bir xoşbəxtlikdir. Bəli, İlyas İsmayılov xalqımız tərəfindən ehtiramla yad olunmağa layiq, Ulu Tanrının Azərbaycana bəxş etdiyi tarixi və unudulmaz şəxsiyyətdir.

Ələmdar müəllim kamillik və  mənəviyyat zirvəsinə ucalan bu fədəkar İNSANIN, tarixi ŞƏXSİYYƏTİN işıqlı obrazını real fakt və hadisələrə söykənərək kitabın “XX əsrin XXI  əsrə hədiyyəsi”,Siyasətimizin Cahandar ağası” “O, Azərbaycandan getdi”  hissələrində və hər hissənin bölmələrində mükəmməl təqdim edir.

Birinci hissəyə daxil edilən “Zirvəyə doğlu” adlanan ilk  bölmədə İlyas İsmayılovun dünyaya gəlişini müəllif bədii dildə belə qələmə alır: “Novruz Abbas atanın və Məleykə ananın ocağını hamıdan əvvəl işıqlandırdı… bu sevgi dolu ailəyə övlad  müjdəsi, övlad sevinci gətirdi. Abbas ata Novruzun onlara gətirdiyi  övlad payının, oğul payının adını İlyas qoydu. İlahu qüvvə, köməyə gələn  mənasını verən bu adın sahibinin bir ocağın, bir obanın, bir elin dadına yetişəcəyinə inanırdı, güvənirdi ata…”

Amma taleyi İlyası hələ körpəykən sınağa çəkir. Xidməti vəzifəsinin icrası zamanı atası qətlə yetirilir. Hüquqşünas olmaq istəyi üzünü görmədiyi milis işçisi olmuş atasından qaynaqlanan İlyas İsmayılovun fəaliyyəti boyu əsas qayəsi hamının qanun və ədalət qarşısında bərabərliyini təmin etmək olub. 1981-ci ildə “Prokurorluq işçilərinin mənəvi tərbiyəsi” adlı kitabçasında, mətbuatda dərc olunan müsahibələrində kadrların düzgün seçilməsindən bəhs edən İlyas müəllim Dövlət İmtahan Komissiyasının sədri olanda həmişə ləyaqətli və savadlı məzunları prokurorluq orqanlarına işə qubul edib. Kitabda müəllifin qeyd etdiyi kimi, “hüquq-mühafizə orqanlarının işıqlı adamı, ədalət carçısı İlyas İsmayılov barədə söylənilən xoş xatirələr, sağlığında qazanılan rəhmətlər bitib-tükınmir.”

Respublika Baş prokuroru olduğu  illərdə məhz İlyas İsmayılov Moskvanın eynilə Özbəkistandakı kimi Azərbaycanda  istintaqlar aparmasına, “pambıqla baş kəsmək” istəyinə qarşı çıxıb. Və ya  müəllifin qeyd etdiyi kimi, ondan əvvəl respublikada 10 min, 20 min rüşvət alanlar “Rüşvətxorluğla mübarizə” pərdəsi altında 10 manat, 20 manat rüşvət alanları həbsə alıb, məhkum etdirirdilər. Kiçik məbləğlərə görə insanlar istintaqa cəlb olunur, gülünc məhkəmə prosesləri keçirilir, təəccüb doğuran qərarlar qəbul edilirdi. (səh.58)

İllər ötdü, İlyas İsmayılov Respublika Prokuroru olanda belə utancverici işlərə son qoymağı fəaliyyətinin  əsad prinsipi elan etdi və böyük ölçüdə məqsədinə nail oldu. (səh.61)  Xalq,  Vətən qarşısında cavabdehlik həlledici məqamlarda SÖZLƏ  ƏMƏLİN üst-üstə düşməsidir. İlyas müəllimin sözlə əməli, “hər şeyə ədalət prinsipi ilə baxan, hüququn üstünlüyünə inanan xarakteri həyatının hər anında özünü göstərdi.” (səh. 283)  O, şəxsiyyət olaraq özünün fəallığını bu və ya digər vəzifələrdə çalışarkən, cəmiyyətlə qarşılıqlı əlaqədə olduğu prosesdə biruzə verə bilirdi…

Müəllif kitabda İlyas İsmayılovun “yerlibazlıq və qohumazlıqdan, şəxsi  ambisiyadan və eqoizmdən uzaq”, “qürurlu, təmənnasız və təvazökar ”, qorxmaz və cəsarətli”  bir sözlə, vətənpərvər insan olmasını tutarlı faktlarla qələmə alır, haqqında ən müfəssəl məlumatları oxucunun diqqətinə çatdırır.  Onu da  qeyd edim ki, Ələmdar Məmmədovun sayca dördüncü olan “Mən bu zamana  sığmazam” kitabında publisistik  təfəkkürün, düşüncənin təməlində həm də bir müəllif kimi özünün də  güclü milli təəssübkeşlik hissi duyulur. Müəllif çox haqlı olaraq yazır ki, İlyas müəllimin xalqı, dövləti yolundakı fədakarlığı nəinki bugünkü, həm də gələcək nəsillər üçün bir örnək və yaşam etalonudur…

Kitabın kövrək notlar üzərində köklənmiş, qələm dostum şair Musa Ələkbərlinin:

Fərhadtək dağları yarıb gəlmişdin,
          Ancaq dözəmmədin övlad dərdinə”

qoşa misrasının epiqraf seçildiyi “Etimad dərdi” bölməsini (ardınca elə “İlyas İsmayılov itkisi” (səh 156)  bölməsini də – N.Ə) müəllif ürək ağrısıyla qələmə alıb. 19 sentyabr 2018-ci ildə  İstambulda yaşayan və iş adamı kimi tanınan böyük oğlu Etimadın xaincəsinə qətlə yetrilməsi qocaman, dağ vüqarlı, məğrur İlyas müəllimin sözün əsl mənasında, belini bükür… “Amma mətanətini heç itirmədi. Ağır zamanlar insanların əsl xarakterini ortaya çıxarır. Mən İlyas İsmayılovu öz atam kimi sevdim. Mənə atalıq qayğısını əsirgəmədi. Həyatımda belə bir insanın olması, oğlumun belə bir insanın nəvəsi olması mənə fərəh hissi bəxş edir. Arzu edirəm ki, oğlum İlyas İsmayılov… babası kimi ədalətli olsun. Onun kimi şərəfli, mərd kişi olsun..” (Sevil Nuriyeva, jurnalist, televiziya aparıcısı, İ.İsmayılpvun gəlini, səh. 285)

Etimadı tanıyanlar xatirələrində onun necə xeyirxah, darda olana, çətin vəziyyətdə yaşayanlara əl uzatmasından, Türkiyə və Azərbaycan naminə gözünü qırpmadan can verməyə hazır bir şəxs olması və başqa xüsusi məziyyətləri barədə söz açırlar, onu əsla unutmayacaqlarını dilə gətirirlər.

Türkiyənin birinci xanımı Əminə Ərdoğanın da Etimadın dəfn günü telefon açaraq  Sevil xanıma və Etimadın anası Zəkiyyə xanıma başsağlığı verməsi diqqətçəkən epizodlardan biridir. Oxucuya məlum olur ki, Etimad qardaş ölkənin də ictimai-siyasi həyatında imkanı daxilində iştirak edib. Müəllif yazır: “15 İyul dövlət çevrilişinə cəhd zamanı çoxları qaçıb gizləndiyi bir vaxtda Etimad xanımı və məsləkdaşı Sevil Nuriyeva ilə birlikdə ən qaynar nöqtələrdə oldu… Etimad  Sevil xanımı əvvəlcə telestudiyaya, ordan da Ərdoğanı qarşılamaq üçün hava limanına  apardı. Onların bu fədakarlığı izsiz qalmadı. Sevil xanım mediya nümayəndəsi kimi Ərdoğanı Fransaya səfəri zamanı müşayiət edənlər arasında idi.” (səh.149)

Kitabın “Tarixi şəxsiyyətlər və İsmayılov”,“Prokuror və ədəbiyyat”, “İlyas İsmayılovun söhbətlərindən”, “İlyas İsmayılovun müdrik sözləri” bölmələrində müəllifin təbirincə desək, İlyas müəllimin “universal dahi” olduğunun şahidi oluruq.  Oxucuya məlum olur ki, “İlyas müəllim hüquq elmləri doktoru dərəcəsindən də yüksəkdə dayanan alim olmaqla yanaşı,  elmi, tarixi, siyasi, dini və s. publisistik mətnlərin də müəllifidir…” İlyas İsmayılov müdrik kəlamlarınının birində deyir: “Təfəkküründə müstəqillik olmadan orijinal elmi əsərlər yaradıla bilmız.”

Kitabda İlyas müəllimin ölkədə və dünyada baş verən siyasi hadisələri daim izləməsindən,  mütaliə dairəsindən geniş  söhbət açılır, İbn Sina, Çingiz xan, Camal Əbdül Nasir, Şarl de Qol, Nəriman Nərimanov, akademik Firudin Köçərli haqqında məqalələrindən maraqlı sitatlar gətirilir.

“Sizi xalq sevir, biz də belə oğulu ikiqat qiymətləndirməliyik.” Bu sözləri dünyaşöhrətli yazıçı Çingiz Aytmayov  İlyas müəllimə göndərdiyi “Plaxa” (Edam kötüyü) adlı kitabına aftoqraf yazıb. İlyas müəllim də əsəri oxuyub müəllifə rəy xarakterli geniş məktub yazır. Çingiz Aytmatov İlyas müəllimə göndərdiyi təşəkkür teleqramında yazırdı: “Ədəbiyyat haqqında dərin və qiymətli fikirləri ifadə edən məktubunuzu böyük həvəs və ləzzətlə oxudum. Sizə təşəkkür edirəm. Sizə hörmət bəsləyən Çingiz Aytmatov.” (səh.176)

İlyas müəllimin Azərbaycanın ilk Xalq şairi Səməd Vurğuna şər -böhtan  atanlara ciddi dəlillərə söykənən tutarlı cavabı, eləcə də İlyas İsmayılovun təsviri incəsənətə, memarlığa, teatra, kinoya dərindən bələd olması onun geniş spektrli, universal ZƏKA SAHİBİ  olduğuna dəlalət etdiyinin göstəricisidir.

Bu kitabı oxuyarkən mən bir daha hiss etdim YAXŞI insanları bir-birinə   yerlipərəstlik, tayfa, regionçuluq, vəzifə-mənsəb münasibətləri deyil, ƏDALƏT, VİCDAN, QANUNA  hörmət , ƏXLAQ meyarı bağlayır…

“Qanun olmayan yerdə əxlaq ola bilməz” deyən İlyas İsmayılovun  SƏDAQƏT andı da QANUN olub. Kitabda İlyas İsmayılov haqqında respublikamızın   görkəmli elm xadimlərinin, hüquqşünasların, tanınmış ziyalılılarının bir-birndən gözəl və maraqlı xatirələri də yer alıb. Doğrudan da, Azərbaycanın hüquq elminə böyük töhfələr verən, adamsız adamların hamisi olan bu nadir və alicənab şəxsiyyətin həyatı və bioqrafiyası müasir gənclər üçün əsl MƏKTƏBDİR. Kitaba daxil edilən ürək sözlərinin heç birisi  kiminsə sifarişi ilə, kiməsə xoş gəlmək xatirinə yazılmayıb. İlyas müəllimin kiməsə fəxri adlar, vəzifə kürsüsü, deputat mandatı, mənzil hədiyyə edəcək iqtidarında olan varisi  ki yoxdur!.. “Ədalət onun həyat tərzi, davranış ehkamıdır” bölməsində isə (səh 201-211) onu uzaqdan tanıyan, özünün yox, əməllərinin ziyasına qərq olan sadə vətəndaşların ürək dolusu fikirləri yer alıb. Müəllif bu rəylərin çoxunu ayr-ayrı sosial şəbəkə səhifələrindən götürdüyünü və bəzisini ixtisarla verdiyini qeyd edir. Mən də həmin fikirlərin bəzilərini ixtisarla yazıma daxil edirəm, məsələn: “Heyif ki, Azərbaycan xalqı İlyas İsmayılov kimi müdriklik və ədalətlilik mücəssəməsi olan bir rəhbərə layiq ola bilmədi” (Elxan Hümbətli), “Allah Sizin kimi yüksək əqidə sahibi, kişilik və ağsaqqallıq nümunsi olan ağsaqqallardan bzi məhrum eləməsin. (Vətən daşı). Bəli, bu rəylərdə kimi İlyas müəllimi “Qanun naminə” filminədki prokurorun prototipi hesab edir, kimi “dövlətin unutduğu dövlət adamı”… Ədalət Həşimov adlı oxucu isə müəllifə ünvanladığı rəydə yazır: “Hörmətli Ələmdar müəllim! Sizin “İlyas İsmayılov – 80” adı altında  çap olunan materialı oxudum. Mən həm şad oldum, həm də kövrəldim ki, İlyas müəllim kimi Azərbaycanın dahi oğlunun yerini verən insanlar demək olar ki, yoxdur. Müasir dövrümüzün ən böyük bəlası yaltaqlıq, şərəfsizlik, ləyaqətsizlikdir… Ələmdar müəllim! Mən Sizi də çox yaxşı tanıyıram. Siz özünüz də şərəfli insan, ləyaqətli prokurorluq əməkdaşı olmusunuz…”

Tale bu sətirlərin müəllifinə də İlyas müəllimlə iki dəfə yaxından görüşmək nəsib eləyib. İlk dəfə o böyük insanla “Hürriyyət” qəzetinin redaksiyasında  Novruz bayramı ərəfəsində görüşən zaman Masallıdan olduğumu biləndə məndən rayon məhkəməsinin sədri Ədalət müəllimi soruşdu. Ətraflı məlumat verdim, hətta dedim ki, babası Cavad bəy də hüquqşünas olub, 37-ci ildə siyasi repressiyaya məruz qalıb. İlyas müəllim  dediklərimdən xəbərdarmış kimi, özünəməxsus tərzdə gülümsündü. Sonra mənə bir şəkil verib dedi: “Bizim adımızdan Masallı camaatının Novruz bayramını rayon qəzetində təbrik edərsən…” İkinci görüşümüz “Geopolitika XXI əsr” qəzetinin redaksiyasında –  baş redaktor Xanoğlan Əhmədovun və qəzetin yorulmaz yazarı Aydın Canıyevin  mənə verəcəkləri qonararı almağa gedərkən oldu. Redaksiya Ədalət partiyasının qərərgahında yerləşirdi. Təəssüf ki, o zaman “Siyasətimizin Cahandar ağası”dan baş redaktoru olduğum “Masallı” qəzeti üçün müsahibə almağı heç ağlıma gətirmədim. Aydın Canıyev isə “Geopolitika XXI əsr” qəzetində yazmışdı ki, İlyas İsmayılov yeganə Azərbaycan siyasətçisidir ki, mərhum Əbülfəz Elçibəy onun haqqında “prezidentliyə layiq yeganə şəxsiyyət İlyas İsmayılovdur” fikrini söyləyib…

Nə yaxşı ki, “Zəif müxalifəti olan ölkə güclü ola bilməz”  müdrik kəlamını söyləyən  İlyas müəllim haqqında ürək sözlərimi mən də bu ilin ötən may ayı Bakıda Qafqaz Biznes Mərkəzində Ədalət Partiyasının IX Qurultayında qonaq qismində çıxış edərkən deyə bildim. Heç kimə sirr deyil ki, ölkəmizdə yerlibazlığa, regionçuluğa son qoyacaq yeganə qüdrətli şəxsiyyət İlyas İsmayılov idi. Korrupsiyanın qarşısını yalnız tayfa təfəkkürünə son qoymaqla nail olmaq mümkündür… Nə yazıq ki, korrupsiyaya qarşı mübarizə tədbirləri barədə Ədalət Partiyasının hazırladığı konsepsiyadan   istifadə olunmasına fürsət verilmədi. Və yuxarıda deyilən bir fikrə azacıq dəyişiklik edib  İlyas İsmayılova həsr olunmuş “Mən bu zamana sığmazam” kitabı barədə qeydlərimi yekunlaşdırmaq istərdim. Bəli, İlyas Abbas oğlu Ulu Tanrının  bizlər üçün seçdiyi BƏNDƏ idi. Çox heyif ki, biz İlyas İsmayılov kimi müdriklik və ədalətlilik mücəssəməsi olan bir şəxsiyyəti  özümüzə rəhbər seçə bilmədik…

Son olaraq qeyd edim ki, yazıçı-jurnalist İradə Aytelin redaktoru olduğu bu kitabdan, eləcə də “Tovuz Xeyriyyə Cəmiyyəti” ilə “Tovuz” qəzetinin “İlyas İsmayılov: “ƏN BÖYÜK FƏZİLƏT ƏDALƏTDİR” adlı xüsusi buraxılışından ali məktəblərdə hüquq təsili alan tələbələr üçün çox dəyərli dərs vəsaiti kimi istifadə etmək olar.

Könüllərdə özünə əbədi abidə ucaldan İlyas müəllimin ruhuna ehtiramla,

      22.06.25