- Mədəniyyət

Fazil MİRZƏYEV. Heyvanlara duz verilməsi və alaçığın qurulması

Elə ki, sürülər yaylağa qalxardı, heyvanlar şit otdan yeyib duz axtarardılar. Çadırları didər, əgər yaxında baldırğan varsa onun yarpağından, gövdəsindən yeyib duzsuzluqlarını ötüşdürərdilər. Qızdırmasınlar deyə bir neçə gün heyvanlara duz verilməzdi. Zatən buna heç imkan da olmurdu. Çoban-binə yaylağa qalxan adamlarda duz hardaydı ki, sürüyə də versinlər. Adətən 5-7 gündən sonra duz verməyə başlayardılar. Duzu aşağılardan, ya da arandan gətirmək lazım gəlirdi. Heyvanlar üçün ən ideal duz Naxçıvanın daş duzu idi. Onun da ağını pendir və yemək üçün götürərdilər. Qara-qurası, gəclisi heyvanların payına düşərdi. Duz üyütmək üçün çaylaqdan bir iri yastı duz daşı, bir də ovuca sığışan xırda əl daşı seçərdilər. Bu iş üçün qaya, çınqıl daşı yaramazdı.Çünki onlar çox da möhkəm olmadığından tez qırılardı. Amma çaylaq daşları sürtünmədən yonulub hamarlanmış  möhkəm daşlar olurdu. Yerə bir çadır parçası, yaxud keçə, yapıncı, çadır plaş sərib duzu onun üstündə döyüb yumşaldardılar. Duz iki dəfəyə döyülərdi. Bir dəfə salları əl daşıyla əzib, xışlayıb gimrik hala salardılar. İkinci dəfə də əl daşını duz daşı üstündə sürtə-sürtə gəzdirərək, gimriyi üyüdüb narın hala salardılar. Qoyunun duzu bir az gimrikli, quzu duzu narın olardı. Dəri və pendir üçün də gimrik duz işlədərdilər. Narın duz bu iş üçün yaramazdı.

İlk vaxtlar quzuları duzdan gözləyərdilər. Çünki onları duz vura bilərdi. Ona görə də quzu sürüsünə duzu az və seyrək səpərdilər. Yay girənə qədər havalar yağışlı, ot da tər, sulu olduğundan duzu gündəlik axşam verib, sonra da otlağa buraxmaz, arxaca yığardılar. Deyərdilər ki, qoy duz qovursun. Yay girəndən sonra havalar quraqlayardı. Ot da bərkiyib yetişdiyindən duzu günaşırı və səhər tezdən verib heyvanı suya çatdırardılar. Yoxsa duz vurardı, yəni duzdan zəhərlənə bilərdi. Xüsusən də duz ağciyəri ləkəntəli (qorxmuş, zədəli) heyvanlar üçün təhlükəli idi. Duzu heyvanlara duzlaqda, yerdən bir az hündür yastı daşların üstündə verərdilər ki, tapdayıb tərg (zay) etməsin, həm də boyu çatan olsun. Atlar və mallar üçünsə duzu adətən hündür daşların üstünə səpərdilər. Bəzən də bu iri heyvanlara arxacda yalama deyilən xırda duz salları qoyardılar ki, yalasınlar. Üzü payıza getdikcə, otun qanı qaçdıqca duzu seyrək verər, daha çox sudan gözləyərdilər.

Heyvanların bala verməsində duzun mühüm rolu var. Duzunu yaxşı götürməyən heyvan həvəsə gəlməzdi. Yəni, belə deyək ki, yazda duz əsasdır, yayın əvvəlində otla duz yarıdır. Quyruq doğan vaxtlarda ot əsasdır.

Çobanlar duz səpəndə “əhə-əhə”, “tüss” deyə sürünü çağırar, sürü də mələşib duzlağa yüyürüşərdi. Tərəkəmə gəlladarlar (heyvandarlıq biliciləri) həm də duzun müntəzəm verilməyinə diqqət edərdilər. Əgər yazda dağa çıxan vaxtı sürünün duzu bir müddət kəsilsəydi, bu da qızdırma xəstəliyi ilə nəticələnə bilərdi. Xülasə, heyvanlara duz verilməsi bütöv bir elmdir. Az versən kökəlməz, qoça gəlməz, çox versən fəsadları olar. Bir maraqlı fakt da budur ki, heyvanlar şor dəniz duzunu heç sevmirlər.

XXX

Tərəkəmə həyatindan: alaçığın qurulması

Alaçıq üçün əvvəlcə rahat, nisbətən hündür, sel tutmayan bir yer seçilir, yaxud uyğun yer düzəldilir. Alaçığın əsas tikinti materialı olan ÇUBUQ tədarük edilir. Çubuqlar əsasən fındıq ağacından, olmasa ulasdan (vələs) kəsilir. Hamar və uzun, cavan, 5-7 sm diametrində elastik zoğlar götürülür. Əvvəlcə yaş çubuqlar bir neçə gün gərgəcə verilib, lazım olan əyrilik alınır. Sonra alaçığın yeri ölçülüb, ip tutulur. Əvvəlcə yan çubuqlar qarşı-qarşıya sancılır. Onlar bağlandıqdan sonra nisbətən uzun çubuqlardan qabaq və arxa çubuqlar düzülür. Ən uzun və gözəgəlimli, sağlam  çubuqlar qapı üçün seçilir.

Yan çubuqların düzgün əyilmə tarazlığını almaq üçün ən kənarda olan alçaqdan əyilən dörd  ön-arxa çubuq GƏDƏ adlanır. Böyük alaçıqlarda yaraşıqlı görünüş üçün ön-arxa çubuqların arxasından gədədən bir qədər hündür əyilmiş  dörd yan çubuğa ÇƏRVƏND deyilir.

Alaçıqlarda çubuq sayı müxtəlif ola bilər. Normal alaçıq 48 çubuqdan, böyük alaçıq 56 çubuqdan tikilir. Daha çox çubuq olması nadir olsa da mümkündür. Çubuqlar yun ipdən dörd hörmə hörülmüş, lalə qotazlı bağlarla bağlandıqdan sonra örkənlə bir-birinə çitənir. Alaçıq örkəni əlvan iplərdən toxunurdu və qotazlı olurdu.

Örkənlə bağlı bir tapmaca var: “O nədir ki, bir qardaş qırx qardaşla qolboyun olub?” Yanlara qarğıdan çətən, son dövrlər üçün yanlıq-tələt tutulur, sonra qapıdan başlayaraq, qəlib keçələr tutulur (bağlanmaq). Yanlara adətən beş qəlib işlənirdi. Evin böyüklüyündən  asılı olaraq artıq da ola bilərdi. Alaçığın üstünə örtülən baş keçəsi 5-7 qəlibdən tikilirdi. Son dövrlər əsasən çadırdan istifadə olunur. Ən sonda qapıya toxunma qapılıq turulur. Qapılığı külək oynatmasın deyə üç yerdən ona taxta bağlanır ki, bu özü də bir yaraşıqdır. Bundan sonra evin üstü sarınıb (küləyə görə), ətrafına seldən qorunmaq üçün dayaz xəndək-qarım çəkilir.

Alaçığın çubuqları təzə yaş olarsa, əygəmi düzgün saxlamaq üçün alaçığın göyündən (tavan) bir müddətlik ağır əşyalar (daş, dəmir) asılır. Baş tərəfindən də yük (yorğan-döşək) yığmaq üçün 40-50 sm hündürlükdə taxça qurulurdu. Yandan qapıya yaxın  ondan bir az alçaq daha bir taxça da motallar üçün düzəldilirdi. Dəyə, ya da “qara kümə” varsa, yavanlıq orada saxlanırdı. Daha sonra yerə çadır salınır, çadırın üstündən xalça-palaz, yaxud keçə məsnət döşənirdi. Artıq alaçığımız tam hazırdır.