- Köşə

Könül Aydın TƏK „SƏBİR“ və yaxud Elm ilə təhsilin inteqrasiyası

(Felyeton)

Bir gün səhər Feysbukda yazdım: “Evdən çıxmaq istəmirəm. İşə getməyim gəlmir”.

Elə bildim, Elmlər Akademiyası uçub, qalmışam altında.

Bu heyndə bir tərəfdən də aləm dəydi bir-birinə. Tapşırıq gəlib ki, öyrənin, görün Könül niyə işə getmək istəmir.

Dedim:

-Heç zad. Güvəndiyim dağlara qar yağıb. Kəpəz uçub, Göygöl daşıb. Alazan, Qoşqar… Nə bilim ey… BazardüzüYə çıxanlarım qayıtmayıb.

-Ay qız, nə olub?

-Necə deyim, nə təhər izah edim ki, mənim dilçi alimim dünən yazdığı orfoqrafiya normalarını bu gün inkar edir?!

-Necə yəni?

-Yekə bir yerdə „səbir“ sözü səhv yazılıb: „səbr“. Mənim dilçi alimim də səhər tezdən yuxudan duran kimi etməyib tənbəllik, açıqlama verib. Bəs demə, asqırmaq mənasında „səbir“, dözüm mənasında „səbr“ yazılırmış. Açdım orfoqrafiya normalarını, öz kor olmamış gözlərimlə oxudum. Yerində dururdu: „2.5.1. iki saitlə yazılanlar:……, səbir…“

Götürüb yekə yerdə o vaxt ərkim çatan adama zəng etdim və salamsız-kəlamsız hücüm etdim:

-Ayıb deyilmi? Alimləri də alət etmisiniz… Ayıb! Ayıb!

Adam and-aman etdi:

-Vallah, açıqlamadan xəbərim yox idi. Mən də sənin kimi, mediadan oxudum.

Heç zad… Yadıma başqa zadlar düşdü və inandım. Həmin gün işə getdim, ya getmədim, xatırlaya bilmirəm indi, getmişəmsə də, artıq kifayət qədər vaxt keçmişdi…

Bu yaddan çıxıb gedən zad olardı, bu gün başqa bir zad olmasaydı.

Yenə həmin yekə yerdə “səbir” sözü səhv yazılmışdı: “səbr”. Bizim bu canıyanmış savadsız müəllimlər var ey, elə bil himə bənd idilər, bir də gördüm, vatsap qruplarında pıqqapıq düşüb, qaynaşırlar: “Bəs xəbəriniz var xəbərdən? Bizim bu zadda, hə də…, orda…, özləri sözü düz yaza bilmirlər…”

Açıb saytı görəm, nə: “səbir” yenə “səbr” yazılıb.

Hmmm… Demək, bizim bu zad…., hə, o da…, bizim dilçi alimin sözünü ciddi qəbul edib, inanıb ki, „səbir“ yazılanda olur asqırmaq, „səbr“ isə dözüm. Adam açıb orfoqrafiya normalarını öz kor olmamış gözləri ilə oxumayıb və düşünə bilməyib ki, ədəbi dilimizdə sözün ilk yada düşən mənası „dözüm“dür və orfoqrafiya normalarında 2.5.2. maddəsində tək heca ilə yazılan sözlər sırasında „səbr“ yoxdur. Adam düşünə bilməyib ki, bizim bu zadlara tapşırıq lazım deyil… Özləri mala işinə də baxırlar artıq… Bir sözlə, yazığın ağlına gəlməyib ki, bizim bu zadlara etibar etmək olmaz. Bu da elm ilə təhsilin inteqrasiyası!

Çox geçmədi, bu pıqqapıq daşıb, gedib o yekə yerlərə da çıxdı. Xəbər gəldi ki, “səbr”i “səbir” ediblər. İndi bizim bu savadsız müəllimlər o “səbir” sözünü görəndən sonra inandılar ki, onların nəinki fəryadları, hətta pıqqapıqları da gedib yekə yerlərə çatır və səbir etməyə qərar verdilər.

Mənim isə heç uşaqlıqdan səbirlə-zadla işim olmayıb. Yavan əppək olsun, nağd olsun. Nə qədər desələr də, yazma, əlimdən gələn ancaq yazmaqdır. Amma nə edim ki, hərənin bir “yekə yeri” var. Yekə yerdən xəbər gəldi ki, yazma, yazsan da, ad çəkmədən yaz. Mən də səbrimi basıb ad çəkmədən yazdım… Yazdım, öz adımdan başqa heç kimin adını çəkmədim. Eybi yox, bu da ədəbiyyatda yeni fənd olsun: ad çəkmədən tanıtma.