– Tərlan müəllim, dilimizin tarixi, onun yayılma arealı barədə nə deyə bilərsiniz?
– Əvvəla, onu deyim ki, mən dilçi deyiləm. Sadəcə olaraq, orta əsrlər poeziyasının mütəxəssisiyəm. Amma bu da var ki, orta əsrlər poeziyasının mütəxəssisi olub, ədəbi dil tariximizə, onun inkişaf istiqamətlərinə biganə qalmaq da mümkün deyildir. Bu mənada, mən əgər daha çox “Dədə Qorqud” dastanının şeirləri ilə maraqlanıramsa, deməli, eyni zamanda, istər-istəməz bu məsələlər məni “Dədə Qorqud” dastanının bir abidə kimi yaranmasına və sözsüz ki, eyni zamanda, dastanda təmsil olunan dilin yaranma tarixinə də aparıb çıxarır. Bu mənada Azərbaycan dilinin tarixinə nəzər saldıqda bu tarix olduqca qədimdir. Və bir də ümumiyyətlə, bəzən mən tarixi arayışlarla razılaşa bilmirəm. Belə ki, bəzən Azərbaycan xalqının formalaşma tarixini eramızın əvvəlləri ilə bağlayıb, oğuz qruplu Azərbaycan dilinin yaranma tarixindən danışarkən, onu ən çox ötən minilliyin əvvəlləri ilə əlaqələndirmək istəyirlər. Mənə elə gəlir, bu tarixlər olduqca yaxın tarixlərdir. Və bu sözü söyləyənlər Mahmud Kaşğarinin “Divani lüğat-it-Türk” əsəri ilə dərindən tanış olmayanlardır. Çünki dəfələrlə dediyimiz kimi, 1072-1074-cü illərdə qələmə alınan bu əsər elə nəhəng abidədir ki, burada təsvir olunan türk xalqlarının və eyni zamanda, yəqin ki, türk dillərinin hələ XI əsrə qədər neçə-neçə minillikləri arxada qoyduğunu açıq-aşkar görürük. Belə ki, bu əsərdə türk dilləri elə bir vüsətlə təsvir olunub ki, bu dillərin bir-iki min ilin nəticəsi olmadığını aydın görürsən. Bu mənada, istər bu divanda təsvir olunan bütün türk dilləri və eyni zamanda, oğuz qruplu dillər olduqca qədimdir. Elə bu qədimliyi təbii ki, həmçinin “Dədə Qorqud” dastanlarının dili – fonetikası, morfologiyası, sintaksisi də təsdiq etmiş olur. Həmçinin artıq XIII əsrin ortalarında Xorasan ətrafında, İsfəraində mükəmməl şəkildə meydana çıxan Həsənoğlunun məşhur qəzəlləri də dediklərimizə sübutdur. Yəni, başqa sözlə desək, “Dədə Qorqud” dastanını nə qədər də eradan əvvələ aid etməyib, bəzi tədqiqatçılar demiş, yeni eranın VIII-XII əsrləri ilə bağlasaq da, amma artıq XIII əsrin ikinci yarısında meydana çıxmış Həsənoğlunun qəzəllərinin dili haqqında bunu deyə bilmərik. Həsənoğlu qəzəllərinin dilinin mükəmməlliyi Azərbaycan dilinin nə qədər qədim olduğunu bir daha sübut edir. Və eyni zamanda, Həsənoğlunun qəzəllərinin dili bizə Azərbaycan dilinin arealı haqqında da düşünməyə əsas verir. Belə ki, bizcə, hələ ilkin orta əsrlərdən Azərbaycan dili bir ucu Xorasan, bir ucu Dərbənd, bir ucu Anadolunun ortaları, bir ucu isə İraq, Kərkük və hətta belə demək mümkündürsə, Misirə qədər geniş bir arealda yayılmışdır. Eyni zamanda, onu da demək olar ki, bəlkə də, Qərb türkisinin əsasında duran dil olmuşdur. Buna görə də Azərbaycan dilini tədqiq edərkən və sevərkən bu qədimliyi mütləq nəzərə almaq və bu qədimliyə hörmət etmək lazımdır.
– Orta əsrlərdə təsdiq edilmiş orfoqrafiya qaydaları olmayıb. Amma sanki təsdiq edilməmiş orfoqrafiya qaydaları olub…
– Təbii ki, bu haqda danışmaq mümkündür. Nə qədər çətin olsa da, bu məsələlər nə qədər az tədqiq edilsə də, amma hər halda Azərbaycan dilinin orta əsrlər orfoqrafiyası haqqında da fikir söyləyən alimlər vardır. Doğrudur, alimlərimizin böyük əksəriyyəti, ərəb əlifbasını bilənlər, daha çox orta əsr abidələrini əski əlifbadan müasir əlifbaya mexaniki şəkildə çevirənlərdir. Amma nə yaxşı ki, bəzən filologiya elmləri doktoru, professor Samət Əlizadə kimi orta əsrlər abidələrinin orfoqrafiya qaydaları haqqında ara-sıra yazan müəlliflər də vardır. Belə ki, məsələn, professor Samət Əlizadə “Dədə Qorqud” dilinin orfoqrafik qaydalarından danışarkən yazır: “Kök morfemlərdə əlif a saitinin işarəsi kimi sabitdir. Bəzən söz əvvəlində ə saitinin işarəsi kimi də işlənmişdir. Nəzərə almaq lazımdır ki, bir sıra söz köklərinin ortasında qaf və şin hərflərindən əvvəl və sad hərfindən sonra əlif yazılmamışdır. Bir qayda olaraq üstü mədd işarəli əlifdən a saitini bildirmək üçün istifadə olunmuşdur; Sad türk mənşəli sözlərdə qalın saitdən əvvəl, sin hərfi isə incə saitdən əvvəl işlədilmişdir və s. …” Təbii ki, professor Samət Əlizadənin “Dədə Qorqud” və Füzuli dillərinin orfoqrafik qaydaları haqqında dediyi belə fikirlərdən daha bir sıra nümunələr gətirmək mümkündür. Amma təəssüf ki, belə tədqiqlər çox azdır. Mənə elə gəlir ki, cild-cild, cəfəng-cəfəng dissertasiyalar yazmaqdansa dilimizin qədimliyi, orfoqrafik qaydaları ilə bağlı mövzuları araşdırmaq daha məqsədəuyğun olardı.
– Bəs bugün dilimizin orfoqrafiya qaydaları, orfoqrafiya lüğətlərimiz, dərsliklərimizdə orfoqrafik və orfoepik qaydaların əksi barədə nə deyə bilərsiniz? Klassik ədəbiyyatımızdan apostrof işarəsinin yığışdırılmasına münasibətiniz necədir?
– Bir dilin orfoqrafik və orfoepik qaydaların təsbit olunması və sabitləşməsi, elmi-nəzəri əsaslarının yaradılması zaman istəyir. Sovet dövrü elmimiz, xüsusilə, türkoloji elmi-nəzəri fikir və əlifbamız nə qədər təqiblərə və təzyiqlərə məruz qalsa da, amma hər halda sovet dövründə müəyyən uğurlar da əldə etmişdik. Ən azından dilimizin orfoqrafiya və orfoepiya qaydaları müəyyən mənada sabitləşmişdi. Azərbaycanda şagirddən tutmuş akademikə qədər əsasən hamı eyni qaydada yazır və danışırdı. Bu gün isə müasir Azərbaycanda müxtəlif səbəblərdən və koronovirus pandemiyasına görə, təhsilimizin ardıcıllığı qırılmaqla bərabər, eyni zamanda, dilimizin orfoepiya və orfoqrafiya qaydalarında da bir hərc-mərclik və xaos hökm sürməkdədir. Mənə elə gəlir ki, bunun həm obyektiv və həm də subyektiv səbəbləri vardır. Obyektik səbəbi təhsildə, elmdə ardıcıllığın, varislik ənənənlərinin itməsi, subyektiv səbəbi isə bu məsələlərə bəzən şüurlu şəkildə müdaxilə edilməsindədir. Bizcə, bəzən sanki kimlərsə dilimizin orfoqrafik və orfoepik qaydalarına şüurlu şəkildə təsir etməyə çalışır, dilimizin bu sahələrdə əldə etmiş olduğu nailiyyətləri pozmaq istəyirlər. Bu baxımdan, təbii ki, orfoqrafiya qaydalarının tez-tez dəyişilməsi və bu barədə müxtəlif kitabların çap olunması, eyni zamanda, dərsliklərdə də elmi balansın pozulması, bizcə, buna xidmət edir. Bizcə, kimlərsə Azərbaycan xalqının, hətta, eyni qaydada ünsiyyət vasitəsi qurmasına qarşı da çıxaraq, onun pozulmasına çalışırlar. Apostrof məsələsinə gəldikdə isə, onu demək istəyirəm ki, dilimizdə, ən azından klassik ədəbiyyatımızda apastrof olduqca vacib bir işarədir. Bu işarənin, hərfin ləğvi başqa məsələlər bir tərəfə bəzən vəznin də qüsurlu olmasına gətirib çıxarır.
– Bakının prospekt və küçələri bizimlə niyə yad əcnəbi dillərdə danışır?
– Mənə elə gəlir ki, hər bir xalqın, hər bir dövlətin, hər bir şəhərin öz siması olmalıdır. Bu mənada, yəqin ki, Bakı da öz tikililəri, relyefi, gözəlliyi ilə seçildiyi kimi, reklamlarının da özünəməxsusluğu ilə seçilməlidir. Təbii ki, əcnəbi sözlərə, əcnəbi reklamlara yer vermək olmaz. Doğrudur, bəzən bunu reklam haqqında olan qanunlarımızdakı boşluqlarla əlaqələndirmək istəyirlər. Bəs öz vicdanımıza nə gəlib? Öz reklamlarımıza milli adlar qoymaq olmazmı? Mənə elə gəlir bu məsələ beynəlxalq normalara əməl etməkdən daha çox milli düşüncə ilə bağlıdır, millətinə, dilinə, mentalitetinə bağlı olan heç bir kəs əcnəbi reklamlara getməz. Və yaxud da əcnəbi reklama getdiyi ilə öyünməz.
Sima Cəfərova