Xalçanı toxumağa başlamadan əvvəl onun damalı kağıza köçürülmüş eskizi diqqətlə nəzərdən keçirilir. Azərbaycanca buna “çeşni” deyilir. Bu sənətin sirrini öyrənən toxucu qızlarımız həmin eskiz əsasında işləyirlər. Əldə olunan son nəticədən də hiss olunur ki, onlar bu işlə sevə-sevə məşğul olublar.
Bu sözləri Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində xalçaçılıq sənətinin sirlərini öyrədən misirli Camal Məhəmməd AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.
“Misirdə də müxtəlif növ xalçalar toxunulur. “Bizdə xalçalar düyünlərin növlərinə görə fərqlənir. Misir “əl-Məhəllə əl-Kubra” xalça istehsalı ilə məşhurdur. Xalçalarımızda Misir və Azərbaycan milli naxışlarını, ornamentlərini birləşdiririk və bununla da ortaq sənət nümunəsi yaradırıq”, – deyə həmsöhbətimiz əlavə edib.
Dostluq Cəmiyyətində təşkil edilmiş emalatxanada çalışan və dərs alan misirli tələbə Məryəm Əşrəf xalçaçılıq sənətinə sevgisi barədə danışıb: “Bu sənəti ona görə sevirəm ki, sanki hər düyünün, naxışın öz hekayəsi var. Hər naxışa, hər ipə öz ruhumdan nəsə qatıram. Boş vaxtlarımı məhsuldar yaradıcılıq anlarına çevirirəm. Mənə görə, bu sənət özünü inkişaf etdirmək vasitəsidir”.
Məryəm Əşrəf qeyd edib ki, xalçaçılıq təkcə peşə deyil, həm də özünüifadə vasitəsidir, səbir, təmkin deməkdir və yaradıcılıqdır. Bu peşənin öz dərinlikləri vardır. Xalça toxuyarkən rəngləri, dizaynı seçməklə insan özünüifadə imkanı əldə edir.
Misirli tələbə əlavə edib ki, xalçaçılıq elə sahədir ki, insan özünün orada var olduğunu hiss edir. “Mən əllərimlə yaratdığım son nəticəni görəndə sevinirəm, hiss edirəm ki, hər parça özünəməxsusdur, orada sakitlik, məmnunluq var. Hazırladığım hər bir parça, hissə mənə rahatlıq, ruhi tarazlıq verən xüsusi səyahətdir. Sanki mən hər toxunuşumda öz fikirlərimi və hisslərimi yenidən qururam. Xalça sənətində məni cəlb edən şey onun adi toxumaları, sapları həyat dolu, rəngarəng tabloya çevirə bilməsidir. Görürəm ki, əl xalçası insanın həyat yoluna bənzəyir. İplər bir-biri ilə birləşərək düyünləşir, amma sonda bu düyünlər özünəməxsus tablo ilə açılaraq hansısa mənanı çatdırır”, – deyə Məryəm vurğulayıb.
Azərbaycanın ən qədim sənətlərindən biri olan xalçaçılığın tədris edildiyi Misir-Azərbaycan Dostluq Cəmiyyətinin İdarə Heyətinin sədri tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-ın müxbirinə cəmiyyətin fəaliyyəti, eləcə də gələcək planları haqqında danışıb. S.Nəsirov bildirib ki, xalçaçılıq emalatxanasında Azərbaycana məxsus milli ornamentlər və motivlərdən istifadə edilir. Bununla da mədəniyyətimiz Misirdə tanıdılır.
“Xalçaçılığın tədrisi Dostluq Cəmiyyətinin çoxşaxəli fəaliyyətindən biridir. Burada xalçaçılıqla yanaşı, Azərbaycan dili, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, muğam sənəti və digər fənlər də tədris olunur. Cəmiyyətin təşkil etdiyi kurslarda bu günədək 2700-ə yaxın tələbə təhsil alıb. Hazırda 60 ölkədən 650-dən çox şəxs bu sahələr üzrə təhsilini ödənişsiz davam etdirir”, – deyə Cəmiyyətin sədri bildirib.
S.Nəsirov əlavə edib ki, rəhbərlik etdiyi təşkilatda xalqımızın digər sənətkarlıq nümunələrinin, o cümlədən təkəldüz sənətinin tədrisi barədə də fikirləşir. Bu sənət Misirdə məşhur olan “xiyamiyyə”yə bənzəsə də, ondan fərqlənir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə