Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində sonuncu – III tura start veriləcək.
“Report”un məlumatına görə, əvvəlcə A qrupunun oyunları keçiriləcək. Qarşılaşmalardan biri Bakıda, digəri İtaliyanın paytaxtı Romada oynanılacaq. Hər iki görüş eyni saatda – Bakı vaxtı ilə 20:00-da start götürəcək.
İlk turdan sonra xalı olmayan Türkiyə millisi 1 xalla 3-cü sırada qərarlaşan İsveçrə yığmasını sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda (BOS) gerçəkləşəcək oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsündən biri kimi 1/8 finala çıxmağı hədəfləyən “ay-ulduzlular” bunun üçün mütləq rəqibinə qalib gəlməlidir. Amma qələbə belə, Şenol Güneşin başçılıq etdiyi komandaya qrupdan çıxmaq üçün kifayət etməyə bilər. Bu mənada, digər oyunların nəticəsi də önəmli olacaq.
Bu qrupun digər oyununda isə İtaliya və Uels yığmaları üz-üzə gələcəklər. “Olimpiko” stadionundakı qarşılaşmanın baş hakimi Rumıniya təmsilçisi Ovidiu Hatseqan olacaq. İki görüşdən maksimum nəticə ilə ilk pillədə yer alan “Skuadra Adzurra” artıq pley-offa vəsiqəni təmin edib. 4 xalla ikinci sırada olan britaniyalıları isə bu görüşdə heç-heçə də qane edəcək.
Avropa çempionatı
A qrupu, III tur
20:00. İsveçrə – Türkiyə
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı Olimpiya Stadionu.
20:00. İtaliya – Uels
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
Roma, “Olimpiko” stadionu.
Xal durumu: İtaliya – 6, Uels – 4, İsveçrə – 1, Türkiyə – 0
Qeyd edək ki, Bakı Olimpiya Stadionu AVRO-2020-də artıq 2 oyuna ev sahibliyi edib. Daha əvvəl bu arenada baş tutan matçlarda Uels İsveçrə ilə 1:1 hesablı heç-heçə edib, Türkiyə isə Britaniya təmsilçisinə uduzub – 0:2. Bundan başqa, 1/4 finalın bir oyunu da BOS-da olacaq.