- Cəmiyyət, Dil, Manşet

Vasif SADIQLI. Özünə hörmət edənlərin Batumisi, etməyənlərin Bakısı və Gəncəsi

Həmişə demişik və təkrar edirik: dil təkcə ünsiyyət vasitəsi deyil, onun requlyativ, estetik, apellyativ, epistemik…  funksiyaları da var. Epistemik funksiya dilin gerçəklik, mədəni ənənələr, xalqın tarixi, milli özünüdərki haqda bilikləri qoruması və gələcək nəsillərə ötürməsinə deyilir. Ona görə  xalqın öz dilinə münasibəti həm də öz mədəniyyətinə, adət-ənənələrinə, dəyərlərinə münasibətidir.

Neçə ildir, Bakının küçə və prospektlərinin əcnəbi dillər tərəfindın işğal edilməsi barədə yazılır, deyilir, amma ciddi bir nəticə yoxdur. Maraqlıdır ki, bu biabırçılığın qarşısını almağa məsul olan şəxslər susmağa üstünlük verir. Susmaq bir yana, mövcud vəziyyətə bəraət qazandırmaq cəhdləri də var. Ötən yay “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyinin üzvləri millət vəkillərinə müraciət edərək bu acınaqcaqlı vəziyyətin qarşısını almaq üçün kömək istəyəndə deputat, eyni zamanda, Dövlət Dil Komissiyasının üzvü olan akademik etinasızcasına demişdi: “Dünyanın hər yerində belədir”.
Azərbaycan Dövlət Reklam Agentliyinin rəsmiləri isə bu pozuntulara qanuni don geyindirməyə, onu Azərbaycanın qoşulduğu Paris Konvensiyası və ya yerli qanunlarla əsaslandırmağa çalışırlar. Keçən yazımızda deyilənlərin absurd olduğu hüquqi cəhətdən izah edildi. İndi isə “Yalançını mənzilinə qədər qovarlar” prinsipini rəhbər tutub bir araşdırma apardıq və bu yalanları fotolarla sübut etmək qərarına gəldik.  Çox uzağa getmədik, qonşu Gürcüstana virtual səyahət etdik.

Demək, qonşu Gürcüstan da Azərbaycan kimi Paris Konvensiyasına qoşulub, eyni zamanda, onların da qanunvericiliyində reklam və lövhələrdə yazıların dövlət dilində olması, əcnəbi dildə yazı və əmtəə nişanlarının daha sonra yazılması müddəası var.

Bu dəfəki virtual səfərimiz Batumiyədir. Bu şəhər Gəncənin yarısı qədərdir, Qafqazın ən populyar kurort şəhəri sayıla bilər. Qeyd edək ki, 2018-ci ildə Azərbaycanın əhalisi 9 milyon 477 min nəfər olub, ölkəyə 1 milyon 325 min turist gəlib. 2018-ci ildə Gürcüstanın əhalisi 3 milyon 729 min nəfər olub. Həmin ildə ölkəyə 8,7 mln – yəni ölkə əhalisinin sayından 2 dəfə çox xarici turist gəlib. Yəni reklamların əcnəbi dillərdə olmasını turist axını ilə əsaslandırmaq da gülüncdür.

Ölkənin ən populyar kurort şəhərində “Anbanis koşki” (ანბანის კოშკი – “Əlifba qülləsi”) deyilən 130 metrlik bir qüllə ucaldılıb. O, öz strukturuna görə DNT molekulları spiralına bənzəyir. Burada nukleotid rolunu gürcü əlifbasının 33 hərfi oynayır. Qüllənin baş arxitektoru ispaniyalı Alberto Dominqo Kabodur. Abidənin mənasını izah etməyə ehtiyac yoxdur: “Dil xalqın genetik kodudur».

Batumiyə Gürcüstanın Las Veqası deyilir. Bu şəhərdə çoxlu kazinolar, əyləncə mərkəzləri var. Şəhərə yerli əhalinin sayından çox turist gəlsə də, bütün obyektlərin üzərində əvvəlcə gürcücə mətn və ya əmtəə nişanının transliterasiyası verilir. Amma Bakının mərkəzində dövlət dilindən istifadə edilməyən obyektlər 70, bəzən 90 və daha çox faiz təşkil edir.

Aşağıda Batumidən verilən fotolar bir daha sübut edir ki, ticarət və xidmət obyektlərində dövlət dili haqqında qanuna əməl edilməsinə nəzarət etməyə məsul olanlar öz işinin öhdəsindən gəlmir, üstəlik, xalqı aldadırlar. Hər kəsin öz milli dəyərlərinə qarşı etinasız, bivec olmaq, yalnız özünü, yaxınlarını, komfort və ataraksiyasını düşünmək hüququ var, amma birbaşa dövlət dilini qorumaq kimi vəzifəniz varsa, fəaliyyətsizliyiniz bir eyibsə, xalqı aldatmaq ondan da böyük nöqsandır.

Beləliklə, dilinə hörmət edənlərin Batumisi
1. Obyektin üzərinə gürcü əlifbası və latın qrafikası ilə “Basisbank” yazılıb

2. Obyektin üzərinə gürcü əlifbası və latın qrafikası ilə “Kazino Senator” yazılıb

3. Obyektin üzərinə gürcü əlifbası ilə “Dar bildinqi”, latın qrafikası ilə “Dar building” yazılıb

4. Obyektin üzərinə gürcü əlifbası ilə “Butiqi”, latın qrafikası ilə “Boutique” yazılıb

5. Obyektin üzərinə gürcü əlifbası ilə “Ekko”, latın qrafikası ilə “Ecco” yazılıb

6. Obyektin üzərinə gürcü əlifbası ilə “Ceoksi”, latın qrafikası ilə “Geox” yazılıb

7.Obyektin üzərinə gürcü əlifbası ilə “Vitibi”, latın qrafikası ilə “VTB” yazılıb

8.Obyektin üzərinə gürcü əlifbası ilə “Hiltoni”, latın qrafikası ilə “Hilton” yazılıb

9. Tam görünməsə də, obyektin üzərinə gürcü əlifbası ilə “Elit elektroniksi”, latın qrafikası ilə “Elıt electronics” yazılıb

10.Obyektin üzərinə gürcü əlifbası ilə və latın qrafikası ilə “Premium” yazılıb

11. Obyektin üzərinə gürcü əlifbası ilə “Slat klubi” və latın qrafikası ilə “Slat club” yazılıb, Göründüyü kimi, bütün adlar əvvəlcə gürcü əlifbası ilə yazılıb

Dilinə hörmət etməyənlərin Bakısı





Dilinə hörmət etməyənlərin Gəncəsi