Tələbəlik illəri uzaqda qalsa da, antik yunan ədəbiyyatından keçdiklərimizdən bir çoxlarını hələ unutmamışıq. Homeri filoloji təhsil almayanlar da az-çox tanıyır. Homer deyəndə filoloqların yadına mütləq Hesiod düşür. Hesiod sovet vaxtı dəbdə idi, ona sırf ideoloji səbəbdən layiq olduğundan daha çox vaxt ayırırdılar, amma o vaxt geniş yayılmış bir rəvayətin SSRİ dağılandan sonra tənqid edilməsi – Paned sindromu söhbəti (bu barədə ayrıca yazmaq lazım gələcək) onu da unudulmaz hala gətirdi. Daha kimlər vardı? Alkey, Tirtey, Sapfo. İlk ikisi adları həmqafiyə olduğu üçün yadda qalıb, Sapfo isə qadın olduğu üçün. Amma bu gün söhbət açacağım Arxiloxun yadda qalması sırf “öz halal zəhmətinin” nəticəsidir.
Arxilox antik yunan ədəbiyyatında həcvin atası titulu almış şairdir. Həyatı onu çox məşhur bir şair edəcək qədər maraqlı, keşməkeşli olub. O, təxminən eramızdan əvvəl 689/680-ci illərdə Paros adasında anadan olub. Atası yerli aristokrat Telesikl, anası frakiyalı kölə Enipo imiş. Deyilənə görə, qeyri-qanuni övlad olması onu həmişə istehza obyektinə çevirib. Arxilox ruzi dalınca Fasos adasına gedir və orada muzdlu döyüşçü kimi Frakiya qəbilələri ilə müharibədə iştirak edir. Döyüşlərin birində qalxanını da qoyub qaçıbmış. Sonradan şeirlərinin birində bu barədə yazır.
Hərb bəzəyi qalxanımı kolluqda atdım mən,
İndi, yəqin, frakiyalı əyləncə etmiş onu,
Mən ölümdən qaçdım ancaq… Əlvida, ey qalxanım,
Bu yaxında daha gözəl təzə qalxan alaram.
(Şeir parçası “Antik ədəbiyyat antologiyası”ndan götürülüb)
Bu şeir parçası ona böyük şöhrət gətirib. Şair cəsarətlə iddia edir ki, ən vacib şey insan həyatıdır, yeni qalxan əldə etmək elə də çətin deyil. Bu, muzdlu bir əsgərin mövqeyi idi, yeni yanaşma idi, stereotiplərə zidd idi. Təsadüfi deyil ki, Spartada onu döyüşçü şərəfinə ləkə gətirən həyasız bir şair kimi lənətləyirdilər.
Yunan ədəbiyyatı tarixində ilk dəqiq tarix Arxiloxla əlaqələndirilir. O, əsərlərindən birində Günəş tutulması zamanı insanları bürüyən heyrət və dəhşəti təsvir edib. Astronomlar bunun eramızdan əvvəl 648-ci il aprelin 5-də olduğunu bildirirlər.
Likambın qızı Neobulaya aşiq olması Arxiloxun həyatında ən mühüm hadisə hesab edilə bilər. Arxiloxun sevgi şeirləri çox uğurlu alınıb. Şair Neobulaya olan böyük sevgisini, onun gözəlliyinə heyranlığını, ayrılıqdan olan məyusluğunu, qısqanclıq əzablarını çox ustalıqla təsvir edib. Arxiloxun şeirlərindən qalan fraqmentlərdə Neobulaya güclü ehtirası, “əllə toxunmaq” xəyalı ifadə edilir. Şair deyir ki, hətta qocalar bu qızın sinəsinə, mirra (ətirli qətran) qoxuyan tellərinə toxunmaq istərdi. Arxiloxu hələ antik dövrdə Homerlə müqayisə edirdilər. Onun yunan lirik poeziyasına təsiri Homerin epik poeziyaya təsiri ilə müqayisə edilə bilər.
Bildiyimiz kimi, sevgidə uğursuzluq bir çox şairin həyatında dönüş nöqtəsi olub, onların yaradıcılığında mühüm rol oynayıb. Tarixdə sevdiyi qız tərəfindən müxtəlif səbəblərdən rədd edilən və ya valideynlərinin qızı verməməsindən sarsılan şair və digər sənətkarlar çox olub. Onlar, adətən, bu zərbədən sonra özlərini təsdiqə çalışıb, vəfasızlıqdan giley ediblər. Sevdiyi qıza qovuşa bilməyən şairlər, adətən, depressiyaya düşür, kədərli şeirlər yazmağa başlayırlar. Amma Arxilox “o Məcnunlardan” olmayıb. Qızını şairə verməyə razı olan, hətta toy şənliyi keçirən, sonra isə vədini pozan Likambın hərəkətləri Arxilox poeziyasının yönünü çox ciddi şəkildə dəyişib. O, sevgi tərənnüm edən incə qəlbli bir şairdən qəddar bir həcvçiyə çevrilib. Arxiloxun həcvləri bir çox hallarda heyvanlar haqda təmsillərlə başlayır, sonra tənqid hədəfinin kimliyi açıq şəkildə bəyan edilirdi. Onun qartal və tülkü haqqında təmsilinin də uğursuz evlilik cəhdi ilə bağlı olduğu güman edilir. Bu təmsildə personajlar qartal və tülkü dostluq etmək qərarına gəlirlər, lakin qartal tezliklə tülkünün balalarını oğurlayıb öz balalarına yedirir. Qartal xəyanətinin cəzasız qalacağına əmindir. Lakin tülkü Zevsə dua edir. Bir dəfə qartal bilmədən yuvasına isti kömür gətirir və balaları tələf olur. Qədim tənqidçilər Arxiloxun böyük istedadını etiraf etməklə yanaşı deyirdilər ki, onun dili zəhərini “itin ödündən və arının neştərindən” alır, “başdan-ayağa qan və əsəbdir”.
Arxiloxun həyatının bundan sonrakı hissəsi əfsanələşdiyinə görə əslində nə baş verdiyini dəqiqləşdirmək olmur.
Qıza niyə qovuşmaması ilə bağlı müəmmalar
Bəzi müəlliflərə görə, Arxilox yaxşı şair olsa da, çox kasıb olub, çörəyi daşdan çıxıb. Eyni zamanda, sərsəri həyat sürdüyü, qeyri-qanuni evlilikdən doğulduğu üçün Likambın qızını ona vermək fikrindən daşındığı deyilir. Başqa bir versiyaya görə, Arxiloxu aldadıblar. O, Likambın kiçik və gözəl qızını sevirmiş, onu aldadıb, böyük və çirkin qızı sırımaq istəyiblər.
Həcvlərə görə özünü asanlar barədə müəmmalar
Bəzi antik müəlliflərin yazdığına görə, Arxiloxun həcvləri o qədər sərt və ədəbsiz olub ki, Likambın qızları (onların iki və ya daha çox olduğu deyilir) bu rüsvayçılığa dözməyərək intihar ediblər. Böhtan onları «boyunlarını ilgəyə keçirməyə» vadar edib. Eramızın I əsrində yaşamış bir müəllifə görə, Likambın üç qızı olub və hamısı özünü asıb. Bəziləri isə iddia edirlər ki, Likamb da, hətta onun arvadı da özünü asıb. Bütün bunların uydurma olduğu iddiası da var. Salamat qalmış fraqmentlərdən birində Arxilox Likambın ailəsi haqqında yazır: “Əyilərək bütün təkəbbürlərini tökdülər”. Ehtimal edilir ki, burada işlənən feilin özünü asmaq mənası da var, kimsə o misranı elə başa düşüb və nəticədə intihar barədə uydurmalar yayılıb.
Ölümü ilə bağlı müəmmalar
Bəzi mənbələrə görə, Arxilox lağa qoyduğu, həcv etdiyi torpaq sahibi aristokratlarla döyüşdə öldürülüb. Digərlərinə görə, Likambın dostları Arxiloxu intihara məcbur edib, ya da sürgün etdiriblər. Başqa bir versiyaya görə, həmin şəxslər onu öldürüblər.
Məşhur epiqram
Arxiloxdan söhbət düşəndə adı məlum olmayan bir şairin onun qəbir daşı üzərindəki epiqramı (qədim yunanlarda qəbir daşlarında, ictimai binalarda, abidələr, hədiyyələr və s. üzərində yazılan xatirə yazısı) yada düşür. “Burada, dəniz sahilində Arxilox yatır. O, öz şeirinin acı göz yaşlarını ilan zəhəri ilə qatışdıraraq Gelikon dağının yüksəkliklərini qana boyamışdır. Bu həqiqəti üç qızının qəbri üzərində göz yaşı tökən Likamb çox yaxşı bilir. Yolçu, sakit gəl, sakit keç! Ehtiyatlı ol! Bu qəbirdə yatan qəzəbli arıları oyatma”.
Yazı hazırlanarkən İnternet mənbələri və “Antik ədəbiyyat antologiyası”ndan da istifadə edilib.









