- Köşə, Xəbərlər

Afiq MUXTAROĞLU. Niderlandın və Osmanlının laləli tarixindən fraqmentlər

Bu yazımda sizə laləli bir tarixdən bəhs edəcəm. Və sözü uzatmadan birbaşa mətləbə keçirəm.

Niderlandda yaşanmış lalə çılğınlığı, lalə dəliliyi aşağı-yuxarı dörd yüz il əvvələ təsadüf edir. Təxminən eyni tarixi dövrdə lalə dəliliyinin Osmanlı dönəmi də gedirdi. İnsanların lalə adlı bu gülə aşiqliyi, vurğunluğu, aludəçiliyi tutqu-maniya səviyyəsində bir xəstəliyə çevrilsə də, bu xəstəlik Osmanlıda fərqli simptomlarla özünü göstərirdi. Hollandlarsa (təkcə hollandlarmı?) bu xəstəliyi başqa cür keçirirdilər.

Niderlandla başlayaq.

Lalənin Niderland torpaqlarına XVI yüzilliyin sonlarında Osmanlıdan gətirildiyi söylənilir. Hollandların laləyə vurğunluqları isə XVII əsrin ikinci onilliyindən, lalə sahələrinin genişlənməsindən sonra başlayır. 1724-cü ildən lalənin bazarda dəyər qazanması dövrü başlayır və bu, özünün tarixi maksimumuna 1636-1637-ci ildə çatır. 1636-cı ilin noyabrından başlayan qiymət artımı 1637-ci ilin fevralında fəlakətlə nəticələnir. Bir neçə gün ərzində qızıldan qiymətli lalə su qiymətinə təklif olunur, onun üzünə baxan, adını çəkən də olmur.

“Hollandiyada təkcə günəş pulsuzdur, ona görə də solğundur” ifadəsi həmin günlərdən xalqın yaddaşında qalıb. Lalə çılğınlığı Niderlandda hər şeyin – daşınar-daşınmaz iynədən sapa bütün əmlakın od qiymətinə satılmasına gətirib çıxardı. Lalə hər şeyin önünə keçdi. Lalə hər şeyin ölçü vahidinə çevrildi. Lalə az qala dünyanın bütün sərvətinin Niderlanda daşınmasının başlıca nədəni oldu. Niderlandda hər şey qısa bir müddətdə satıldı, satılacaq bir şey qalmadığından gələcək illərdə yetişdiriləcək lalələr belə satılmış, lalə səhmləri gündən günə qızıldan qiymətli olmuşdu.

Üstəgəl Avropanı saran dini-siyasi toqquşma – otuzillik müharibənin başlanması da Hollandiya üçün düşərli oldu. Protestantlar Avropanın qanlı savaş meydanlarından buraya  axın edir, onsuz da od tutub yanan  Hollandiyanın əmlak bazarını daha da canlandırırdılar. Nədən ki, Hollandiyaya gələnlər əli boş gəlmir, qiymətdə ağır, vəzndə yüngül var-dövlətlərini də özləriylə gətirirdilər.

Bir az əvvəl əldə edilmiş müstəqillik sel kimi axıb gələn bu sərvətin hesabına özünün təməlini anbaan möhkəmləndirir, bu təməl üzərində Avropanın yeni yalançı cənnəti – Niderland şəkillənir, dünyanın maliyyə mərkəzinə, mədəniyyət ocağına çevrilirdi.

Flamand rəssamlıq məktəbi özünün çiçəklənmə dövrünü yaşayırdı. Əlipullu müştərilər saraylarını, mülklərini bəzəmək üçün rəssam emalatxanalarının kandarını yağır edir, uzun növbələr yaradırdılar. Aşıb-daşan pulu xərcləməyə yer tapa bilməyən  müştərilərin bu növbə sıxlığını anlamaq bu günün insanı üçün olduqca çətindir.

Osmanlıdan bir təsadüf nəticəsində Niderlanda gəlib çıxan lalələr bir neçə onillik ərzində burada hər şeyə nüfuz edib, sözün bütün mənalarında ölkəni dünyanın mərkəzinə çevirərək, hollandların “qızıl əsri”nə özünün töhfəsini verə bildi. Lalə qızıla çevrilərək, Niderlandın bu dönəmdən başlayan yeni dövrünün bəlgəsi, nişanı ucalığına yüksəldi.

Semper Augustus adı verilən bir lalə soğanı üçün 1633-cü ildə hərracda 4 çuval buğda, 8 çuval arpa, 8 baş öküz, 16 baş donuz, 24 baş qoyun, 4 çəllək şərab, 8 çəllək pivə, 4 çəllək kərə yağı, 1 ton pendir, 2 yataq dəsti, 4 dəst paltar, 2 gümüş sürahi, 1 minik arabası təklif olunurdu. Hələ bu harasıdır? 1637-ci ilin fevralında qiymətlər fantastik bir nöqtəyə yüksəlir və bir lalə soğanı 2500 qulden olur. Bu pula həmin dövrdə 20 baş öküz almaq mümkün idi.

Herzingen ailəsinin 6 yetiminin və onların analarının milyonçuya çevrilməsi lalə bazarında, sanki yanan ocağın üzərinə yağ tökür və bu xəbərin hər yerə yayılması ilə lalə qısa müddətə də olsa Niderlandda birinciliyini təmin edərək, hamını zibilə salmağı bacarır.

Amma hər şey bir yerə qədər. Otuzillik müharibənin gedişində baş verən təbədülatlar “lalə çılğınlığı”nı bir neçə günün içərisində dayandırmaq üçün yetərli oldu. Başına-gözünə döyən kim, özünə əl qatan kim? Amsterdama həyat, canlılıq verən su kanalları qısa müddət də olsa, “lalə çılğınlığı”nın sonunda hər şeyini itirənlərin son mənzilinə, intihar yerinə, bu dəliliyin ölüm simvoluna çevrildi.

XXI əsrdə Niderlandın böyük lalə sahələri Şimali Hollandiyada və Frislandiyada mərkəzləşmiş, Flevoland əyalətində də genişlənməkdədir. Ölkədə min beş yüzdən çox lalə təsərrüfatı fəaliyyət göstərir, burada 4 milyarddan çox lalə soğanı istehsal olunur və məlumunuz olsun ki, bu, dünya ticarətinin 92%-i deməkdir.

Lalə çılğınlığı gerçəkliklərin əfsanələrə qarışdığı bir olaydır. Hollandların yaşadığı lalə çılğınlığını qəbul etməyən tarixçilər də var. Onlar gerçəklikdə baş vermiş bu hadisənin miqyasinın çox kiçik və sosial-iqtisadi həyata təsirinin cüzi olduğunu isbatlamağa çalışanlardır.

*

Yazını Osmanlı lalələri ilə davam etdirək.

Bəri başdan qeyd edim ki, lalə xalqın sevdiyi bir çiçək idi. Osmanlı dönəmində lalə motivli sənət nümunələri xalq arasında da geniş yayılmışdı. Onun sevilməsinin bir səbəbini Allahın adına yaxın səslənişilə bağlayanlar da var.

Bir sıra xalqların dilində “tülpan” kimi səslənən sözün türklərin baş geyimi “türban”dan qaynaqlandığını deyənlərin olmasını demədən keçməyim. Bunun nə dərəcədə doğru olmasınısa deyə bilməyəcəm. Bununla bağlı bir rəvayətin olması da söylənilir. Qısaca belədir: Qulağına lalə taxmış türk kəndlisindən bu gülün adını soruşan avropalı səyyaha kəndli onun nə soruşduğunu anlamayaraq, “türban” cavabını verir. Anadolu kəndlisi  səyyahın onun baş geyiminin adını öyrənmək istədiyini güman edərək, belə söyləyir. Bax, beləcə “türban” “tülpan”a çevrilir. Bir yanlış naxışa dönür.

Sultan II Səlimin 1574-cü ildə Haləbdəki bir məmura saray bağçası üçün 50 000 lalə tədarük etməsini fərmanla bildirməsi, Sultan III Muradın 1577-ci ildə Kırıma 300 000 lale soğanı sifariş verməsi qaynaqlarla təsdiqini tapır. Bu o Sultan III Muraddır ki, Topqapı yaxınlarında həmin 1577-ci ildə bir rəsədxana inşa etdirmiş, lakin baş verən bir sıra sosial-siyasi uğursuzluğun bu rəsədxanada astranomların teleskopla “mələklərin bacaqlarına baxılması”ndan qaynaqlandığını iddia edən din adamlarının təkidi ilə qapatmağa məcbur olmuşdur.

İstanbuldaki fransız elçisi 1726-cı ildə Sədrəzəm Nevşehirli Damat İbrahim Paşanın lalə fantaziyalarından birini belə anladır:

“Sədrəzəmin bağçasında 500 000 lalə soğanı var. Lalələr çiçək açıb sədrəzəm onları Padşaha göstərmək istədiyi zaman, bütün  boşluqları başqa bağçalardan toplanaraq şüşə qablara qoyulan lalələrlə doldurmağa səy göstərir. Hər dörd çiçəkdən bir lallərlə eyni boyda şamlar qoyulur və keçid yolları cürbəcür quş qəfəsləriylə süslənir. Bütün qəfəslər dibçək çiçəkləriylə bəzədilir və müxtəlif rəngli kristal lampalarla işıqlandırılır. Rənglərin və işıqların güzgülərdə əks olunması möcüzələr yaradır. İşıqlanmanı gur bir musiqi müşayiət edir və türk musiqisi lalələrin çiçək açdığı gecələr ərzində davam edir. Bütün bunların məsrəflərini Sədrəzəm qarşılayır”.

Osmanlı tarixində qısa bir dönəmi – 1718-1730-cu illəri şərti olaraq “Lalə dövrü” adlandırırlar. Ad bu dövrə sonradan verilsə də, yaxından-uzaqdan lalə ilə bir ilgisi yoxdur anlamına da gəlmir. Bu dövrü bəzən “Zövq və səfa” dövrü kimi də xarakterizə edirlər. Bu,23-cü Osmanlı sultanı III Əhməd və sədrəzəm Damat İbrahim Paşanın birgə layihəsi idi. Bu, fransız elçisinin təsvir etdiyi, bağçasında beş yüz min lalə əkdirən həmin Damat İbrahim Paşadır. Bu dövrü Osmanlının avropalaşmaya doğru atdığı ilk addım da adlandırmaq olar. Nədən ki, Paris, London, Vyana kimi Avropa paytaxtlarına göndərilən müvəqqəti səfirliklərin məqsədi Avropanı yaxından tanıyıb, öyrənmək idi. Doğrudan da bu elçiliklərin səfərlərindən sonra Avropadan bir sıra yeniliklər Osmanlıya ayaq açdı. İlk mətbəə quruldu, çiçək xəstəliyinə qarşı peyvənd tətbiq olundu, yeniçərilərdən ibarət ilk yanğınsöndürən dəstələri yaradıldı, ilk fabriklər açıldı. “Lalə dövrü”ndə elm və sənətin inkişafına diqqət ayrıldı, ilk tərcümə mərkəzi fəaliyyətə başladı. Bütün bu kosmetik yenilənmələr Osmanlı dövləti üçün cüzi dəyişikliklər idi.

Məmurların, saray əhlinin “zövq və səfa” sürdüyü, xalqın səfalətə düçar olduğu bu dövr üsyanla başa çatır, “Lalə dövrü”nün müəllifləri sayılan Damat İbrahim Paşa edam edilir, Sultan III Əhmədsə taxtdan salınır.

*

…Osmanlıda lalə çılğınlığı dövlətin xəzinəsinin,  xalqın kisəsinin boşalması hesabına baş verir. Niderlandda isə dünyanın qızılının-gümüşünün ölkəyə axması, laləni becərən gülçülərin zənginləşmələri, yoxsulluğun daşını atmaları ilə müşayiət olunur. Bu da son qənaətim olsun…

Niderland Krallığı

12 iyun 2021-ci il