İnsanlar müxtəlif cürdür:
ətraf aləmdə görünən obyektlərə sadəcə baxanlar və onları tezcə də unudanlar;
ətraf aləmdə görünən obyektlərə baxanlar və onları unutmayanlar;
ətraf aləmdə görünən obyektlərə baxaraq, görünməyənləri isə hiss edərək duyğulananlar;
ətraf aləmdə görünən obyektlərə baxaraq, görünməyənləri isə hiss edərək duyğulananlar və duyğularını nə cürsə ifadə etməyə çalışanlar –
Dilimizdə “yaxın qohum” və “uzaq qohum” anlayışları var və mənası da hamıya aydındır. “Yaxın” və “uzaq” sözləri adamda bir xeyli təəssürat yarada bilər və onlardan biri də o odur ki, sanki yaxın qohum uzaq qohumdan daha tez və daha çox xatırlanır. Əslində isə belə deyil. Bu. belə ola da bilər, olmaya da bilər (məşhur atalar sözü də bir mənada bunu təsdiq edir: “Uzaq qohumdansa yaxın qonşu yaxşıdır”).
Atamın bir uzaq qohumu vardı. Çoxdandır, rəhmətə gedib. Bu dünyadan köçənəcən bizim evdə mən o kişini cəmi bir neçə dəfə görmüşdüm, amma onu bizdə aylarla qonaq qalmış bəzi adamlardan dəfələrlə çox xatırlayıram, bəzən elə olur ki, bir gündə bir neçə dəfə xatırladığım da olur. Bəs səbəb nədir?
Mən uşaq olanda bir dəfə həmin o uzaq qohum – Xalid dayı bizə hansısa böyük qonaqlığa gəlmişdi. Başqa şəhərdən gəldiyinə görə o bizə məclisin başlanmasından xeyli əvvəl gəlib çatmışdı və ev adamları hazırlıq prosesində ikən bir kənarda oturub atamla nərd oynayırdı, mən də yanlarında dayanıb onların oyununa baxırdım.
Hazırlıq işləri gedən böyük stolun üstündə başqa ərzaqlarla yanaşı bir xeyli çörək kömbəsi də vardı. Mən görürdüm ki, Xalid dayı nərd oynaya-oynaya tez-tez stolun üstündəki kömbələrə baxır. Onun bu halını müşahidə etdikcə düşünürdüm ki, yəqin, acdığı üçün baxır çörəyə və narahat olurdum, istəyirdim ki, məclis tez başlansın. Kişi bir dəfə də stolun üstündəki çörəklərə baxdı və əlindəki daşı yerinə qoyub ayağa durdu, stola yaxınlaşdı, üzü üstə düşmüş bir neçə kömbəni çevirib düzəltdi və dedi:
“Çörəyi tərsinə qoymayın, a bala.” Sonra yenə qayıdıb oyununa davam etdi.
Yəqin ki, bu çox adi bir əhvalatdır və onda diqqəti xüsusi olaraq cəlb edən elə bir məqam yoxdur, amma üstündən illər keçsə də, bu əhvalat yaddaşımdan silinmir. Bəlkə də, başqa bir nemətlə bağlı olsaydı, unudardım onu. Amma haçan harda üzü üstə düşmüş bir çörək kömbəsi görsəm, dərhal Xalid dayı düşür yadıma və mən qeyri-ixtiyari həmin kömbəni çevirib düzəldirəm. Bəzən mağazada da da rast gəlirəm üzüqoyulu düşmüş çörək kömbələrinə və az qalır satıcıya deyəm ki, “ay qardaş, ay bacı, çevir o çörəyi, tərsinə qoyma”.
Bu əhvalatı hər dəfə xatırlayanda onu da düşünürəm ki, Xalid dayını oyunun arxasından qalxıb üzü üstə düşmüş çörəyi çevirməyə sövq edən o səbəb nə idi, görəsən?