(“Adlar və adamlar” silsiləsindən)
Adam var ki, ölümünü qarşılayır gülə-gülə,
Adam var ki, ömür sürür gündə yüz yol ölə-ölə,
Adam var ki, bircə qaşıq qandan qorxub əslin danar,
Adam var ki, məsləkiçin diri-diri odda yanar.
Boy-buxunlu, güc- qüvvətli çoban idi, adı Həsən,
Böyük bir sərkərdə oldu, onunla fəxr etdi Vətən.
Lakin onu Həsən deyil, Babək kimi tanıdılar,
Hər addımda sübut etdi, Babək olmağa haqqı var.*
“Sənin ulu baban kimdir?”– deyə kimsə soruşanda
Öncə onu xatırlarıq, onun adı düşər yada.
Onu necə tanıyırıq, necə bir insan olubdur?
Çoxumuz heç bilmirik ki, harda, nə vaxt doğulubdur.
Ərdəblidən başlayaraq diyar-diyar dolaşdıqca,
Karvanlara qoşularaq dərə keçib, dağ aşdıqca,
Yordu onu uzun yollar, ayaqları qabar atdı,
Bu yollarda gördükləri ürəyini qubarlatdı.
Vətənində ola-ola vətənsiz tək yaşayanlar,
Zülm atlında əzilərək özgə yükü daşıyanlar,
Yadelliyə təzim edib sərhədindən yol verənlər,
Zurnaçıya züy tutanlar, ələkçiyə qıl verənlər,
Dövlətini, sərvətini çalıb-çapıb talayanlar,
Zəkasının qüdrətini tonqallarda qalayanlar, …
Coşdurdular nifrətini, asıb-daşdı dalğa-dalğa,
And içərək qılınc çəkdi, ta yurd çıxsın azadlığa.
Arxasında Bəzz qalası, dövrəsində min-min əsgər,
Sağ-solunda Tərxan, Rüstəm, Abdulla tək sərkərdələr,
Iyirmi il cəng eylədi, xilafətə lərzə saldı,
Yağmalanmış torpağını qarış-qarış geri aldı.
Xalqı üçün örnək oldu, vicdan oldu, qeyrət oldu,
Bir əfsanə, bir möcüzə, vəsfəgəlməz heyrət oldu.
Düşmən onun qabağında aciz qaldı, yesir düşdü,
Neçə güclü sərkərdəsi məğlub olub əsir düşdü.
Naçar qalıb qiymət qoydu ölüsünə, dirisinə,*
Vəhşi məram aşıladı neçə altun hərisinə.
Bu yenilməz cəngavərə mənsəb təklif eylədilər,
“Məsləkindən dönər olsan, bağışlarıq” söylədilər.
“Nə qədər ki sağam,-dedi,-qılınc tutur hələ əlim,
Mən düşmənə baş əymərəm, ya azadlıq, ya da ölüm!”
(Bu dəyanət qandan gəlir, bu söz ulu babanındır,
Kafirlərə satılmayan mərd Qaraca çobanındır).
Onu yenə bilmədilər döyüşlərdə qol gücünə,
Əl atdılar siyasətə, fitnə gücü, fel gücünə…
…Yoldaşını yarı yolda qoyub qaçan Səhl-Sumbat,
Dirhəmlərin küləyinə quş tək ucan Səhl-Sumbat.
Ona baha başa gəldi görünməmiş xəyanəti,
Geri dönüb öz başında çatladı da bəd niyyəti.
Qazansa da qızıl tacı, itirmişdi etibarı,
Öz qolunda gördü bir gün ağır-ağır qandalları.
Bir xəyanət rəmzi oldu, aqibəti bilinmədi,
Babəkinsə böyük adı ürəklərdən silinmədi.
Əzəl başdan bu dünyanın həm qarası, həm ağı var,
Çalxalanır, çalxalanır…həm ayranı, həm yağı var…
QEYDLƏR:
- “Babək” qədim fars dilindən tərcümədə “əziz ata” mənasını
ifadə edir. Babək, yəni ata, nüfuzlu başçı.
- Xəlifə Mötəsimin əmri ilə Babəki diri gətirənə
iki milyon, başını gətirənə isə bir milyon dirhəm mükafat veriləcəkdi.