Kamilinfo-nun qonağı tanınmamış jurnalist, qəzetist, saytist, loqosu və linqvanı fil eləyən, orfoqrafiyanın təəssübkeşi, Orfoqrafiya Komissarlığının təəccübkeşi, varvarzim və makaronizmlərlə mübarizənin təəhhüdkeşi Kim BİLİRdir. Qonağımızla yenə ədəbi dil məsələləri ətrafında var-gəl etdik.
– Salam, Kim bəy.
– Əleyküm salam.
– Harda qalmışdıq?
– Deyir, Qırat Çənlibelə çatanda kişnədi. Dəlilər yüyürüşüb gəldilər, Koroğlunun Qıratı sağ-salamat gətirməsinə hamı söyündü. Şadlıq məclisi qurdular. Nigar xanım Koroğluya sataşmaqçün zarafatyana dedi:
– Ay Koroğlu, doğurdan da, iyidsən, bu ad sənə halaldır, amma sufatdan bir az qarasan eee…
– Nə Koroğlu? Dildən danışırdıq…
– Bıy, hə…
– Eyib sayılmasa, bir söz soruşardım. İndiyə qədər sadaladığın nəzəriyyələrin əksəriyyətində Orfoqrafiya Komissarlığı tərif olunur. Bunların heç qəbahəti yoxmu?
– Onlar böyük adamların vəzifəsini böyük hərflə yazandan sonra heç kəsdən çəkinmir, adamlar onlardan çəkinir.
– Amma bəziləri orfoqrafiya qaydalarının tez-tez dəyişməsindən çox gileylidir.
– O adamlar cahildir, mühafizəkardır. Beşikkərtmə nişanlılıq keçmişdə qalıb. Hansı anlayışın hansı səs tərkibi (söz) ilə xasiyyəti tutsa, onunla ömür sürməlidir.
Bu, bir seleksiyadır. Biz anlayışları və sözləri bədbəxt olmağa qoymamalıyıq.
– Yəni insanlar kimi?
– Bəli, dedik axı, dil də canlıdır. Protomonqollarda evlilik barədə türkiyəli çinşünas alim Bəhaəddin Ögel maraqlı məlumatlar verir. Oxumusan?
– Xeyr.
– Onda dinlə. Protomonqollarda adət vardı, ildə bir dəfə oğlanlar və qızlar, ailəsiz kişi və qadınlar müəyyən yerə toplaşar, göftgu edər, özünə tay seçərdi. Vaxt tamama yetəndə qadınların hərəsi xasiyyəti tutan, zövqünə uyğun kişinin birini evinə “gəlin” aparardı (o vaxt onlarda matriarxat olub). Söz və anlayışların da bir-birini sevməsi şərtdir. Əks halda hər ikisi bədbəxt olur. Rablenin “Qarqantua və Pantaqruel” əsərində bir ağacdan bəhs edilir. Ağacda bir şey bitir. Dibində bir şey, onların harda olması talelərini həll edir. Məsələn, ağacın başındakı ox yerə düşəndə süpürgəyə tuş gələrsə, ömrü boyu süpürgə sapı olur, bəxti gətirib sadağa tuş gəlirsə, buna bəxti gətirmək deyirlər. Söz və anlayışların xasiyyətinin adaptasiyası mərhələsi olmalıdır. Hansı anlayışın hansı səs tərkibi, sözlə xasiyyəti tutursa, onunla yaşasın. Budur demokratiya…
– Deyirsən, sözlər tez-tez ailə dəyişməlidir?
– Fikir vermisən, bu sözlərin çoxu alınmadır. Onlarda yastıq yoldaşı dəyişmək ayıb sayılmır. Hatəmxan ağa necə deyirdi? “Bizdə çoxarvadlılıq dəbdədi, onlarda çoxərlilik”. Qorxulu bir şey yoxdur. Örkən nə qədər uzun olsa, yenə doğanaqdan keçər. O dəyişmələr axırda yenə status-kvoya qayıtmaqla başa çatacaq. – Cəhrəbanu xanımın “ikinci kruq” vaqiəsini eşidibsən?
– Yox.
– Onda dinlə. Deyir, Cəhrəbanu adlı qadın ər dəyişə-dəyişə gedir, heç birində bənd almırmış. Dörd ər dəyişəndən sonra beşinci dəfə yenidən əvvəlki ərinə gedəndə keçmiş üçüncü ərinin yeni arvadı keçmiş ikinci ərinin yeni arvadına zəng edib deyir, ay qız, hazırlaş, Cəhrəbanu “ikinci kruq” eləyir. Söz və anlayışların “boşanmaları” da elə. Qiymətli kağız və ya pul nişanı növü anlayışı bir əsrə yaxın əskinasla yaşadı, sonra əsginazla, daha sonra əsginasla ailə qurdu. Axırda yenə status-kvoya, əvvəlki ərinə – əskinasa qayıdacaq.
– Hardan bilirsən?
– Fikir ver, Azərbaycan Mərkəzi Bankı on ildir, heç vaxt əsginas və ya əskinaz yazmır. Nümunə deyim?
– De.
– “Bankda istifadə olunan “Brandt” tipli əskinas sayğaclarına və “Miltivac” tipli vakuum presləyicilərinə texniki qulluq göstərilməsi” (08.08.2011)
“Stolüstü əskinas sayğaclarının satın alınması”. (23.07.2015)
“Stolüstü əskinas sayğaclarına və vakuum presləyicilərə texniki qulluq (servis) göstərilməsi” (16.03.2017)
“Azərbaycan Respublikasının Mərkəzi Bankına məxsus stolüstü əskinas sayğaclarına və vakuum presləyicilərə texniki qulluqla (servislə) bağlı xidmətin satın alınması”. (03.05.2021).
– Bəs xasiyyəti tutmayanlar niyə dərhal boşanmır?
– Belə bir lətifə var. Bir gün yüz on yaşlı bir kişi yüz beş yaşlı arvadı ilə ZAQS-a gedib boşanmaq istədiklərini deyirlər. ZAQS müdiri soruşur:
– Neçə ildi, evlisiniz?
– Səksən beş.
– Bu fikrə indi düşmüsünüz?
– Yox, altmış il bundan əvvəl.
– Bəs niyə onda boşanmırdınız?
– Uşaqlara yazığımız gəlirdi. Gözlədik, hamısı qırılsın, sonra boşanaq.
– Yəni?
– Derivativlər (törəmə sözlər) də sözlərin övladıdır, gözləyirlər ki, onlar ölsün (köhnəlib passiv fonda keçsin), sonra boşansınlar.
— Çox sağ ol, getdim.
— Sən də. Yolun kənarı ilə get…
(ardı var)
Müsahibəni yazdı: Səndən QOKKU