Mən “Şərikli çörək” bədii filmindən olan bu misalı müxtəlif məqamlarda tez-tez çəkirəm. Çox təsirli səhnədir, kimin üçün olmasa da, mənim üçün elədir, odur ki, yaddaşıma həkk olunub. Yəqin, baxanların hamısının yadındadır. Həmin bədii filmdə bir həftəlik çörək “kartoçka”sını itirmiş uşaq çox ümidsiz bir halda ikən bazarda onu tanıyan qoca bir babaya rast gəlir. Kişi ondan bazarda çörək budkasının qabağında niyə belə qəmgin dayanmasının səbəbini soruşur. Söhbət əsnasında kişi uşağın çörək “kartoçka”sını itirdiyini öyrənir. Uşaqla mülayimcəsinə, canıyananlıqla danışan baba bazarlıq edir və uşaq qoca kişiyə yükünü aparmaqda kömək edir. Yol boyu kişi ona dünya, insanlar haqda hikmətli sözlər danışır. Bir həftəlik çörək “kartoçka”sını itirib çətin vəziyyətə düşmüş ac uşaq isə ümidlə evə tez çatmaq, nəsə yemək fikrində idi. Onlar evə çatanda kişi zənbili uşaqdan alır və ona çardaqdakı üzümləri də yığdırdır. Sonra onu əliboş yola salır və: “Axşam bizə gələrsən, nənə sənə nə bişirsin?”,- deyə soruşur. Uşaq isə kor-peşman boş evə qayıdarkən düşüncələrində: “Mən elə bilirdim ki, biz evə çatan kimi nəsə yeyəcəyik”, – deyir.
Ac, üstəlik xəyalları da suya düşmüş uşaq ümidləri puç olmuş halda yoluna davam edir…
İndi onun sözü olmasın, mən elə bilirdim ki, biz müstəqillik qazanan kimi bizim bütün ümummilli dəyərlərimiz qiymətini alacaq, həll olunmaması səbəblərini rusların, sovet totalitar rejiminin boynuna qoyduğumuz çətinliklərin hamısı tezliklə həllini tapacaq.
Hamıya məlumdur ki, milləti tanıdan, onun varlığını sübut edən dəyərlərdən, dövlətin atributlarından ən önəmlisi Ana dilidir. Millət, dövlət varsa, onun dili lazımı səviyyədə işlənmirsə, o millətin gələcəyi yoxdur. Hamının əzbər bildiyi sitatı yada salıram: “Bir milləti məhv etmək istəyirsənsə, onun dilini əlindən al”.
Bəs biz öz dilimizə, dövlət atributumuza yetərincə dəyər verir, işlədirikmi? Bəlkə də, çəkəcəyim bu nümunə, misal kiməsə adi, əhəmiyyətsiz görünə bilər. Amma bu kiçik sandığımız detal özü belə yaxın qonşularımız olan gürcülərin dillərinə olan hörmət, sevgi barədə böyük bir mesajdır. Bu məsələdə onlara həmişə qibtə etmişəm.
Futbola bütün dünya baxır, azarkeşləri, fanatları minlərlə, milyonlarladır. Bu günlərdə “Neftçi” ilə “Dinamo Tiflis” komandalarının Bakıda oyunu keçirilirdi. Futbola o qədər də marağım olmasa da, bu oyunda diqqətimi nə çəkdi, bilirsinizmi? Orada gürcü klubu oyunçularının köynəklərinin arxasında adları öz ana dillərində – gürcü dilində yazmaları…
Hər zaman, hələ lap Sovet dövründən – tələbə ikən mən onlardan Tiflisdə rusca söz soruşanda mənə rusca deyil, gürcücə cavab verəndə onların dil sevgisinə, özlərinə, öz dəyərlərinə qiymət və hörmətinə heyran qalmışam. Bu, yenə də öz təsdiqini tapdı. Gürcülər sadəcə bu kiçik elementlə də öz dillərinə nə qədər önəm verdiklərini sübut etdilər. Halbuki gürcü dilini özlərindən başqa heç bir dövlət istifadə eləmir.
Bəs biz nə edirik? Komanda köynəklərini ana dilində yazmaq bir yana, Bakıda – Azərbaycanın paytaxtında küçələrdə hansı obyekt, müəssisə və reklamı öz doğma ana dilimizdə yazırıq? Bakıda küçəyə çıxın, görün burada ana dilinin işlənmə səviyyəsi nə dərəcədədir? Paytaxtın küçələrini gəzərkən görün bir dənə əcnəbicə olmayan reklam və ya obyekt adına rast gələcəksinizmi?! Vaxtilə FADMM-in Bakı küçələrindən apardığı monitorinqlərin nəticələri, yəqin ki, yadınızdadır. Təkcə M.Rəsulzadə küçəsi və “Azərbaycan” prospektindəki vəziyyəti xatırlatmaq məsələnin nə yerdə olduğundan xəbər vermirmi? Rəsulzadə küçəsində 42 obyektdən 41-də Azərbaycan dilindən istifadə edilməməsi “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun 7.1 maddəsinə necə əməl edildiyinə sübutdur. Eləcə də “Azərbaycan” prospektində reklam lövhələri, ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin çəkilmiş fotolarında 61-dən cəmi 1-də Azərbaycan dilinə rast gəlinib. Qalanlarında ya Azərbaycan dilindən istifadə edilməmiş, ya da sadəcə, bəzilərində “açıqdır”, “endirim” kimi sözlərə yer verilib. Xarici dildə yazılmış brend adları, mağaza adları Azərbaycan dilində yazılanlardan uğurlu alınıb, orfoqrafık cəhətdən düz yazılıb. Xarici dildə yazılanlar gözəl tərtib olunub və əsasən, orfoqrafik cəhətdən düz yazılıb. “Azərbaycan” prospektində əsas çoxluğu ingiliscə yazılmış lövhələr tutur (41), hibrid (14), sonra türk (4) və ən axırıncı yeri isə rus: («Нежный возраст») və Azərbaycan dili («Çox sərfəli gün eynəkləri») tutur.
Vaxt vardı, Azərbaycan dilini Qafqazdakı işlənmə dairəsinə görə Avropada fransız dili ilə müqayisə edirdilər. Bəs biz nə etdik? İndi necədir? Onun işlənmə dairəsini özümüz öz dilimizə hörmət etməklə nə qədər genişləndirdik? Üzr istəyirəm, bəlkə, yerinə düşmür çəkəcəyim bu atalar sözü, amma çəkməyə məcburam. Bir atalar sözündə deyildiyi kimi: “Yumurtamadı, yumurtamadı, bəs fal necə oldu?”…
Əcnəbidilli reklamlar tək Bakını yox, bütün Azərbaycanı başına alıb. Əcnəbidilli reklamlar ucqar kəndlərdə də dükan və marketlərin “bəzəyi”nə çevrilib. Bunların qarşısın bir alan tapılmayacaqmı? Müraciət eləmədiyimiz aidiyyatı orqan qalmayıb. İndi kim qoymur?! Məgər biz öz dövlətimizin ağası deyilikmi, öz əlimiz, öz başımız deyilmi?! Məgər bunu kimsə gəlib bizim əvəzimizə etməlidir? Bu nə biabırçılıqdır ki, əcnəbicə yazılması bir yana, tək-tük ana dilində yazılanlar da tamamən səhv-sühv yazılır! Kiçik iaşə obyektlərinin reklamlarındakı orfoqrafik səhvlər isə tam dözülməzdir. Bəlkə də bu, orfoqrafiya lüğətlərimizdəki uyğunsuzluğun nəticəsidir!?
Bu işə bir əncam çəkən tapılmayacaqmı, daha kimə müraciət edək, dərdimizi kimə deyək?!
Deyəsən, bütün bunlar Azərbaycan dilinin dövlət dili kimi maneəsiz inkişafı ilə bağlı üzərinə konkret öhdəliklər düşən Bakı Şəhər İcra Hakimiyyətini əsla maraqlandırmır. Əgər maraqlandırsaydı, ziyalıların müraciətlərindən sonra bir əməli işin şahidi olardıq… Sual edirəm: Bakının ortasında milli sərvətimiz olan ədəbi dilimizi qoruya bilmiriksə, əsgərlərimiz ön cəbhədə həyatı hesabına torpaqlarımızı kimin üçün qoruyur!?
Biz itmiş milli dəyərlərimizin “kartoçkası”nı tezliklə özümüz tapmalıyıq, yoxsa, özgəyə ümid edən şamsız yatar…
“…Mən elə bilirdim ki, biz evə çatan kimi yemək yeyəcəyik!…”