Dilimizə xas olan elə deyimlər var ki, onların mənasını yanlış bildiyimi mən yalnız bir xeyli böyüdükdən sonra anlamışdım. Belə deyimlərdən birini dünən bir doğum günü məclisində daha çox eşidirdim və hər dəfə eşitdikcə usaqlığımda bu ifadəni necə yozduğumu xatırlayıb gülümsünürdüm.
Usaqlıq dövrümdə adamlar biri digərinə hansı münasibətləsə hədiyyə verərkən hədiyyə alan adamın onu verənə “sağ ol, payın çox olsun” deməsi mənə həmişə qəribə gəlirdi. Mənə elə gəlirdi ki, payı götürən adam belə deyərkən bu sözləri ilə aldığı payın azlığına üstüörtülü bir narazılıqla işarə vurub qarşısındakına demək istəyir ki, “bax, gələn dəfə payın çox olsun ha!..”
Frazanın mənasını bu cür başa düsdüyümə görə də düşünürdüm ki, görəsən, adamlar necə utanıb-çəkinmədən çoxlu pay istədiklərini “payın çox olsun” deyə belə asanlıqla dillərinə gətirə bilirlər, ayıb deyilmi?
Məni təəccübləndirən bir də o olurdu ki, aldığı payın qarşılığında bu sözləri yalnız tək-tük adamlar deyil, elə ucdantutma hamı, hətta gözütox olduğuna tam əmin olduğum adamlar da söyləyirdilər və həm də bunu elə məmnun və xoş təbəssümlə deyirdilər ki, mən bu mənzərədən tamam çaş-baş qalırdım: adamın gözünün içinə dik-dik “payın çox olsun” demək hara, bu xoş təbəssüm hara?
Böyüdüm və böyüdükcə anlamadığım bir çox mətləblər və deyimlər kimi, bu deyimin də doğru mənasını anladım – Bütün bayram və şad günlərinizdə hamınızın payınız çox olsun!..