Pərvanə BAYRAMQIZI
Əsrlərlə, eralarla müqayisədə bir il tarix üçün bir ana bərabərdir. Amma o bir ilin içində böyük işlər görməklə onu Çingiz Aytmatovun təbirincə desək, əsrə bərabər günə çevirmək olur. Bir il ərzində dünya başbilənləri pandemiya dövrü elan edib, insanların taleyini alt-üst etməklə, biz isə ana dilimizi qorumaqla məşğul olduq. “Biz” deyəndə 2020-ci ilin mart ayının 11-də təsis edilən FADMM-in üzvləri nəzərdə tutulur. Bu abreviaturanın açıqlamasının və məramının nədən ibarət olduğunu mətni oxuduqca biləcəksiniz.
Xronoloji ardıcıllığı pozub birinci nəticədən, yəni təbrikdən başlayıram. Bu təbriklə FADMM-ın yaradılma səbəbi bəlli olur.
Ərəbşünas alim Nəriman Qasımoğlunun yazdığından başlayaq ki, təşkilat haqqında məlumat ala biləsiniz.
“Hansısa qeyri-hökumət təşkilatını bircə illik fəaıiyyəti dövründə həyata keçirdiyi işlərin miqyasına görə dəyərləndirməli olanda ən yaxşı halda, adətən, 1-2 layihədən, özü də maliyyələşən layihədən söz salırlar.
Bu mənada “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” – FADMM çoxsaylı qeyri-hökumət təşkilatları içində istisnadır. Özü də hər mənada:
1 il ərzində maliyyə qrantlarından istifadə etmədən çalışdı;
1 ildə gördüyü işlər FADMM-i ölkədə ictimai fikrin dövlət dilinin qarşılaşdığı problemlərin həllinə yönəldilməsində, demək olar, əsas intellektual mərkəzə çevrilə bildi.
1 illik fəaliyyəti nəticəsiz qalmadı, Azərbaycan dilinin dövlət dili statusuna uyğun işləkliyinin təmin olunmasında ölkə ziyalılarının səylərini birləşdirdi, onları mətbuat orqanlarında çıxışlara sövq etdi və, nəhayət, göstərdiyi təşəbbüslər dövlət orqanlarında (AMEA-da, Bakı Şəhər İcra Hakimiyyətində) müzakirələrə səbəb oldu.
1 il boyunca reklam və ticarət obyektlərinin adlarında Azərbaycan dilinin sıxışdırılmasının qarşısının alınması, “Dövlət dili haqqında” qanuna riayət edilməsi tələbləri səpkisində apardığı yorulmaz mübarizə qardaş Türkiyədə də əks-səda yaratdı, orada da müvafiq qanunun qəbuluna təkan verdi.
Son olaraq qeyd edim ki, FADMM bir yaşına qədərki fəaliyyəti ilə millətə təmənnasız xidmətin əvəzsiz nümunəsini sərgilədi. Bundan gözəl nə ola bilər?”
Nəriman müəllim ən vacib, təqdirəlayiq məqamları vurğulayıb.
Məqsədi ana dilini qorumaq olan mərkəzin təsis edildiyi gün təsisçi Vasif Sadıqlı xəbər verəndə, sevə-sevə ona qoşulanda Mərkəzə qrant ayrılıb-ayrılmayacağı ağlıma gəlməmişdi ki. Belə marağım heç vaxt olmayıb. Bu işi müqəddəs iş, vətəndaş borcu sandım. Təsisçinin ana dilinə sevgisi, təşkilatı həvəslə yaratması mənə o qədər xoş təsir bağışladı ki, başqa şeyləri düşünmədim. Böyük insan, ziyalı olanda da bu cür olasan, gedəndə də əqidəli adamların yolu ilə gedəsən.
Lovğalıq olmasın, demək olar ki, FADMM üçün ilk yazan mən olmuşam. Ana dili mövzusunda necə həvəslə, şövqlə yazdımsa, ard-arda 7 yazı düzəldi. Yavaş-yavaş sıralarımız genişləndi, ədəbiyyatçılar, dilçilər də qoşuldular. Sevindim. Arxayın oldum ki, məndən gözəl yazanlar var, FADMM etibarlı əllərdədir.
Yazılan mətnlər mübarizə meydanını xatırladırdı. Burda Bakının küçələrinin acınacaqlı görüntüləri, orfoqrafik qaydaların əməl edilmədiyi obyekt adları və s. həm sözlə təsvir edilir, həm də fotolarla göstərilirdi.
Getdikcə qızğın işlər başladı, əlaqədar təşkilatlara müraciətlər ünvanlandı.
Görülən işləri bir-bir yazmağa ona görə ehtiyac duymuram ki, təbriklərdə ziyalılarımız həmin məqamları vurğulayıblar.
Həmin təbriklərdə Vətəninə, millətinə, dilinə bağlı olan ürəklərin döyüntüsü, sevgisi, sevinci duyulur.
Gəlin, birlikdə oxuyaq, əsl vətəndaş necə insanlara deyilir, onu bir daha dərk edək.
Qars Universiteti, dosent Afina Məmmədli:
“Bu, bir həqiqətdir ki, çoxumuz dil ilə bağlı xoşagəlməz hallarla qarşılaşanda heyfsilənib köks ötürməklə kifayətlənirik. Amma FADMM bu kimi hallarla mübarizə aparmağa qərar verdi. FADMM sədri Vasif Sadıqlı və içraçı direktor Gülyaz Əliyevanın sosial mediada elan etdikləri səfərbərlik öz bəhrəsini verdi. FADMM sosial mediada bir anda necə parladısa, çox sayda ziyalı avtomatik şəkildə fikir və düşünlərinin tərcümanı olaraq gördükləri bu təşkilatın işığına toplaşdı.
Ziyalı-aydın-işıqlı insanlar bir yerdə olanda günəş kimi parıldayırlar. Güc birlikdədir”.
Fəxrəddin Veysəlli, AMEA Dilçilik İnstitutunun sabiq direktoru, professor:
“Eşitdim ki, Azərbaycanda yeni ictimai qurum – “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” yaranıb. Bu, məni bir dilçi kimi çox sevindirdi. Çünki doğrusu, bu işin öhdəsindən gəlməli olan AMEA-nın Dilçilik İnstitutu plan işlərinin içərisində itib-batıb. Həm də bu institutda hər zaman tənqid etmək o qədər də asan iş deyil. Amma FADMM öz işini tənqid üzərində qurarsa, o zaman söylənilən fikir və mülahizələrə vaxtında reaksiya veriləcəyinə əminəm. FADMM öz işini elə qurmalıdır ki, onun hər bir sözü yetərli, obyektiv və qərəzsiz olmalıdır.”
Qərəzlə işimiz yoxdur, sadəcə, ana dilimizi qoruyuruq.
Könül Bünyadzadə, AMEAnın müxbir üzvü:
“Cəngavərliyin öz fəlsəfəsi var və hərə onun müəyyən bir tərəfini anlamağa qadirdir. Ancaq bu anlayışın tək simvolu, məncə, Don Kixotdur. FADMM, məncə, məhz Ana dilimizin, bu vasitə ilə həm də milli dəyərlərimizin Don Kixotudur. Bu məsələyə təkrar qayıdacam, indi isə FADMM-in əhəmiyyətindən danışım. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” sıradan bir qeyri-hökümət təşkilatdan daha çox, dilini sevən vətəndaşların bir yerə toplaşdığı mərkəzdir. Bu səbəbdən o təşkilata üzv olmadan da doğmalaşmaq, eyni qayə naminə birləşmək mümkündür. Bəli, həqiqətən də, dil yalnız dilçilərin işi deyil və FADMM ətrafına yığdığı zilayılarla bunu sübut edir.
Yenə qayıdım cəngavərliyə. FADMM Don Kixotdur, elə onun kimi “öz işinin övladıdır”. Elə onun kimi özünü bütünlüklə öz işinə həsr edir, onu elə-belə yox, əsaslı şəkildə görür. Ən vacibi isə, elə cəngavər kimi, ən kiçik bir detalın əhəmiyyətini də bütün orqanizmin əhəmiyyəti qədər görüb vurğulamağı bacarır. FADMM öz məqsədi uğrunda gecə-gündüz yorulmadan, ən yüksək əhval-ruhiyyə ilə vuruşur, tədricən səni də öz işinin “övladına” çevirir”.
Pərvanə Məmmədli, dosent:
“Ötən əsrlərdə dilin qorunması, saflığı, işlənməsi yolunda mücadilə aparan Salman Mümtaz, Mirzə Cəlil, Üzeyir bəy, Bəkir Çobanzadənin gördüyü işi sonralar Mirzə İbrahimov Bəxtiyar Vahabzadə və Tofiq Hacıyev kimi aydınlarımız davam etdirdi. Bu qutsal yolu tutub sıralarını genişləndirdi. Az bir müddətdə yaranmış FADMM –in dilimizin saflığı və qorunması sahəsində göstərdiyi təşəbbüslərdən sonra mətbuat orqanlarında ziyalıların dilin müdafiəsinə qalxan çıxışları ictimai rəyin, qınağın Azərbaycanda da keçərli olduğuna inam yaratdı, bunu əməldə doğrultdu.
Reklamlarda və ticarət obyektlərinin adlarında Azərbaycan dilinin sıxışdırılmasının qarşısının alınması, Dövlət dili haqqında qanuna riayət edilməsi tələbləri ilə bağlı çıxışlar, təşəbbüslər AMEA-da, Bakı Şəhər İcra Hakimiyyəti kimi dövlət orqanlarında müzakirələrə səbəb oldu”.
Qulu Məhərrəmli, professor:
“Yaranmasının bir ili tamam olan “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” (FADMM) bizim görüb-tanıdığımız adi ictimai birliklərdən deyil. Yəni hüquqi statusuna görə yox, məzmun və mahiyyətinə, ictimai missiyasına, milli düşüncəyə xidmətinə görə fərqli bir qurumdur. Fərqliliyi də odur ki, bu mərkəz sosial sifariş kimi zamanın tələbindən, cəmiyyətin və dil daşıyıcılarının istəyindən, ana dilinin özünün həyəcanlı çağırışlarından doğmuşdur. Elə bu səbəbdən də bir az poetik dillə desək, təbiətin oyanış ayı olan martda uzun incə bir yola çıxmış FADMM fəaliyyət göstərdiyi qısa müddətdə cəmiyyətin müxtəlif qatlarında, ilk növbədə isə tədris ocaqlarında, elmi-tədqiqat müəssisələrində, alimlər və müəllimlər arasında ciddi populyarlıq qazandı. Ona görə ki, bu qurum tez bir zamanda xalqın ruhunun ifadəsi olan ana dilinin təəssübkeşinə çevrildi, dilin təmizliyi, onun düzgün işlədilməsi, dil normalarının qorunması məsələsini gündəmə çıxartdı, sayı getdikcə çoxalan əcnəbi yazılara etiraz etdi, küçə reklam və elanları sahəsində qayda yaratmaqla bağlı ardıcıl addımlar atdı.
FADMM-in bir qrup nümayəndəsi BŞİH-də qəbul edilmiş, problemlə bağlı işgüzar dialoq aparılmış, nəticədə dil nöqsanlarının qarşısını almaq üçün Dövlət Reklam Agentliyi ilə birgə komissiya yaradılması məqsədəuyğun hsab edilmişdir. Görüşdə qərara alınməşdır ki, növbəti müzakirələrdə Əqli Mülkiyyət Agentliyi və İqtisadiyyat Nazirliyinin də müvafiq şəxsləri də iştirak etsin, praktik fəaliyyət üçün ilk addımlar atmaq məqsədilə yeni layihələr hazırlansın. İkinci görüş zamanı dil nöqsanları ilə bağlı problemin mürəkkəbliyi bir daha üzə çıxmışdır. Amma bu mürəkkəbliklərə baxmyaraq FADMM həmin qurumla işgüzar münasibətləri indi də davam etdirir və biz bu işin perspektivli olacağına inanırıq”.
Tərlan Quliyev, professor:
“FADMM yarandığı bu bir il ərzində bu ictimai birliyin fəaliyyəti həmişə gözümüzun önündə olub və biz bu fəaliyyəti daim izləmişik. Bu qurumun sədri və bu qurumun tərkibində olan ziyalılar həmişə qaldırdıqları və həll etməyə çalışdıqları problemlərlə daima ictimayyətin diqqət mərkəzindədir.Ötən bir il ərzində dilimizin saflığının qorunması, dil haqqında qanunlara əməl edilməsi, xüsusilə Bakımızın küçə və prospektlərində ana dilindən dövlət qanunlarına uyğun istifadə edilməsi sahəsindəmanitorinqlər keçirmiş, mücadilə etmişlər. Bu sahədə müxtəlif istiqamətlərdə işlər görmüş FADMM-in faəliyyəti ziyalılarımız tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Mən bir ziyalı olaraq onların bir il ərzindəki fəaliyyətini yüksək qiymətləndirir, onlara uğurlar arzu edirəm. Əziz FADMM-çılar, fəaliyyətinizin bir ili münasibəti ilə sizi təbrik edirəm”.
Aida Qasımova, professor:
“Hal-hazırda büsbütün narazılıq və şikayətlərlə dolu bir dövrdə yaşayırıq. Sosial media, qəzet və jurnallar, yığıncaq və görüşlər tənqid üzərində yüklənib. Hamı hər şeyi tənqid edərkən, tənqidin məqsəd və məramı da qaranlıq qalır. Göz önündəki eybəcərləkləri sanki görməyənlər daha qlobal məsələlərdən bəhs edir, “başdan iylənən balıq” prinsipi ilə yaxalarını kənara çəkirlər. Və yaxud, “əşi, düzələn deyil”, “hər yer belədir” prinsipi ilə özünü pis kişi etməyənlər.
FADMM-nin fəaliyyəti göstərdi ki, “balıq heç də başdan iylənmirmiş”. Sən demə, bəzi ciddi məsələlər düzələn imiş. Sadəcə, özündən bədgüman bəzi şəxslərə müqavimət göstərmək, daha doğrusu, belə bir müqaviməti təşkil edib öndə getmək lazım imiş. Nəticədə, dilimiz eybəcərləşmək təhlükəsindən qurtuldu, qoşa “y”-lar yerində möhkəm dayandı. Şəhərimizin yaddilli reklamlardan qurtulması da bütün ciddiyyəti ilə gündəmdə yer aldı”.
Bizi təkcə qələm və söz adamları deyil hüquq müdafiəçiləri də izləyir. Çünki qanun da sözlə, ana dilində yazılır, ana dilinin də hüquqları var.
Yeganə Məmmədova, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, AR ƏƏSM Nazirliyi tabeliyində DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının Hüquq departamentinin müdiri:
“Ana dilinə ögey münasibət bəslənilən bu zamanda dilinə sevgiylə yanaşıb, onun qeydinə qalan könüllü insanları alqışlamaqla yanaşı, onlara həm də dəstək olmaq lazımdır. Azərbaycan dilini onu sevənlər yaşadacaqlar. Dil millətimizindir, onu korlamağa heç kəsin haqqı yoxdur. FADMM-ın gördüyü işlərin, araşdırdıqları sahələrin haqqında dərc edilən yazıları oxuduqca adamda ümid hissi güclənir. Əmin oluruq ki, layiqli vətəndaşlar çoxdur, onlar Vətənlərini, ana dillərini qoruyub nəsildən-nəsilə ötürəcəklər.
Mərkəzin fəaliyyətinə hər bir Azərbaycan vətəndaşı dəstək olmalı, öz töhfəsini verməlidir”.
Aybəniz Rəhimova, dosent, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar institutunun aparıcı elmi işçisi:
“FADMM-nin 1 il ərzində gördüyü işlər dolanbaclı yollardan keçsə də, səmərəli nəticələri ilə ürəklərə su səpir. Hətta 44 günlük müharibə dövründə də FADMM, eləcə də Din və Demokratiya Mərkəzi İctimai Biriyinin sədri Vasif Sadiqli ilə bərabər fədakar işçi qrupu fasilə vermədən azad olunmuş Qarabağ torpaqlarımızda erməni vandalizminin qurbanı olan şəhər və kəndlərimiz, o ərazilərdə dağıdılan tarixi abidələr, məsçidlər, mədəniyyət ocaqları siyahıya alınaraq gərgin, sürətli və səmərəli işləri ilə yaddaşlara hopur. FADMM-nin 1 il müddətində əzmkarlıqla gördüyü işlər illərlə yazılanları, deyilənləri üstələyir və aidiyyəti qurumları, Mill Məclisi canlandırır. Artıq etiraz səsləri dinlənilir və qaldırılan məsələyə cavab reaksiyaları verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Dövlət Dil Komissiyası yanında Monitorinq mərkəzinin yaradılması barədə sərəncama imza atır. Budur VƏTƏNPƏRVƏRLİK, budur ANA DİLİNƏ SEVGİ, budur EL GÜCÜ… Elə buradaca Vaqif Kəhrizlinin misraları yada düşür: “Həm Arazam, həm də Kürəm, axıb Xəzərə tökülləm, Dilim ölsə, mən də ölləm, Ana dilim ölən deyil, özgə dilə dönən deyil”. FADMM-nin 1 yaşı tamam olur. Bu 1 ildə gördüyü əvəzolunmaz səmərəli işləri, uğurlu nəticələri düşündükcə, həm heyrətlənir, həm də qürurlanıram”.
Digər təbrikləri və icraçı direktor Gülyaz Əliyevanın üzvlərdən götürdüyü müsahibələri də qeyd etsəm, yazı vaxtınızı çox alacaq. Düşünürəm ki, bunlar “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” haqqında müəyyən təsəvvür yaratmağa kifayət edər. Hə, bir də üzvlərdən biri maraqlı və əyləncəli test tərtib etmişdi ki, bu da bütövlükdə dil mövzusunu əhatə edirdi.
Təbrikini slayd formasında hazırlayan dostlara, xüsusilə də Yasamal rayon MKS-nin İnformasiya-resurs şöbəsinin əməkdaşı Gülnar Allahverdiyevaya bir daha təşəkkür edirəm.