Dünya şöhrətli vokalçı Müslüm Maqomayevin və görkəmli bəstəkar Tofiq Quliyevin Bakı şəhərində heykəllərinin qoyulacağı yer müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə hər iki sənətkarın abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsi Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılıb.
“Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında” ölkə başçısının 12 mart 2020-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanan heykəlin Dənizkənarı Milli Parkın ərazisində, dəniz tərəfdən Dövlət Kukla Teatrının yaxınlığında ayrılmış yerdə ucaldılması nəzərdə tutulur. Abidənin müəllifi Xalq rəssamı, heykəltəraş Ömər Eldarovdur. Hazırda heykəlin son tamamlama işləri aparılır.
“Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Prezidentinin 20 may 2021-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin isə keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılması planlaşdırılır.