- Köşə

“Plazma çərşənbəsi”

Vasif SADIQLI

Hörmətli FB-daşlardan biri üç yalançı (məmur, tüccar və deputat çərşənbəsi) çərşənbədən sonra gələn 4 çərşənbənin maddələrin 4 aqreqat halı ilə əlaqəli olduğunu yazmışdı. Məncə, maraqlı fikirdir. Yazının adını da ordan götürdük…Od nədir? Heraklit hesab edirdi ki, ilk ünsür oddur. Ayrı-ayrı predmetlər, hətta ruhlar da zərurət üzrə oddan törəyib. Bu zərurəti o, “loqos” adlandırırdı. Həyatı dövrələrdən ibarət hesab edən filosofun fikrincə, hər bir mərhələnin sonunda hər şey ilk ünsürə – oda çevrilir. Empedokl isə ondan fərqli olaraq, odu dörd ünsürdən (ənasiri-ərbəə – su, hava, torpaq, od) biri kimi qəbul edir və çox sevirdi. Bu sevgi, nəhayət, onun özünü Etna vulkanına atması ilə nəticələnib.

Od hakim kimi. Qədim İran ərazisində təqsirləndirilən şəxsə qarşı yetərli dəlil olmayanda onu odun sərəncamına verirdilər. Şübhəli şəxsi iki zəbanə çəkən od arasındakı dar keçiddən qaçaraq keçməyə məcbur edərdilər. Əgər sağ qalsa, bəraət alardı. Deyirdilər ki, Mitra onu günahsız elan edib.

Od və dil. Təkamülçülər oddan istifadəni insanın meymundan əmələ gəlməsində dönüş nöqtəsi olaraq götürürlər. Engels “Meymunun insana çevrilməsində əməyin rolu” adlı əsərində deyir ki, insanlar bişmiş ət yeməyə başlayadan sonra alt çənə mütəhərrikləşib və o fərqli səslər tələffüz etmək üçün müsaid bir duruma gəlib. Bundan sonra ayrı-ayrı sözlər və dil yaranıb.

“Allah”lardan oğurluq halaldir? Qədim yunan mifologiyasına görə, Zevs insanları cəzalandırmaq üçün odu onların əlindən alıb. Sonra qəhrəman Prometey gedib odu oğurlayıb gətirib, bu səbəbdən cəza olaraq qayaya zəncirlənib.

Odun ruhunun olması inancı. Azərbaycanda odun ruhunun olması inancının izləri hələ də qalır. Ocaq yananda səs çıxarırsa, odunları tərpədib səsini kəsirlər. Hesab olunur ki, od yananda səs çıxırsa, demək, deyinir, hansısa narazılığı var.

Od “yuyucu” vasitə kimi. Novruzda odun üstündən atılıb ağırlıq-uğurluğun yandırılmasının mümkünlüyünə inanılır.

Oddan yaranmaq təkəbbür üçün əsas ola bilməz. Qurana görə, İblis torpaqdan yaradılana – Adəmə səcdə etməməsini özünün üstünlüyü – oddan yaradılması ilə “əsaslandırır” və buna görə cəzalandırılır.

Od məşuq kimi. Şam və pərvanə cütlüyündə şam məşuqdur, bəzən daş qəlbli olur, bəzən özü də yanır.

Pərvanə əgər yansa da şəmin sitəmindən,
Şəmin də yaxar ömrünü pərvanə, tələsmə.
(Vahid)

“Od” sözünün məna çalarları. Eşq odu. Bu od sahibini (mənbəyini), ona məxsus olanı yandırmır.

Atəşin ruyində əfi tək yatıb geysulərin,
Türfə cadudur ki, mar atəşdə suzan olmasın!

(Hörüklərin atəşli üzündə əfi ilan kimi yatıb, qəribə cadudur ki, ilan atəşdə yanmır)…

Bu od bir qayda olaraq, qarşı tərəf üçün ciddi fəsadlar verir, amma öldürücü deyil:

Oduna çox yanmışam,
Başına çox dolanmışam
Yolunda dayanmışam,
Yar gəldi, yar gəldi, yar gəldi (xalq mahnısı).

Həsrətin könüldə yaratdığı od. Bu odu su söndürmür:

Saçma, ey göz, əşkdən könlümdəki odlarə su,
Kim bu dəglü tutuşan odlara qılmaz çarə su (Füzuli).

(Ey göz, könlümdəki oda göz yaşımdan su tökmə, çünki bu cür yanan odu su söndürə bilməz).

Ahın odu. Bu od canlılarla yanaşı, cansız əşyaları da yandırır:

Necəsən, bir ah çəkəm,
Kür quruya, sal yana.

Gözünün odunu almaq – qorxudub ram etmək

Od parçası – çox zirək, diribaş, bacarıqlı

Odla oynamaq – nəticəsi fəlakətlə qurtara biləcək bir iş görmək

Özünü oda-közə vurmaq – təhlükəli şəkildə çalışmaq

Od qonşusu – yaxın, qapıbir qonşu

Od götürmək – bərk hirslənmək, özündən çıxmaq

İki od arasında – “Между Сциллой и Харибдой” kimi şeydi…

Bu qədər bəsdi. Xeyirli çərşənbələr…