İbrahim NƏBİOĞLU
I yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=636
II yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=641
III yazını bu linkdən oxuya bilərsiniz: https://kamilinfo.net/?p=644
Gecədən başlayan yağış hələ də yağır. Sabahın erkən saatında səhər yeməyi verilən otelin restoran bölümündə Baxın hansısa sıxıcı bir fuqası çalır. Yan masada oturanlar ortalıqda dolaşan gözəl bir qadına musiqini dəyişdirməyi xahiş edirlər. Qadın təbəssümlə təmizlik işçisi olduğunu, musiqi seçiminə qarışmadığını bildirir. Yağışın şiddəti artdıqca navalçadan axan suların səsi Bax polifoniyasının səsini batırır. Meteoroloji günboyu yağış proqnozu verir. Yağış leysana keçsə belə biz Vyananı kəşf etməkdən usanan deyilik. Oteldən çıxırıq, küçədəki qadınlar biri-birindən fərqli və maraqlıdırlar, rəngli çətirləri ilə Fellini filmlərindəki obrazlara bənzəyirlər…
Vyana qadınları əsalətlidirlər. Yaşlıları da başları dik və məğrur gəzirlər. Təəccüblü də deyil əslində – İmperiyaya paytaxt omuş bir şəhərin qadınları seçilməlidirlər axı. Orta yaş qadınlar çoxluq təşkil edirlər, bəziləri lələkli Tirol şlyapaları ilə Vyananın ehtişamlı illərini, salon mədəniyyəti və bir zamanların kəhkəşanlı tarixini xatırladırlar. Ədaları, özlərinə olan güvənləri ilə haradan gəldiklərini, hansı imperatorluğun xələfləri olduqlarını bəlli edirlər. Vyanalı qadınlar kimi mənsubiyyətini açıq göstərən başqa birilərini təsəvvür etmək çətindir.
Son zamanlar memuar və bioqrafiya janrında əlimə nə keçsə oxumağa çalışıram. Bu yaxında Beatriks Şifererin “Avropa mədəniyyətində Vyana qadınları” kitabı sataşdı gözümə. Kitab son iki yüz il ərzində Avropanın siyasi, mədəni həyatında önəmli rol oynamış və Avstriya tarixinə damğa vurmuş qadınlar haqdadır. Mesenat Fanni fon Arnştayn, yazıçı, Sülh üzrə Nobel mükafatı laureatı (1905) baronessa Berta fon Zutner, yazıçı Mariya fon Ebner-Eşenbah, yazıçı və psixoanalitik Lu Salome kimi tanınmış qadınlar içində diqqətimi ən çox çəkən Alma Maler oldu. Adı 19 və 20-ci əsrlərin ayrıcındakı Avropa mədəniyyəti ilə assosiasiya olunan bu qadın haqqında çox şey oxumuşam.
Dörd sənət dahisinin həyat yoldaşı olmuş Alma Maler (1879-1964) onların ilham mənbəyi idi. Elə buna görə də 2013-cü ildə “Ayna”ya yazdığım məqaləni “Sevgililərindən Tanrılar yaratmış qadın” adlandırmışdım. Pəri kimi doğulmuşdu, uzun həyatı boyu 9 böyük sənətkara qadınlıq etmişdi – kiminin arvadı, kiminin də məşuqəsi kimi. Sənət tarixçilərinin “femme fatale” adlandırdıqları bu qadının adı mədəniyyət tarixinə dahi bəstəkar Qustav Maler, görkəmli memar Valter Qropius, dünya şöhrətli rəssam Oskar Kokoşka, tanınmış yazıçı Frans Verfel kimi sənətkarların adları ilə yanaşı çəkilir. Vyana operasının yanından keçərkən qadınları Alma Malerə, Köhnə şəhərin içindəki kitab mağazalarının önündə isə onları Alma Verfelə bənzədirəm.
Muzey Kvartalındakı “Leopold Museum”un önündə onun gənc qız ikən məşhur rəssam Qustav Klimtlə yaşadığı eşq macəraları gəlir ağlıma. Klimtin təsvir obyektləri əsasən qadınlar idilər. Onun rəsm əsərlərində kişi demək olar ki, yoxdur. Nadir hallarda rast gəlinən kişi obrazlarının üzləri isə gizlidir, onları tanımaq olmur. “Öpüş” (1908) tablosu Klimtin ən məşhur əsərləridir. Yaradacılığının “Qızıl” dövründə çəkdiyi bu tabloda qayalıqdakı çiçək zəmisində bir-birinə sarılmış iki sevgili təsvir olunub. Kişi qadına tərəf əyilib onu yanaqlarından öpür, ancaq kişinin üzü görünmür. Qadın qeyri-adi bir şəkildə başını yana əyib, sevgilisinin ağuşunda huşu başdan çıxıb…
* * *
Sanstefan meydanına getmək üçün tramvaya minirik. Üç dayanacaq sonra enir, gəzə-gəzə şəhərin mərkəzində xalq arasında Steffi olaraq adlandırılan Stephansdom (Müqəddəs Stefan) Katolik kilsəsinə tərəf yeriyirik. Yağış şiddətini azaldıb, Vyananın simvolu sayılan Steffi bütün büsatı ilə önümüzdə dayanıb. Elə bil ki, yağış gecənin qarasını yuyub aparıb. Bu qotik memarlıq abidəsi Tanrının bütün evləri kimi insanı fərqli ruhani atmosferə salır.
1137-ci ildə tikilən kilisə 1511-ci ildəki əlavə tikililərlə indiki görkəmli halını alıb. Müqəddəs Stefanın kilsə zəngi ona xüsusi gözəllik verir. 21 ton ağırlığındakı Pummerin adlanan bu zəngin səsi də kilsənin özü kimi sehirlidir. Zəng 17-ci əsrdə Osmanlı ordusu ilə müahribədə qənimət olaraq ələ keçirilən türk toplarından əridilərək tökülüb. II Dünya savaşı zamanı ciddi xəsarət alan Pummerin bu gün əsrarəngiz səsi ilə dini bayramlarda kilsə müdavimlərini Steffiyə çağırır. Və kilsə zəngi silahlara “yox” deyib, “əridərək” ona ilahi bir kimlik qazandırıb. Tək bunu idrak etmək yetərlidir ki, insan həyatın rutin axarından sıyrılıb bir az da başqa, daha pak və uzaq şeylər haqda düşünsün.
Kilsənin içində Avstriya İmperatorluğunun tanınmış zatlarının sərdabələri yerləşir. Rudolf IV, Fridrix III, Yevgeniy Savoyskiy və Habsburq sülaləsinin 72 üzvü burada dəfn olunublar. Əslində onlardan bir çoxunun məzarı simvolikdir, çünki Stefansdomda əsasən mərhumların daxili orqanları dəfn olunub, bədənləri Kapusinlər kilsəsində, ürəkləri isə Müqəddəs Avqustin kilsəsində torpağa veriliblər…
Oğlanlardan ibarət kilsə xorunun məşqləri başlayır. Oturmağa boş yer yoxdur, əzəmətli kilsə sütunlarından birinə söykənib orqanın insanı ruhunu əlindən alan tilsimli səsi ilə xorun qovuşmasına şahid oluram. Steffi inanılmaz bir kosmik abu-havaya bürünür, nəqarətdəki “Aliluya” ən daş qəlbli ziyarətçiləri belə kövrəldir, onlara bəşəri duyğular hiss etdirir. Arxamdan doğma dilimizdə danışan iki qadının səsi gəlir birdən. Şam axtarırlar həşirlə. Tanış tiplərdir, bunlara bizim şəhərlərarası yollarda tez-tez rast gəlirik – hər kola-kosa ip, əski parçası bağlayan, hər nəzir qutusuna pul atanlardandırlar. İndi eyni şeyi burda etmək, nəzir qutusu olmadığından şam yandırmaq istəyirlər. Amma əski də bağlasalar, şam da yandırsalar ən azından Stephansdom kilsəsini görmüş oldular.
* * *
Steffidən Katarsisdən keçmiş kimi çıxıb özümüzü şəhərin gurhaguruna atırıq. Şırhaşır yağış yağır. Yoldaşım Belvederə getməyi təklif edir. Klimtin “Öpüş”, “Yudif və Olofernin kəlləsi” əsərləri Vyananın memarlıq simvollarından biri sayılan Belveder Saray Kompleksində sərgilənirlər. Dövrünün ən görkəmli sərkərdəsi sayılan Şahzadə Yevgeniy Savoyski üçün yay iqamətgahı olaraq 18-ci əsrdə barokko stilində inşa edilən kompleks Vyananın ən görülməli yerlərindən biridir. Belveder Landştarssedə yerləşir və şəhərin mərkəzindən tramvayla 10 dəqiqəlik məsafədədir. Lakin ora getmək fikrindən vaz keçirik, çünki şiddətli yağış bu memarlıq möcüzəsi ilə onun ətrafındakı bağ və parkı gəzməyə imkan verməyəcək. Odur ki, şəhərdə qalmağa qərar veririk.
Yeməyə çox vaxt getməsin deyə Vyanadakı “Sosis çadırları”ndan birinin önündə dayanmışam. Burada “naştoylanmaq” üçün ən asan yol Vyana sosisləri yeməkdir. Restorana getməyə ehtiyac da yoxdur, hər kvartalda “Sosis çadırları” adlanan bufetlər var. Küçə ortasındakı bu bufetlərdə sosisin yanında bir dilim çörək və bir az da tərəvəz verirlər. Satıcıların “Şirin ya acı” sualına hazır olmaq lazımdır. Bu sualı necə xardal istədiyinizi öyrənmək üçün soruşurlar. Biz burun-başımızdan alov çıxaran rusların “yadryonaya qorçitsa”sına (rus. ядреная горчица) alışmışıq, şirin xardal ağız dadımıza uyğun deyil. Mən də “kezekrene”nin (içində az miqdarda pendir olan Vyanaya xas sosis) yanında estraqonlu (tərxunlu) xardal istədim.
Satıcı qız türkdür, ancaq Türkiyədə cəmi bir dəfə olub. Atası 70-cı illərdə Avstriyaya iş tapmaq məqsədilə gəlib və burada vyanalı bir qızla evlənib. Türklər əsasən Vyananın 10-cu bölgəsində, Reumannplatzda yaşayırlar. Derya da bu məhəllədə doğulub, tələbədir, boş vaxtlarında çalışır və təbii olaraq özünü avropalı sayır. Ona bizim də avropalı olduğumuzu deyirəm. Təbəssüm etmək istəyir, sonra üz ifadəsini ciddiləşdirib belə deyir: “Əgər Azərbaycan Avropadırsa, onda bu məntiqlə Venesuela da ABŞ-dır”. Gülürəm, “Sənə fikrimi əsaslandıra bilərəm” – ona belə cavab verirəm. “İstəmirəm” deyir, sonra da əlavə edir: “Mübahisə çıxacaq, biz müştəri ilə çox danışa bilmərik”. Razılaşıb mövzunu qapadıram. Düşünürəm ki, əslində avropalı olduğumu isbatlamaq üçün arqumentlərim elə də çox deyil. Ovqatım təlx olur – Əgər biz avropalı deyiliksə, deməli şərqliyik. Amma mən özümü şərqli hiss etmirəm axı?…
Vyananın tarixi küçələrini gəzərkən “Biz haralıyıq, avropalımı yoxsa asiyalımı?” sualı yenə də beynimi məşğul etməyə başlayır. “Almaniya qeydləri” adlı silsilə yazılarımdan birində “ordnünq”dən bəhs edərkən almanların qayda-qanuna necə riayət etmələrinin, dəqiq və pedantlıqlarının hardan gəldiyindən yazmışdım. Çox qəribədir, ancaq avstriyalılar almanları çox da sevməzlər. Almanlarla eyni dili danışsalar, oxşar tarix və mədəniyyətə sahib olsalar da avstriyalılar onlar kimi deyillər. Söz və əməllərinə çox da əməl etməyən avstriyalılar daha ətalətli, rahatlıqlarına daha düşgündürlər. Məsələn, vyanalılar sürəkli siesta havasındadırlar, günün günorta çağı kafelərdə iynə atsan yerə düşməz. Zatən qəhvə içmək Vyanada bir kultdur. Qəhvə sifariş verən vyanalı yanına mütləq bir şüşə su və bir dilim ştrudel ya da tort istəyəcək. Bu da kafedə ən az bir saat “sefillənmək” deməkdir. Bahar və yay aylarında isə qəhvənin yanına mütləq şritser (alm. spritzer) sifariş edirlər. Şərab və mineral suyun qarışımından hazırlanan bu içki susuzluğa yaxşı gəlir. Çay avstriyalıların ən az rəğbət etdiyi içki sayılır. “Çaydansa su yaxşıdır” deyirlər vyanalılar və məncə çox da haqlıdırlar, çünki evlərində krandan axan su içməlidir və o, Alp dağlarının kristal kimi təmiz bulaqlarından axıb gəlir.
Kristal demişkən, Vyanada çox sayda “Swarovski” mağazaları var. Dünyanın ən məşhur zinət əşyaları istehsal edən şirkətinin Avstriya şirkəti olduğunu bilmirdim. Daniel Svarovski (1862 – 1956) tərəfindən İnsburq yaxınlığındakı Vattens şəhərində açılan zavod bu gün toz kristalların, zinət və bəzək əşyalarının, optik qurğuların ən əsas istehsalçılarından biridir. Vyanaya gələnlər “Swarovski” markalı zinət əşyalarının burada daha ucuz olduğunu zənn edirlər. Ancaq qiymətlər nəinki ucuz, hətta başqa ölkələrdəkindən daha yuxarı olur. Vyana Avropanın ən bahalı şəhərlərindən biridir.
Vyananın mərkəzi və xüsusilə də tarixi bölgəsində park etmiş avtomobilə rastlamaq mümkün deyil. “Parkovka” o qədər bahalıdır ki, hətta imkanlı olanlar belə bunu nəzərə alırlar. Ancaq onlar üçün bu heç də dərd deyil – dünyanın ən mükəmməl ictimai nəqliyyat sistemi Vyanadadır çünki. Metro həftəsonu, yəni cümədən bazara qədər fasiləsiz çalışır. Bu da şəhərin gecə həyatının nə qədər hərəkətli keçdiyini göstərir. Hərçənd ki, sabahın çox erkən açıldığı, qaranlığınsa tez düşdüyü Vyanada axşam 8-dən sonra yerli əhalinin ayağı küçələrdən yığışır. Şəhər tamamən gənclərin və xarici qonaqların ixtiyarına verilir.
Qadınlar Vyanada nə qədər diqqət çəksələr də yaşlı qadınlar şəhərin ən şirin və ən hörmət oyandıran insanlarıdırlar. Onlara “yaşlı” və ya “qoca” deməyə insanın dili gəlmir. 80-90 yaşındakı bu qadınların çoxu alçaqdaban ayaqqabılarda, şlyapalı, boyunlarında bahalı kaşnelərdə gözə dəyirlər. Əyin-başları, küçə və kafelərdəki davranış və nəzakətlərini izləyəndə onlara heyran qalmamaq olmur. Avstriyalıların çoxu katolikdirlər. Xarici görünüşlərinə görə mühafizəkar və dindar görünsələr də kilsəyə ancaq Milad bayramı ilə Pasxada gedirlər.
* * *
Vyana dondurması şnitsel və ştrudel qədər məşhurdur. Dondurma “Dondurma salonları”nda satılır. Suyun və südün keyfiyyəti, ənənəvi reseptlər Vyana dondurmalarının şanına şöhrət qatır. İlk salonlar İtaliyadan gələn dondurma ustaları tərəfindən 19-cu əsrin əvvələrində açılıb və bu gün də ən məşhur salonlar italyan dondurmaları satanlardır. Onların qiymətləri də keyfiyyətinə görədir. Vyanada ən ucuz kafelər dönər kafeləridir. Ancaq gedib oralarda dönər yemək cinayətdir, bilmədiyiniz yerli dadları dadmaq lazımdır hər zaman. Ümumən isə Vyanada yemək yemək Avropada ən asan məsələdir, yerli mətbəxə qarşı bir qıcığınız yoxdursa demək ki, probleminiz də yoxdur. Doğrusu, Avstriya mətbəxi çox da zəngin deyil. Yeməklər əsasən italyan, macar və alman yeməklərinin sintezindən yaranıb. Bu yeməklər bizim ağız dadımıza çox yaxındır. Məşhur Vyana şnitseli, bakhun, boyşel və təbii ki, sosislər.
Vyananın mərkəzindəki lüks restoranlar çox bahalıdır. Ancaq mən sizə bələdçilik edim, daha uyğun yeri göstərim. Əgər yolunuz oralara düşsə mütləq Lenaugasse 11 ünvanındakı “Centimeter” restoranına gedin, qiymətlər çox münasibdir, bənzərlərindən hardasa 30-40 % ucuzdur. Şəhərdə 5-6 şöbəsi olan restoranda menyu açılıb-yığılanan xətkeş formasındadır və yeməklər də santimetrlə, yəni ölçü ilə sifariş verilir. Məsələn, yarım metr qabırğa, bir metr sosis qızartması və s. Hətta desert üçün dillərdə dastan almalı ştrudeli də ölçü ilə servis edirlər masaya. Bakxendel (alm. Backhendl) sifariş vermək istədik, ancaq Türkiyədə toyuqdan elə iyrənmişik ki, yerli mətbəxin bu məşhur yeməyindən vaz keçdik. Fantastik bir qabırğa və yanında da soyutma kartof söylədik. “Centimeter”dəki ləzzətli bir axşam yeməyini əlimi yarım metr açıb “Yarım metr desert istıyirəm” sözlərilə sonlandırdıq.
* * *
Zəif işıqlı fənərlərlə işıqlandırılmış ara küçələrlə otelə doğru gedirik. Klimtlə dolu bir Vyana axşamının sonunda hər şey qızılı rəngdə idi sanki. Qarşımıza çıxan pabın böyük pəncərəsindən Klimtin “Qızıl Adel” tablosunun reproduksiyası dəyir gözümə. “Avstriyanın Mona Lizası” adlandırılan bu məşhur əsər Vyana və onun qadınlarını ucaldan ən gözəl sənət əsərlərindən biridir. Yolboyu Klimtin dünyanın qadından başladığı haqda fəlsəfi ideyanı əsas götürərək onu necə ölümsüzləşdirdiyini düşünürəm. Dahi rəssam qadını məhəbbətin himni adlandırmış, rənglər qammasının ahəngindən hər tablosunda bir məhəbbət himni yaratmışdı. Onun bütün yaradıcılığı məhəbbətin apofeozu və hətta ekstazıdır. Məncə, Klimtin qadınları da elə Vyananın bütünləşmiş obrazıdırlar. Çünki şəhərləri də qadınlar kimi sevmək lazımdır bəzən. Sevməsən gözəllikləri üzə çıxmır…