- Köşə

İmarət CƏLİLQIZI. İldırım: atəş və səs

 

  Uşaq ikən hələ anlamırdım ki, niyə ildırım çaxanda əvvəlcə işığı görünür, sonra səsi eşidilir. Belə başa düşürdüm ki, yəqin, işıq işarədir, deyir, bir azdan ildırım çaxacaq, qulaqlarınızı tutun. Qulaqlarımı çox vaxt tutmurdum, işıq-səs əvəzlənməsini müşahidə etmək mənə maraqlı gəlirdi.

  Bəzən adamlar arasında dinməz oturanda istər-istəməz maraqlı məqamlar aşkar edirsən. Bütün duyğu üzvlərin sənin iradəndən asılı olmayaraq ətrafı hiss etməyə köklənir.

 Bir gün içərisində xeyli adam olan bir otaqda beləcə oturmuşdum. Yığıncaq olmalı idi, hələ başlanmasına xeyli qalırdı. Ətrafda iki-bir, üç-bir söhbətləşənlər vardı, telefonuna baxanlar, telefonunda nəsə yazanlar, mənim kimi sakitcə oturub gözləyənlər vardı.

 Qarşı tərəfdə bir xanım sol tərəfi mənə sarı dayanıb digər bir xanımla söhbət edirdi. Sözünü bitirib üzünü bəri çevirdi və sifəti mənim müşahidəm altında qaldı. Elə bil mənə əmr verilibmiş kimi bu sifəti izləməyə başladım. İlk bir neçə an donuq bir sifət. Sonra gözlər qıyıldı, içində qığılcımlar sürətlə ora-bura qaçışdı, dodaqları istehzalı bir təbəssümlə büzüldü. Elə o andaca beynimdə fikir yarandı ki, qadın indicə filankəsə yaxınlaşacaq və onunla filan mövzuda söhbət edəcək. Bu fikrimin doğru olub-olmadığını yoxlamaq üçün üçün yox, mütləq baş verəcəyinə əmin olduğum bir hadisənin təfərrüatını görmək üçün qadını izləməyə başladım. Ağlıma necə gəlmişdisə, eləcə də oldu: qadın mənim ağlıma gələn məhz həmin adama yaxınlaşdı və məhz düşündüyüm məzmunda da (xoş olmayan mövzuda) onunla söhbətə başladı.

  …İldırımdan elə buna görə söz salmışdım – adamların üz ifadəsi ildırım atəşi (“işığı” yaza bilmirəm, çünki “işıq” sözü mənim üçün həmişə müsbət anlamdadır, “nur” anlamında) kimidir: görən kimi anlayırsan ki, bir azdan səsi də gələcək – ya güclü, ya zəif, ya xatalı, ya xatasız…