- Köşə

İtimizin cəhənnəmə dönən yayı

 

Bizim ocaqlığa düz əməlli bir it düşmürdü. Əslində düşmürdü deməyim də doğru deyil. “Düşmürdü”nün özünün yerinə düşməyən söz olduğunun fərqindəyəm. Düzü bu ki, biz itə baxan deyildik. İtə baxmaq deyəndə, allahın heyvanını ac-susuz ha saxlamırdıq, əppəyini-suyunu kəm eləmirdik, hər öynə özümüz yediyimizdən ona da verirdik. Vaxtını da ötürmürdük. Köhnəlmiş, vaxtı keçmiş şirniyyatları da itimiz iştahla mədəsinə ötürürdü.

Kefimə düşəndə itimizi “Hacı Şakir” şampunu ilə çimizdirdiyim də olurdu. Düzünü desəm, bu, yadıma düşəndən düşənə olurdu. İtimiz də özünə kəm baxan deyildi. İsti vurub, bürkülənəndə özünü bağın ayağındakı su arxına salıb, sərinləyir, sudan çıxandan sonra da tüklərinə yapışan su damlalarını silkələnib çırpınaraq, ətrafa çıpçıldadırdı. Deyirdim ki, yazıqdır, gənəsi olar, bürəsi olar. Bu da dilsiz-ağızsız heyvan, durub mənə “bürəm var, gənəm var” ha deməyəcəkdi. Adamın özünün bir balaca qanacağı olsa yaxşıdır. İtin dil açıb danışmasını gözləsən, Şəki Şirvanı keçər.

Bizim çöpümüzdən idimi, yoxsa nədən idi, bizə düşən itlərin hamısı fağır, gələnə-gedənə quyruq bulayan, bir sözlə, qonaq ötürən olurdu. Özümüz kimi sakitin, kirmişin biri, dili-ağızı özündə. Mal yiyəsinə oxşamasa haramdır deyirlər ha, o, bizim boyumuza biçilmişdi.
Bizim xüsusi, ədili-dədili it seçməyimiz də yox idi. Bir az xoşumuza gəlməsi yetərli idi. Bizi oğrudan ha saldırmayacaqdı. Oğrudan saldırılası bir şeyimizin olmadığını da söhbətimin gözünə qatıram. Buradan da belə çıxmasın ki, biz quru yerdə yaşayırdıq, yox evinin yoxsulu və ya qıl evinin qaraçısı idik. Bizim də özümüzə yetdik nəyimizsə var idi, qaladanqırma yoxsul da deyildik. Amma oğrunun aparacağı artığımız da yox idi. Bunu demək istəyirdim. İtin qapımızda səs-səmir eləməsi bizim üçün bəs edirdi, hələ bir-iki ağız çox hürməsini belə artıqlıq hesab edir, hərəmiz bir yandan: “Bu başı batan, zəhləmizi tökdü” – deyirdik.

Camaat qapı iti seçəndə onun əslini-nəslini, yeddi arxadan dönənini iyləyib-çüyləyir, cikinə-bikinə bələd olub, evinə gətirir, gözü açılmamışdan onun qulluğunda durur, gözdən-könüldən uzaq tutur, quyruğunu-qulağını kəsir, axşam-sabah dızılayır, ona yaman olmaq dərsi keçir, ortalığa da urlu-urvatlı – göydə quş alan, yerdə qəzəbindən zəncir çeynəyən it çıxarırdı. Bizim nə belə it seçmək, nə də ona təlim keçmək kimi bir fəhmimiz, həm də buna elə bir həvəsimiz yox idi. Bizimki qismətimizə çıxan aşqal-uşqal birini evə gətirmək, bacardığımızdan qulluğunda durmaqdan başqa bir şey deyildi.


Bizim neçə itimiz olub, kiməsə dəyib toxunmaları, kiməsə diş batırmaları yadıma gəlmir. Nə illah-billah eləsəm də, belə bir hadisənin olmasını yadıma sala bilmirəm. Bir də olmayan bir şeyi nə yadıma salmalıyam ki? Mən də dəli kimi söz danışdım, yerində qalmadı.

Növbəti belə itlərimizdən birinin sahibliyini edirdik. Şabalıdı rəng, qulağının biri dik, digəri salla, pişik böyüklükdə bir iti təsəvvürünüzə gətirin. Bir itliyi olmasa da, qapıda “vırt” eləməsi, azından qaraltısı var idi. Heç olmasa gəzəyən pişiklər onun şəklini gendən görüb yolunusa dəyişir, nadinc uşaqlar evimizin həndəvərindən ehtiyatla keçirdilər. Daha bu bir tikə itdən bundan artığını da gözləmək insafsızlıq olardı. Durub çəmbərədənmi tullanası idi?

Camaatın iti kimi bir itliyi olmasa da, itimizin vəfasına söhbət ola bilməzdi. Sadiqlikdə heç bir it bizim itlə baş edə bilməzdi. Mən evdə olmayanda bu it özünə yer tapa bilmir, başına döyülmüş kimi girə döyür, dinclik tapmır, işdən gec gəldiyim vaxtlarda məni qarşılamaq üçün el yoluna çıxırdı. Məni görüncə, atılıb-düşməyi, ayaqlarımı yalamağı, az qala boyum bərabəri hoppanmağı, şırvanmağı bir tamaşa idi. Bir itin bu cür içdən sevgisini yiyəsinə anlatmasından gözəl nə ola bilərdi ki? Məncə, dediklərim onun vəfadarlığını isbatlamaq üçün yetərli olmalıdır.

Ona güldən ağır söz deyən də yox idi. Bir hərdən nənəmin onu danlamasını, əlinə keçəndən harasına gəldi yapışdırmasını nəzərə almasaq itimizin həyatı qibtə olunacaq, küsəniləcək bir həyata bənzəyirdi. Nənəm rəhmətlik onun səmtsiz, daha doğrusu arxası evə, üzü yola oturmasını qəbul edə bilmirdi, bunu kiminsə qiybətimizi eləməsi, sözümüzü danışması kimi yozurdu. İtimiz guya üzünü bizə tutub söhbət edəsiydi. İt yola baxmalı, gələni-gedəni izləməli deyildimi? Pis-yaxşı it idi, kartof qarovulu ha deyildi. Ayıq-sayıq olduğunu nümayiş etdirmək üçün əlinə ayda-ildə bir fürsət düşürdü, nənəm də onun bu murazını gözündə qoyurdu.
İtimizin bundan artıq döyülməsi, söyülməsi olmurdu. Allah verəndən yeyir, ala kölgələrdə yatırdı. Ona gedənin bağrını yar, gələni dəli-dəngəsər elə deyən, başqa bir yamanlıq et tələbi edən də yox idi. Nə başınızı ağrıdım itimiz özünün it ömrünün kefini çıxarır, əlipullu düşəydi ha, bundan rahat bir həyat tapa bilməzdi.

Artıq itimizin dörd-beş yaşı olardı. Ona əkə-bükə it demək olardı. İt ömrüdü də, uzağı on il, bu da ötəndə on beş il. Qarğa ömrü deyil ki, üç yüz il sürə. Dedim axı, itimizin durub-toxtamış vaxtı idi. Növbəti istili-bürkülü yay özünü yeni-yeni göstərirdi. İtimiz də sərinlik, kölgəlik axtarır, axşamın sərini düşənə qədər orda, burda şellənirdi. İtimizin bu küsəniləsi günləri çox sürmədi. Qaragün elə bil gözə-nəzərə gəldi. Arxasını təzə abzasda davam edim.

Adi yay günlərindən biri idi. İtimiz də sabah öynəsini yeyib kölgəliyə səvərib, mürgü döyürdü. Hərdən yuxusunda sayaqlayır, öz it dilində nələrsə deyirdi. Bunu da kimsənin anlayacağı yox idi. Və qəfildən həyətə düşən iki saxsağan səssizcə itimizə yaxınlaşıb, onun bədənini dimdikləyərək qaçdı. Yuxudan kal qalıxmış itimiz nə baş verdiyini anlamayıb, ağacın kölgə düşən tərəfində özünə yeni bir yer seçib, ədəb-ərkanla uzandı. Biçarənin gözünə çimir gedər-getməz saxsağanlar yeni bir hücumla onu hövsələdən çıxardılar. İtimiz onların hücumuna qarşılıq versə də, bir nəticəsi olmadı. Gün ərzində saxsağanların itimizi dimdikləmələri dəfələrlə təkrarlandı. Biz nə baş verdiyini, itimizin saxsağanların hücumuna məruz qalmasınının sirrini çözə bilmədik.


Saxsağanları it də qovurdu, səmtimizə düşəndə biz də. Qovmaqdan it az qala götürüm düşmüşdü, biz də bezmişdik. De gəl ki, bu ala saxsağanlar bildiklərini babalarına vermir, əl çəkmirdilər ki, yazıq itimiz bir hovr dincəlsin.

Səhərisi gün də, sonrası gün də eyni mənzərə davam etdi. O davam etmək, bu davam etmək saxsağanlar itimizi əldən-dildən saldılar. Artıq saxsağanların səsini eşidəndə, şəkillərini görəndə itimiz gizlənməyə siçan deşiyini satın gəzirdi. Yazıq itimizin yediyi-içdiyi zəhrimara dönmüşdü. İsti-bürkü bir yandan, saxsağanlar da bir yandan biçarəni həlikdirmiş, gününü göy əskiyə bükmüşdülər. İt əl çəkər, motal əl çəkməz buna deyirlər yəqin. Bir həftənin, on günün içində itimiz əməllicə-başlıca sınıxıb, bir qırıq olmuşdu. Elə bil əppək yeyib, su içmirdi. Yediyini, içdiyini yellər aparmış kimi, günü gündən geri gedirdi. Görən də deyərdi, yazıq heyvana baxan-zad yoxdur.
Uzatmağın nə mənası? Saxsağanlar, deyəsən, itdə itlik qoymadıqlarına əmin olduqdan sonra ondan əl çəkdilər. Onsuz da çəkingən olan itimiz bundan sonra hər yarpaq tərpənişindən, hər cücü-mücü vızıltısından da hürkür, canını qara qayda alır, titim-titim titrəyirdi. Saxsağanlar gözünün qurdunu elə öldürmüşdülər ki!

…Saxsağanlar itimizdən əl çəkdikdən bir-iki gün keçmişdi ki, həyətimizdə saxsağanların balaları baş kəsmiş kimi, heç nədən çəkinmədən gəzişirdilər. Ata-analarının zülüm etdiyi itimiz saxsağan balalarını görüncə ilim-ilim itir, onların gəzintisi başa çatıncaya qədər küncdən-bucaqdan çıxmırdı…

Afiq MUXTAROĞLU

Niderland Krallığı

5 fevral 2021