Əsrlərdir ki, erməni vandalizminin xalqımızın başına olmazın müsibətlər gətirdiyi məlumdur. İki əsrdən artıqdır ki, əzəli torpaqlarımıza yiyələniblər, yurd yerlərimizə sahibləniblər, fürsət düşən kimi xalqımıza zülm ediblər. Qədim mahnılarımızı, musiqimizi, milli mətbəximizi mənimsəyiblər. Bunlar azmış kimi, qanunsuz yerləşdikləri ərazilərdə qədim yurd yerlərimizin adlarını dəyişib, etnotoponimlərimizi istədikləri hala salıblar. Bununla da, öz aləmlərində, dədə-baba torpaqlarımızda türk tayfalarının izlərini silməyə, doğma məskənlərimizin bizə-əsl sahiblərinə deyil, özlərinə məxsus olduğunu “sübüt etməyə” çalışıblar. Ancaq unudublar ki, yurd yiyəsi gec-tez öz atalarının ocağına sahib çıxacaq, bu torpağa göz dikənlərin cavabını verəcək. Necə ki verdi də! Nə xalqımıza, nə də torpağımıza qarşı aparılan soyqırım siyasəti cəzasız qalmadı.
Bu soyqırım dədə-baba yurd yerlərimizin, şəhər və kəndlərimizin adlarından da yan keçməyib. Bu ilin payızında qəhrəman ordumuz, igid əsgərlərimiz tərəfindən işğaldan azad olunan şəhərlərin erməni adlarını eşitdikcə əsəblərimiz tarıma çəkilir, ermənilərin alçaq xisləti hər birimizin qəlbindəki kin, qəzəb hissini daha da gücləndirirdi. Bu adları hər biriniz eşitmisiniz, təkrar etmək istəmirəm. Amma qədim kəndlərimizə verdikləri bəzi adları xatırlatmaq, yaddaşlara həkk etmək istəyirəm. Bunlar eləcə ərazi adı deyil, hər bir toponim bu torpaqlarda məskən salan əcdadlarımızın mənşəyinin, qədimliyinin sübutu, mədəniyyətimizin aynasıdır. Bu yazımda başıbəlalı Xocavənd rayonunundakı bəzi kənd adlarının necə dəyişdirildiyindən danışacağam
1.Arpadüzü – kəndin qədim adıdır. XIX əsrdə ermənilər bura köçəndən sonra “Arbaduz”, daha sonra 1939-cu ildə “Kolxozaşen” adlandırılmışdır. 1992-ci ildə yenidən Arpadüzü adı qaytarılaraq rəsmiləşdirilmişdir.
2.Ağbulaq. İki Ağbulaq kəndi var, ikisi də 1993-cü ildə ermənilər tərəfindən işğal edilib. Biri Edilli kənd inzibati ərazisinə daxildir. Kəndi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ vilayətindən köçüb gələn azərbaycanlılar salıb. 16 oktyabr 2020-ci ildə işğaldan azad edilib.
İkinci Ağbulaq Gavahın kənd inzibati ərazi dairəsində yerləşir. İşğaldan sonra adını dəyişib “Aknakbyur” ediblər. Hələ azad olunmayıb.
3.Arpagədik – XII əsrdə ilk dəfə Arpa adı ilə rast gəlinir. Arpa (arba, atma) türk etnonimidir və bir çox qədim adlarda rast gəlinir, məsələn: Arpaçayı (Naxçıvan), Arpadüzü (Kəlbəcər) və s. “Gədik” dilimizdə dağarası yol deməkdir (dağın yastı, düz sahəsində). Kəndin yerləşməsinə görə sonralar “Arpagədik” adlandırılmışdır. Ermənilər 1993-cü ildə işğal etdikdən sonra adını dəyişib “Karinq” qoyublar.
4.Zoğalbulaq – Traxtik. Kəndin adı ərazisində olan “Zoğalbulaq” bulağının adından götürülüb. Ermənilər dəyişərək “Traxtik” – cənnət guşəsi adını veriblər.
5.Ağcakənd – Xanadzor. 20 oktyabr 2020-ci ildə azad edilmişdir.
6.Ağdam – Akaku. XIX əsrdə bura köçürülən ermənilər kəndin adını “Akaku” qoyublar, amma unudublar ki, “akaku” qədim türkcə “atanın oğlu, şahzadə” deməkdir.
7.Ağdam – Spitakşen Qədim Ağkənd. 1828-ci ildə İranın Xoy əyalətindən gələn ermənilər burda məskunlaşaraq kəndin adını kalka ilə “Spitakşen” qoyublar. 1992-ci ildə dəyişilərək qədim adı qaytarılıb. 93-cü ildə işğal olunub.
8.Axullu – Sakavank Axullu adını Dağıstanda yaşayan “ağullar” adlı qədim xalqla əlaqələndirirlər. Etnotoponimdir. Mənşəcə ləzgilərə yaxın xalqdır. Ərazidə “Ləzgisuyu” adlı obyektin olması bu versiyanı təsdiq edir. “Axul” sözü abxaz dilində “təpə, yüksəklik” deməkdir. 1993-cü ildə işğal edilmiş, 16 oktyabr 2020-ci ildə azad olunmuşdur. Kənddə yerləşən Sakavanq kilsəsi, XII əsrdə tikilmiş monastır kompleksi albanların olub, 1682-ci ildə kilsənin dairəvi portalı tikilib. Ermənilər bunu orta əsrlər “erməni arxitekturasının” şedevri adlandırırlar.
9.Binə – Tumi. Qədim adı Domı olmuşdur, mənası “ayağını qatlayıb, aşağı əyilib oturmaq, binə salmaq, məskunlaşmaq” deməkdir, ermənilər “Tomi-Tumi” deyiblər. Ərazisindən Domi çayı keçir, kənd bu çayın əyildiyi yerdə salındığı üçün adı belə qoyulmuşdur. 1992-ci ildə adı dəyişdirilərək Binə qoyulmuş, həmin ildə də işğal edilmiş, 9 noyabr 2020-ci ildə azad edilmişdir.
10.Böyük Tağlar – kəndin qədim adıdır. “Tağ” qədim dilimizdə “sahə, ərazi, yer” deməkdir. Ermənilər XIX əsrdə burda məskunlaşdıqda adını tərcümə edib “Mestağlar” (mes-böyük) adlandırmışlar. 1992-ci ildə qədim adı qaytarılmışdır.
11.Bulutan. Etnotoponimdir. 1823-cü ildə tək bir ailədən ibarət olub. Mənası: türk dilində “tanq”-xaraba sözü olub. Yəqin əhalisi kəndi tərk etdiyi üçün belə adlanıb. 1828-ci ildə İrandan bura köçürülən ermənilər adını dəyişib “Plirans” qoyublar.
12.Məlikcanlı. Bu kəndi XIX əsrin əvvəllərində Cənubi Azərbaycanın Qaradağ mahalından gəlmiş Məlikcanlı nəsli salmışdır. Sonralar ermənilər bu kəndi “Melikaşen” adlandırmışlar.
13.Çiraqüz – Sarkisaşen. Mənşəcə “çiraqlı, çiraqlılar” topinimlərinə yaxındır. “Çiraqlılar yaşayan kənd” deməkdir.
14.Sur. 1727-ci ildə Osmanlı mənbələrində Dizaq nahiyəsinin Sur kəndi kimi göstərilib. Mənası türkdilli xalqlarda “duzlu çöl, bataqlıq, kiçik göl, aşağı yer, ətək” deməkdir. Dağ ətəyində yerləşir. XIX əsrdə ermənilər bura köçürüldükdən sonra kəndi “Tsur” adlandırmışlar.
15.Xanoba. Qarabağ dağ silsiləsinin ətəklərində yerləşir. Qarabağ xanlarının yaşayış məskənlərindən biri olub. XIX əsrin 20-ci illərində ermənilər İrandan bu əraziyə köçürüldükdən sonra kəndin adını tərcümə edib dəyişərək “Xnuşinak” qoyublar. 1992-ci il 29 dekabrda keçmiş adı rəsmi olaraq qaytarılıb. Amma həmin ilin oktyabrından işğal altındadır.
16.Tağaser. Fars dilində tağ-qübbə, günbəz, sər-baş deməkdir.
17.Edişə – Edişa. Etnotoponimdir. Şimali Qafqazda Edişə adlı 4 kənd var. Ehtimal olunur ki, edişə tayfası XII-XIII əsrlərdə qıpçaqların tərkibində Şimali Qafqazdan Azərbaycan ərazisinə köç etmişlər.Qarsda, Gürcüstanda da belə yaşayış məntəqəsi olub.
18.Düdükçü – Hoger. Qədim adı “Kolatağ” olmuşdur. Kənddə düdükçülər nəsli yaşadığı üçün belə adlanıb.
19.Edilli – Uxadzor. Etnotoponimdir. Qırğızlarda edilli tayfası var. İdil-İtil Volqa çayının qədim adıdır, eyni zamanda xəzərlərin 3 paytaxt şəhərindən birinin adı İdil olub. Hal-hazırda Türkiyənin Qars vilayətində Edilli adlı kənd var.
20. Daşbaşı – Karaqlux. Kəndi Xocalının Daşbaşı kəndindən köçən azərbaycanlı əhali salıb.
21.Mülküdərə – Hayrenater. İki dağ arasında, dərədə salınmış kənddir. Deyilənə görə, kənddə çoxlu mülk olduğuna görə belə adlanıb. 22.Tuğ – Tox. “Tuğ” qədim türk dilində bayraq deməkdir. Qıpçaq kökənli bir tayfanın adıdır. Azərbaycanda 3 Tuğ kəndi, Tuğ dağı, Tuğ çayı var. Şimali Qafqazda “Tuk, Tukdaq”, Qərbi Azərbaycanda (Ermənistan) XIX əsr xəritələrində “Tuğlu, Tuqun, Tuqut” adlı türk kəndləri var. Tuğ kəndi əsasən xristian dinini qəbul etmiş məliklərin (atadan oğula keçən kiçik vəzifə) mahalı olub. Məliklər bu əraziyə gəlmə idilər, alban nəsillərinin nümayəndələri idilər. Onların çoxu sonradan islamı qəbul etmişdilər. Ermənilər məlikləri erməni dövlətçiliyinin davamı, özlərini isə məliklərin nəsillərinin “davamçısı”, bu mahalın “qanuni varisi” kimi qələmə versələr də, bu yalan onların növbəti saxtakarlığıdır.
22.Azıx – Azox. Kəndin adı yaxınlıqda yerləşən daş dövrünün qədim insan məskəni olan Azıx mağarasından götürülmüşdür. Azıx qədim türk dilində “ayı” məskəni deməkdir.
Bu siyahını çox uzatmaq olar. Erməni fitnəsinin, saxtakarlığının, barbarlığının həddi-hüdudu yoxdur. Ən acınacaqlısı da budur ki, dünya onların vəhşiliklərinə, saxtakarlığına göz yumur, öz qanuni haqlarını bərpa edən bizləri qınayır. Qədim abidələrimiz məhv edilib, alban xristian kilsələrimiz erməniləşdirilib, maddi-mənəvi sərvətlərimiz talan edilib, məzarlarımız dağıdılaraq təhqir edilib, özünü “dünya mədəniyyətinin qoruyucusu” elan edən YUNESKO isə bütün bunlara ağzına su alaraq susur. Türk-islam mədəniyyətinin vəhşicəsinə məhvinə göz yuman Vatikan indi Qarabağda ermənilərin özlərinin dağıdıb talan etdikləri kilsələr üçün “narahatlığını” bildirir. Azərbaycana xristian kilsələrini qorumağı “tövsiyə edir”. Lakin unudur ki, Qarabağın da, bu torpaqlardakı qədim abidələrin, o cümlədən alban xristian kilsələrinin də əsl sahibi artıq öz doğma yurduna qayıdıb və öz qədim milli abidələrini qorumağa qadirdir.
Qeyd: Məqalə hazırlanarkən “Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı” İctimai Birliyinin araşdırmalarından istifadə olunub.