Məgər xanım, 1984-cü il mayın 14-də ABŞ-ın Nyu York elindən Mark Elliot Zukerberq adlı bir ər qopdu. O kişi sosial şəbəkələrin bilicisi və Qalın “Feysbuk” sosial düşərgəsinin yaradıcısıydı…
Ozan der ki, Mark daltonik olduğu üçün bu düşərgədə yaşıl və qırmızı çadırlar olmur. Amma burda da digərləri kimi kütləvi eskapizm – şəxsiyyətin real dünyadan illüziyalar dün-yasına getmək cəhdləri baş alıb gedir. Yəni bir çoxları onu tanıyanlar mühitindəki məlum xüsusiyyətlərini kənara qoyub onu tanımayanlar mühitində yeni qiyafətdə peyda olur. Bu, insanlar üçün xoşdur. Ona görə bu düşərgə adamla liməlim doludur. Ol səbəbdən indiyədək burda 1,5 trilyon dəfə “like” düyməsinə basılıb. Hər gün 350 milyon fotoşəkil, saatda 15 milyon video, dəqiqədə 243 min fotoşəkil paylanır, gündə 55 milyon status yazılır. Qalın “Feysbuk” elində çadırdakıların 53%-i qadınlar, 47%-i kişilərdir.
Ozan deyir: “Feysbuk” istifadəçisi qadınlar dörd cürdür: birisi soy soldurandır; birisi toy doldurandır; birisi maşallah namxudadır, birisi necə desən, nəuzübillah “zanuda”dır”.
Gəldin, o ki soy soldurandır, oğrunca yerindən qalxar, əl-üzünü yumadan doqquz bozlamacla bir bardaq qatığı gəvələyər, tıxıb-basıb doyunca yeyər, sonra burunun suyunu xalatının qolu ilə slib güzgünün qabağına keçər, üç otuz on də-qiqə sifətinə rəng, qaşına sürmə yaxar, dırnağını yontalayar, sonra selfi çəkib səhifəsinə qoyar. Gedib beş saat sərasər dükan-marketi gəzər. Qayıdanda görər ki, cəmi iki cüt bir tək “layk” var. Eyvana çıxıb qonşularını çağırar: “Yetər! Zəlihə! Zibeydə! Ürüdə-can, qız-can! Paşa! Ayna Mələk! Qutlu Mələk! Ölməyə-itməyə getməmişdim. Gül kimi şəkil qoymuşam, hanı sizin ürək işarələriniz, “canıımmm”larınız? “möhtəşəmdir”ləriniz? Ocağına bunun kimi arvad gəlməsin, xanım hey.
Gəldin, o ki toy doldurandır, əl-üzünü yumadan interneti ələk-vələk edər, Ranevskayanın, Bukovskinin, Monteskyönün sözlərini öz adından paylaşıb, “layk” toplayar. Bir də baxar ki, axşamdı, əri işdən gəlib, yemək istəyir. Arvad deyər: “Neylə-yim, bu yıxılacaq evdə un yox, ələk yox. Dəvə də dəyirmandan gəlməyib… Nə gəlirsə, mənim sağrıma gəlsin”, — deyübən əlini yanına vurar, üzünü o tərəfə, sağrısını ərinə döndərər. Min söylərsən, birisini eşitməz, — ərin sözünü qulağına almaz. Xa-nım, ondan da sizi Allah saxlasın, ocağınıza buncılayın övrət gəlməsin!
Ozan deyir, maşallah namxuda odur ki, evdə-eşikdə bütün işlərini görər, sonra fasilədə FB-a girər, dünyadan xəbər tutar, gözəl fikirlər paylaşar, şərhlər yazar, öyrədər, öyrənər. Kimsənin sözlərini oğurlamaz. Özünü bəyəndirməyə çalışmaz, “smaylik”ləri istismar etməz, provokasiyaya getməz. Unudub kiminsə şeirini paylaşıbsa, “bunu Sizmi yazmısınız?” deyəndə, “Allah haqqı, mən yazmamışam” deyər. Onlar “Feysbuk”un yaraşığıdır, FB onlarsız miskin görünər. O cür arvad Ayişə, Fatimə cinsidir, xanım.
Dördüncüsü nəuzübillah “zanuda”dır. Bunun da işi-gücü başqalarının yazdığını izləyib qəbahət axtarmaqdır. Bütün günü onun-bunun status və şərhlərini izləyər, sonra mesencerlə rəfiqəsinə “əməliyyat məlumatı” ötürər. “Yadımdan çıxıb, bilmirəm telefonda baxırdım, ya kompüterdə, imanımı yandıra bilmərəm. Gördüm qara-qara qızların şəklini paylaşır, tərifləyir. Onun istədiyi qızın adı Qaragilədi… Ona eyham vurur. İmanı-mı yandıra bilmərəm: ya Qaragilədi, ya da Əsmərdi… O gün şeir paylaşırdılar:
Ağacda alma şeş olar,
Yerə düşər, şeş-beş olar…
Məgər xanım, alma dedim, yadıma düşdü. “Feysbuk”da ağına-bozuna baxmadan hər şeyə qırmızı ürək qoyacaq qədər saxta səxavətli adamlar da var, acığı tutanda gecə nağılın sonunda göydən düşən üç almanı təkbaşına həzm-rabedən keçirən tamahkar adamlar da var.
Ozan deyir, ən yaxşı feysbukdaş odu ki, həmişə çalışıb pozitiv şeyləri paylaşar. Çünki hər bir həzz miniatürdə həyatdır, hər bir iztirab isə qismən ölümdür. Pozitivlər düşünür ki, bir təbəssümlə hansısa qovğanın qarşısını ala, sınmaqda olan kiməsə həyat enerjisi verə, depressiyadan çıxara bilərsən… Allah buncılayın adamları Qalın “Feysbuk” elindən əskik eləməsin.
Yum verəyim, xanım. Evdə televizorun pultunu arvadın əlindən almağa hünəri çatmayıb, “Feysbuk”da “ali baş komandan əmr versə, Qarabağı alaram” deyən gəvəzələr bu dünyada olunca olmasa yey…
İç Oğuz, Daş Oğuz və qonşu ölkələrdə oturub öz dilini və əlifbasını hərraca çıxaranlar soy solduran və toy doldu-ranlardan da əskikdir, bəlli bilgil!
Evin beş addımlığında, piştaxtaları dolu, çeşidləri bol, bo-nus kartlı, qiymətlər isə ucuz olanda supermarket gözəldir.
Kabeli fiberoptik, özü limtsiz, sürəti 157,73 Mbps olanda internet gözəldir.
Antiviruslardan beş dəqiqədən bir “yenilənmə lazımdır” deməsə, “Security Eset” gözəldir.
İstər real, istər virtual dünyada təqvadan örtük gözəldir.
Ədəbi dilimizdəki qoşa samitlər, o cümlədən qoşa y üçün təhdid yarananda ildırım kimi çaxan “Möhtəşəm dördlük” gözəldir.
“Feysbuk”da təşkilatlanıb 7 akademikin kürəyini tata-miyə sıxıb asai-kome vəziyyətinə salan 165-lər gözəldir.
Sıfırdan başlayıb yeni sayt yaradanda “Macromedia Dreamweaver MX” (eMiks) gözəldir,
Səhər-səhər xoş ovqat yaradan remiks gözəldir…
Dədə Qorqud yenə söyləmiş, görək, xanım, nə söyləmiş:
Qadir Allah sizi namərdə möhtac eləməsin,
Kölgəlicə qaba ağacınız kəsilməsin,
Qamən axan görklü suyunuz bulanmasın,
Azıb gələn qəzanı Tanrı sovuşdursun, xanım, hey!