- Köşə

“Ay Allah, o arvadı öldür…” və ya “Dikanka yaxınlığında xutor axşamları”

 

Bura bizim həyətdi. Cındırından cin hürkən “Xruşşovka”nın həyəti. Nimdaş adlandırıla biləcək bina. Qarşıda isə o qədər də böyük olmayan səliqəli park. Spesifik Bakı həyətidi – 2-ci və 3-cü mərtəbələrdən yaxınlıqdakı küknar ağaclarının başına uzanan paltar ipləri, külək əsəndə havada uçuşan və ağacların budağında ilişib qalan sellofanlar. Və eyvandan yerə və yerdən eyvana qadınların göftgusu: “Ağəz, Mişoppanı tanımırsan? Bibixanımın qərdeşi oğludu də. Kömürçü bazarında şiş satır. Həri…” Səhərlər atəşpərəstlərin Hörmüzün gözü adlandırdığı göy cismi üfüqdə nazlı-nazlı gülümsəyəndə camaat oyanır, maşınların mühərriki işə düşür, bir qədər keçmiş tərəvəz və süd məhsulları satan qadın satış məhsullarını üzbəüz iki skamyanın üzərinə yığıb ticari fəaliyyətinə başlayır.

“Salam”ı götürüb getdi

Arada rayonlardan meyvə-tərəvəz dolu maşınlar gəlir. Baqaj və qapıları açıb ucadan satdığı şeylər haqda məlumat verirlər. O gün yenə biri gəlib alma satırdı. Bir qədər bağırdı. Amma müştəri gəlmirdi. Kişi sanki təşviq üçün bir alma götürüb onu təmizləmək məqsədilə irəli çıxmış qarın nahiyəsində köynəyinə sürtüb yeməyə başladı. Hər zaman olduğu kimi gənc və dubinkalı bir polis nəfər peyda oldu. Nəsə danışdılar. Satıcı sağa-sola baxıb alma kötüyünü atmaq üçün bir yer görmədiyindən onu təkərin dibinə atdı, köynəyinin qolu ilə ağzını silib, maşının qapısını açdı. İçəridən nəsə götürdü və polisə salam verdi. Polis “salam”ı götürüb cibinə qoydu və ordan uzaqlaşdı. Arvad isə stasionar satıcıdır. Axşamüstünə qədər ticarətlə məşğul olur, saat 5 radələrində bir avtobus gəlib əşyalarını və özünü aparır.

“Dikanka yaxınlığında xutor axşamları”

Pəncərəmin qabağı birinci mərtəbədəki artırmanın damıdır. Soldakı və sağdakı qonşular da elənçik. Səhər-axşam eyvana çıxıb siqaret yandırır, “Layk-streyk-filtr”in aromat-laşdırılmış və soulaşdırılmış tüstüsünu burnumun pərələrindən çıxarıb Yasamalın səmasına qovuşdururam. Təbii ki, istər-istəməz oralarda dolaşan pişikləri də müşahidə etməli oluram. Artıq onların xarakteri haqda məndə az-çox qənaət formalaşıb. Utancağı var, üzlüsü var, əzazili var, kor və məzlumu var… Aralarında daim mübarizə gedir. Adlarını da qoymuşam: Yaquar Pəncəsi, Narahat Ürək. Dəniz Qulduru, Şahingöz, Oturan Sincab. Və dəhşət saçan iki bədheybət: Ağ Ölüm və Baskervillərin İti. Son ikisi istənilən pişiyi divara sıxışdırıb ölüm hissi yaşada biləcək qədər qəddar və azğındır. Ara-sıra artırmaların üstünə gələndə  heybətli səslər çıxarırlar. Bu zaman yanaşı qonşular əllərində bir dolça su çıxıb onlara atır və qovmağa çalışırlar. Bu iki bədheybət yuxarı qalxanda digər pişiklər ağaca dırmaşır. Bədheybətlər iri gövdəli və harındırlar, digər pişiklər kimi nazik budaqlara qədər qalxa bilmirlər və məzlumlar beləcə qurtulur. Amma gecələr bəzən parkdan vahiməli çığırtı səsləri gəlir və “Dikanka yaxınlığında xutor axşamları” yadıma düşür. Hiss olunur ki, ölüm-dirim savaşı gedir…

Pişiklərin hamısı yırtıcıdır. Hətta bir dəfə ana Yaquar Pəncəsinin bir quş balasını yaralı şəkildə qarşısına qoyub balalarına dərs keçdiyini gördüm. Balalar onunla üzbəüz qabaq ayaqlarını önə uzadıb (Sfinks pozası) qürurla analarının mü-hazirəsinə qulaq asırdı.

Bir məmnunluq verici xatirə də var. Bir dəfə Ağ Ölüm yenə fağır pişiklərə sitəm edəndə əlimdəki alışqanla nişan alıb vurdum. O, məzlum pişiklərin məmnunluq dolu baxışları altında özünü 3 metrlik hündürlükdən asfaltın üstünə atdı. O vaxtdan hətta parkda rastlaşanda gözlərində bir vahimə görü-rəm. Bu, çox xoş hiss imiş: dünyada məndən də qorxan hansısa məxluq var və o, zalımların sırasındandır….

“Ay Allah, o arvadı öldür…”

Bir neçə il əvvəl Füzulu bağında zəng gözləyirdim. Skamyaların birində bir qadın oturmuşdu. Belələrini, yəqin, hamı-nız görmüsünüz. Əlində bir neçə iri “sumka”, içi də limə-lim  sellofan və s ilə dolu. Ruhi xəstəyə çox bənzəyirlər. Arvad təkcə əyləşmişdi. Bir bağlama çıxardı. İçində plastik qablarda soyuq salat artığı vardı. Yəqin ki, yaxınlıqdakı “5 qazan” resto-ranının artığı idi. O, tələsmədən yemək yeyir və sanki hamıya eşitdirmək üçün ucadan danışırdı. Yaxınlıqdakı küknar ağacının arxasına keçib, cibimdən kağız və qələm çıxardım və dediklərini yazmağa başladım: “Ay Allah, bu semiçkasatan arvada bax. O pişiyi qılçasının arasında saxlayır. Mən o pişiyi tanıyıram. Qarğaları tutur. Pişik ola, qarğa ola. Buna nə de-yirsən? Onun yolunu bağla. Qılçasının arasında saxlayır o pişiyi o arvad. Bilmirmi o arvad o sarı pişiyin quşları yediyini? Bilir, lap yaxşı bilir. Onu paraliç elə, Allah! Onun yolunu bağla. Onun yolunu bağla. Onun yolunu bağla. Bağla, bağla, bağla. Semiçka satır, alça satır o arvad. Bu saat gəlib oturacaq. Sənə tapşırıram o semiçka satan arvadı. Sarı pişik odu ee, o binaların arasında yaşayır. Qarğa demir, quş demir. Böyüyünü də yeyir, balacasını da yeyir. O arvad da o pişiyi qılçasının arasında saxlayır. Tut boğ onu. Sənin əlində nədi ki? Məni niyə belə elədin, Allah? Mən nə eləmişdim ki?” Çox kədərli mənzərə idi… Və həm də maraqlı idi. O tum satan qadınla bu qadının maraqları harda toqquşmuşdu? Özü də konflikt o həddə çatıb ki, nə az, nə çox – onun ölümünü istəyir… Bəli, bizimlə yanaşı, bizdən aşağı, yuxarı da həyatlar var. Onlarda da kədər var var, sevinc var, ədalətsizlik, yırtıcılıq  var. Güclülər zəiflərin qəni-midir. Dünyadı da. Öz kefindədi, şair demiş, “yağış yuyur, gün qurudur”.

Belə kədərli notlarla bitirməyək. Pişiyin insanlara faydası da var.

O şərəfsizə de, gəlib məni aparsın

Bir kişinin bir pişiyi varmış. Əlindən bezib aparır meşədə azıtmağa. Qayıdıb gələndə görür ki, pişik evdədi. Sonrakı gün yenə pişiyi aparıb meşəyə atır və gələndə görür ki, pişik evdədi. Üçüncü dəfə pişiyi lap uzağa aparır. Gecə yarısı evə zəng gəlir:

– Arvad, o şərəfsiz pişik gəlibsə, de ki, meşədə azmışam, gəlib məni aparsın…