“Andlarınızı aranızda hiylə və aldatma vasitəsi etməyin. Yoxsa ayağınızı yerə möhkəm basmış ikən yer qaçar altınızdan. Pis bir əzab dadarsınız” (Nəhl, 94).
Möhtəşəm səhnədir. Birdən əlbəyaxa olanlar dayanır. Uzaqdan qaraltı gəlir. Kimsə “Həmzə!” deyə səslənir. Toz-duman yarılır və gələnin silueti aydınlaşır. Gələn Həmzə idi. Peyğəmbərimizin əmisi. Həmzə (Entoni Kuin) atdan düşür, əzəmətli addımlarla dava yerinə yaxınlaşır və nə baş verdiyini soruşur:
– Sənin Məhəmmədin yalançının biridir.
– Yalançımı? Dinləmədiniz ki… Hansı gerçək, hansı yalandır? Danışmadan bilinməz ki…, – deyir Həmzə dillənir. Sonrasını bilirsiniz. Burda kafir haqq dininə “yalan” deyir. Amma maraqlı olan o deyil. Demə, cahiliyyədə belə yalan şər sayılırmış… Maraqlı olan bir də Həmzənin araşdırılmadan kimisə yalanda ittiham etməyi qınamasıdır.
Dinlər nə deyir. Tarixən yalan bütün dinlərdə qınanıb. Klassik buddizm nöqteyi-nəzərindən yalan günahdır. Çünki yalançı həqiqi informasiyaya malik olduğu halda qarşı tərəfdə bir şey haqqında təhrif olunmuş fikir formalaşdırmaq üçün aldadıcı hərəkət edir. Bu inanca görə, susmaq da nitq kommunikasiyasının universal göstəricisidir. Buddist yalana görə ciddi cəzalandırılır. O, növbəti həyatında cəhənnəmdə doğulur. Artıq ona heç kömək edə bilməz – nə tövbə, nə saleh əməl, nə də intensiv dini praktika. Ümumiyyətlə, xristianlıqda yalandan and içmək çox kəskin ittiham edilir.
Quranda çox and içmək, and yolu ilə insanları aldatmaq pislənilir, bununla riyakarlıq və münafiqlik arasında bir bağ olduğu göstərilir: «İçdikləri andlarını qalxan edib özlərinə, döndərərlər adamları Allah yolundan. Doğrudan da pisdən pisdir onların bu əməli» (Münafiqun, 2); «Bilə-bilə yalandan and içərlər. Şiddətli bir əzab hazırlamış onlara Allah. Nə pis iş görürdülər!» (Mücadilə, 15). Qələm surəsinin 10-cu ayəsində bilərəkdən yalandan and içənlər «alçaq» adlandırılır: “Üz göstərmə tez-tez and içən hər alçağa”. Bundan sonra gələn ifadələri də onlara aid edən türk alimi Yaşar Nuri Öztürk yalandan and içənlərin aşağıda sadalanan keyfiyyətə sahib olması qənatəinə gəlir: səfillik, xaraktersizlik, nöqsan gəzmək, qeybətçilik, hay-küyçülük, xeyiri əngəlləmə, iyrənc davranış sahibi olmaq, kobudluq, qabalıq, soysuzluq, südü xarablıq…
Müdriklər belə deyib. Filosoflar deyir ki, ekzistensial dəyər olaraq həqiqət insan vicdanı, ləyaqəti və azadlığı üçün əvəzolunmaz bir təməl rolunu oynayır. Montenə görə, latın dilində yalan danışmaq mənasında olan söz “vicdanın əleyhinə getmək” ilə eyni mənanı verir. Yalan vicdansızlığa, şərəfsizliyə səbəb olur. İnsan yalana müqavimət göstərməsə, yalan onun ləyaqətinə zülm edir. Həqiqətsizliklə, adi ictimai aldatma ilə uzlaşmaq mənəvi özünütənzimləmə və özünə hörmət mexanizmlərini boğub eybəcərləşdirir. Kiçik istisnalarla yalan şəxsi maraqlarını qorumağın mənəviyyatsız bir formasıdır. Amma yalançılar, adətən, həqiqət, ədalət, əxlaqi prinsiplər kimi ali dəyərləri üstün tutduqlarını nümayiş etdirməyə çalışırlar. Yalançı dürüstlük görüntüsü yaratmadan, həqiqi istəklərini diqqətlə kamuflyaj etmədən uğur qazana bilməz.
İndi bəzi məşhurları dinləyək:
“Kim bir dəfə yalandan and içibsə, sonra bir neçə tanrıya and içsə belə, inanmayın”. Siseron
“Yalan ağır zərbəyə bənzəyir: yara sağalsa da, çapıq qalır”. Sədi Şirazi
“Yalanların daimi bir yoldaşı var – hiylə”. Con Lokk
“Yalan danışmaq zəif ruhu, aciz zehni, naqis xarakteri ortaya qoyur”. Frensis Bekon
“Yalan şərin təcəssümüdür”. Viktor Hüqo
“Kim bir dəfə yalan dedisə, mütləq yenə yalan deyəcək. Bir yalanı yeddi başqa yalanla dəstəkləmək lazım gəlir”. Fridrix Rükkert
“Kiminsə yalançı olmasından şübhələnirsənsə, özünü ona inanmış kimi göstər, onda o daha kobud yalan deyəcək və ilişəcək”. Artur Şopenhauer
Yalanın sözlü olması vacib deyil. Bir Azərbaycan nağılı var. Ata bir gün oğluna deyir ki, özünə dost seçəndə ona bir alma verib bölməyi təklif elə. Əgər almanın çoxunu özünə götürsə, onunla dost olma, çünki tamahkardır. Əgər almanın çoxunu sənə versə, yenə dost olma, çünki riyakardır… Əgər tən yarı bölməyə çalışsa, bil ki, əsl dost olmağa layiqdir. İkinci hal – almanın çoxunu vermək də yalandır, guya qarşıdakını özündən çox istəməsi təsəvvürü yaratmaq niyyət ilə verilən bir dezinformasiyadır.
Sükutun içində gizlənən yalan. Deyildiyi kimi, yalan heç də hər zaman verbal – səsli olmur. Bəzən susmaq da yalan olur. Susan şəxs hansısa cinayəti, günahı, qəbahəti gizlədə bilər. Bu, artıq şərdir. Amma başqa susmaq da var. Bayronun “Şərq poemaları”nı, İ.Şıxılının “Dəli Kür”ünü, yəqin, çoxunuz oxuyubsunuz. Bəlkə, Almaniya ilə Macarıstanın (səhv etmirəmsə, 1981) birgə çəkdiyi “Məhəbbətin qanunu” filminə də kimsə baxıb. Hər üç əsərdə qəhrəmanın heç bir əlamətlə, hətta mimika ilə təzahür etməyən sevgisi var. Bu, şərdirdmi? Yuxarıda dediyimiz poema, roman və bədii filmdə müvafiq olaraq hökmdar, bəy və sərkərdə içində bir sevgini gizlədir. Əgər sevgi qeyri-məşru deyilsə, onu qınamaq olmur. Çünki sevgiyə əminlik qarşı tərəfin arxayınlaşması, yeni “fəthlər” aramasına səbəb ola bilər. Qədim inanca görə, kişinin qadına olan sevgisi heç zaman dilə gətirilməməli, “təxsisati-məsturə” kimi gizli saxlanmalıdır. “Sevir, yoxsa sevmir?” dilemması arasında qalıb, ömrü boyu bunun əlamətlərini axtaran qadın daha sədaqətli olur, deyə bir inanc var. O, ömrü boyu saat kəfkiri kimi inamla şübhə arasında məsafə qət etməli, arqumet aramalıdır. “Sevdiyinə əmin oldumu, quduracaq” demişdi bir dəfə birisi, haqsız sayıla bilməz. Aşağıdakı hekayəti də bu fikrə dəstək hesab etmək olar.
Fəlsəfi hekayət. Bir şəhərdə xüsusi bina açılır. Orda hər bir qadın özünə istədiyi kimi ər seçə bilər. Binada 6 mərtəbə, hər mərtəbəyə uyğun kişi tipi olur. Bunu bilən bir qadın həmin binaya getmək istəyir. Binanın girişində şərtlər yazılıb:
1. Bu binaya cəmi bir dəfə gələ bilərsiniz.
2. Hər mərtəbədə oradakı kişilərin xüsusiyyətləri yazılıb. Əgər onlar sizi qane etmirsə, yuxarı mərtəbəyə qalxa bilərsiniz.
3. Geri qayıtmaq olmaz.
Birinci mərtəbəyə qalxan qadın oxuyur: «Bu kişilərin yaxşı işi var və onlar Allahı sevir». Qadın bir qədər fikirləşib növbəti mərtəbəyə qalxır. 2-ci mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Allahı sevir, uşaqları sevirlər». Qadın o biri mərtəbəyə qalxır. 3-cü mərtəbə: «Bu kişilərin yaxşı işi var, onlar Allahı sevir, uşaqları sevirlər və çox gözəldirlər». Qadın bu dəfə də razı qalmır və növbəti mərtəbəyə qalxır. 4-cü mərtəbə: «Bu kişilərin yaxşı işi var, Allahı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər». Çıxıb 5-ci mərtəbəyə: «Bu kişilərin yaxşı işi var, Allahı sevirlər, uşaqları sevirlər, çox gözəldirlər, ev işlərində kömək edirlər və çox varlıdırlar». Qadın 5-ci mərtəbədə dayanmaq istəyir. Lakin növbəti mərtəbəyə qalxmaq istəyi ona burda dayanmağa imkan vermir və o, altıncı mərtəbəyə qalxır. Altıncı mərtəbədə belə bir yazı var idi: «Siz bu mərtəbəyə çıxan № 4 363 012 adamsınız. Burda heç bir kişi yoxdur. Bu, tənha qadınlar üçün olan mərtəbədir. Bu mərtəbə bir daha sübut etmək üçündür ki, qadınları sona qədər razı salmaq olmur. Sizə xoş gün arzu edirik».
Göründüyü kimi, sevgini gizləmək, özünü sevmir kimi göstərmək özü də yalandır, amma yaxşı nəticələrə hesablanıb.
“Xilaskar yalan”. Yalanın tam deqradasiya olunmuş meqa, orta, hətta kiçik sosial qruplarda «əvəzolunmaz» yeri var. Amerika sosioloqu N.Smelzer sosial qrupların funksiyaları sırasında ekspressiv funksiyaya da diqqət çəkir. İnsanların başqaları tərəfindən təsdiq olunmağa, hörmət və etimada ehtiyacı var. Sosial qruplarda ekspressiv funksiya ilə insanların bu ehtiyacı ödənilir. Fərdlərin həqiqətdən tamamailə uzaqlaşdığı, hətta xəyanətlərin sıralanıb adi hala keçdiyi situasiyalarda gerçəklər bu funksiya üçün təhdidə çevriləndə yalan dövriyyəyə girir və «xilaskar missiyası»nı həyata keçirir. İdrakın analitik fəlsəfəsi üzrə mütəxəssis, sovet filosofu D.İ.Dubrovski “Aldatma fəlsəfəsi” adlı əsərində “xoşməramlı” aldatmaya xüsusi diqqət ayırır. «Subyekt məharətlə yalan danışır, qeyri-dəqiq və ya səhv məlumat verir, ona məlum olan həqiqətləri gizlədir, yarımhəqiqətləri danışır, əsas şey barədə susur, eyni zamanda xoş niyyətləri rəhbər tutur. Yalnız bu yolla bu vəziyyətdə cəmiyyətə, bir qrupa və ya bir şəxsə fayda verə biləcəyinə, əks halda onlara zərər verəcəyinə ürəkdən əmindir”. Dubrovskiyə görə, altruist motivli yalan qeyri-əxlaqi deyil. “O, ictimai fərdin çoxlu ziddiyyətli fərdi münasibətlər tərəfindən formalaşan özünəməxsusluğunu, sosial bütövlüyünü qoruyub saxlama formalarından biridir”. Aşağıdakı rəvayət də bu məzmundadır.
Rəvayət. Yalan və Həqiqət adamlara onların hansının daha gərəkli olduğunu aydınlaşdırmaq istəyirlər. Yalan özünün daha faydalı olduğunda israr edir. Həqiqət isə əksini düşünür. Mübahisəni çözmək üçün razılaşırlar ki, monitorinq keçirsinlər. Bir ev seçirlər. Bu evə əvvəlcə yalan girir. Həmin gün hamı yalan danışır. Evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Arvad cavab verir: «Canımdan da artıq». Kişi daha bir dəqiqləşdirmə aparır: «Heç ürəyindən başqa fikirlər keçməyib?» Arvad: «Nə danışırsan? Sənə xəyanət etmək yuxuma belə girməz.» Kişi də öz zövcəsinə daha şirin yalanlarla əvəz ödəyir. Sonra övlad danışır. O da ata və anasına sonsuz sevgisindən söz açır. Ailə xoşbəxtcəsinə günlük həyatını davam etdirir. Səhəri gün həmin evə Həqiqət girir. Bu dəfə hamı düz danışır. Yenə evin kişisi arvadından soruşur: «Məni sevirsən?» Qadın cavab verir: «Mən səni heç təzə evlənəndə belə sevmirdim, o halda ki, indi ola.» Kişi soruşur: «Bəs xəyanət necə?» Arvad cavab verir: «Hansı birini deyim? Dəfələrlə». Kişi də eynən heç vaxt onu sevmədiyini deyir. Övlad da o yandan qayıdır: «Ölüb qurtarmadınız, biz də bir gün görək». Bir sözlə, evdə qırğın başlayır, qan su yerinə axır. Yalan Həqiqətə deyir: «Gördün, mən dedim axı, mən insanlara daha xeyirliyəm».
Atalar sözünə görə, qozbeli qəbir düzəldər. Əyyaşı alkoqoldan ayırmaq, narkotik aludəçisini narkotik vasitələrsiz qoymaq, qozbelin belini düzəltməyə çalışmaq onların məhvi ilə nəticələnə bilər. Quran mənəviyyətca çökmüş sosial qruplarda yalanın insanların “karına gəlməsini” inkar etmir, amma axirətdə bunun keçməcəyi də dərhal vurğulanır: “…elə bilərlər dünyada olduğu sayaq axirətdə də karlarına gələr yalan” (Mücadilə, 18).
Yalançının “mən yalançıyam” deməsi bəyənilən hərəkətdir.
Doğruçunun “mən doğruçuyam” deməsində heç bir qəbahət yoxdur.
Yalançının “mən yalançıyam”ı təkrar etməsi nəfsi-əmmarədən (əmr edən nəfs) uzaqlaşması, nəfsi-ləvvamə (özünü qınayan nəfs) mərhələsinə qədəm qoymasının göstəricisi ola bilər. Quranda özünü qınayan nəfs təqdir edilir.
Doğruçunun “mən doğruçuyam”ı yerli-yersiz təkrar deməsi onun üçün nöqsandır və bu keyfiyyətinin risk altında olmasının göstəricisi sayıla bilər.
Bir yalanın tarixçəsi. Otuz ildən çox əvvəlin söhbətidir. Bakıda təsərrüfat hesablı poliklinikaya üz tutdum. Qəbula getmək üçün blank doldurulmalıydı. Qeydiyyata alan gənc bir xanım idi. Əvvəlcə ad-soyadımı soruşdu, dedim. Ardınca yaşayış və iş yerinin növbəsi gəldi. Bir qədər tərəddüddən sonra iş yerimin guya Buzovnadakı 24 saylı məktəb olduğunu dedim. Qız bunu eşidəndə əlindəki qələmi bloknotun üstünə qoyub: “Niyə yalan danışırsan, mən buzovnalıyam, orda 24 saylı məktəb yoxdur”, – dedi. Baltanı daşa vurmuşdum…
Hardasan, qız? Sən haqlı idin. “Niyə yalan deyirsən?” deyəndə də, qələmi dəftərçənin üstünə çırpanda da, gülə-gülə gözümün içinə baxıb, yalanımı tutduğun üçün yaranan sevinc, mənim rəng verib, rəng alan halıma məmnunluq və pərt etdiyin üçün yaranan təəssüfün qarışığından ibarət hisslər kokteylini nümayiş etdirəndə də. Söz yox, mən sənin gözünün içinə yalan demişdim və bu, qınağa layiq idi. Amma bütöv ünvanı yazmağın heç bir mənası yox idi, üstəlik, sənə əziyyət olacaqdı.
Qeydiyyat blankında iş yeri bölməsinə Buzovna, 24 N məktəb əvəzinə bu sözləri yazmalı idin: “Gürcüstan SSR, Qardabani rayonu, Novo-Ulyanovka kəndi, Ruisbolo orta məktəbi” Sənə əziyyət vermək istəmirdim…
Görəsən, bu, hansı növ yalandır?
Xeyirli bazar günləri…