Özbəkistanın “kultura.uz” portalında Şuşa şəhəri haqqında rus dilində “Şuşa-abidələr şəhəri” sərlövhəli material yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, yazıda şəhərin təməlinin 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulduğu və ilk vaxtlarda şəhərin Şuşa adı ilə yanaşı, xanın şərəfinə Pənahabad adlandırıldığı qeyd edilir.
Məqalədə vurğulanır ki, Şuşa şəhəri 1992-ci il mayın 7-dən 8-nə keçən gecə ermənilər tərəfindən işğala məruz qalıb, 2020-ci il noyabrın 8-də rəşadətli ordumuzun əsgər və zabitləri tərəfindən azad edilib.
Yazıda Şuşa şəhərinin tarixi, qədim abidələri, ziyarətgahları, hər birinin məscidi, bulağı, hamamı olan 17 məhəlləsi, tanınmış şəxsiyyətləri, o cümlədən xanəndələri haqqında məlumat verilir. Qeyd edilir ki, Şuşanın işğalına qədər şəhərdə 170 nadir memarlıq abidəsi, 160 qədim tikili var idi və düşmən bu abidələrin əksəriyyətini dağıdıb.
Bildirilir ki, Şuşa zəbt edilərkən 195 adam şəhid, 102 nəfər əlil olub, 165 adam itkin düşüb.
Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilib.