Əslində hər bir dünyaşöhrətli Azərbaycan mütəfəkkirinin yubiley ilində əl-ayağa düşməyimizi və il başa çatan kimi çəkilib getməyi normal hal hesab etmirəm. Çox da uzaq olmayan “Nəsimi ili” praktikası bu fikrin təsdiqinə dəlalət edir.
Məzmuna, mahiyyətə deyil, forma və görüntüyə, eləcə də bəzi idarə və təşkilatlarda “yeyintiyə” hesablanan təşəbbüs və layihələr, tədbirlər planı aktuallığını saxlayacaqsa, deməli, “Nizami ili”ndə Nizami ilə bağlı on illərlə görülməsi vacib olan ancaq icra edilməyən fundamental işlər yenə arxa planda qalacaq.
Bu günün Azərbaycan və dünya oxucusuna N.Gəncəvi irsi, eləcə də Nizamişünaslıq mətnləri necə təqdim olunmalıdır? – sualı çıxır ortaya. 1940-cı illərdə Nizaminin 800 illik yubileyi ilə bağlı araşdırma və təqdimatların fonunda (80 il sonra) hansı fundamental nəşrlərlə qarşılaşacağıq? Sovet dövrü qadağa və tendensiyalılığı aradan qalxıb. Əgər bizim müstəqil, azad düşüncə prinsiplərinə dayanan ədəbiyyatşünaslığımız varsa, deməli, Nizami tamamilə yeni baxış bucağından və yenidən tədqiq edilməlidir. Sovetizm estetikasının və ideologiyasının tələbləri əsasında yazılan tədqiqatlarda Şeyx Nizami çox hallarda ateist düşüncəli, kommunizm ideologiyasının mistik təbliğatçısıtək tanıdılıb və həmin kitablar olduğutək təkrar-təkrar nəşr edilir. Nizaminin “pedoqoji görüşləri” sovet tədris proqramlarında bolşevizm ideologiyasının təbliği meyarları ilə “üst-üstə düşürdü”. Yəni uzun illər ərzində Nizami irsi ideoloji və siyasi məsələ kimi nəzarətdə saxlanılıb. Və hətta onun Azərbaycan, yoxsa fars şairi olması sualının vaxtaşırı gündəmə çıxmasını beynəlxalq münasibətlər məsələsi kimi qiymətləndirmək olar.
Mən şəxsən inanmıram ki, bu bir il ərzində aidiyyatı qurum və təşkilatlar Nizami yaradıcılığının tədqiqi və təbliği ilə bağlı bitməyən və yığılıb qalmış məsələləri həll edə bilsin.
Nizami irsinin Azərbaycan dilinə tərcüməsi ilə əlaqədar yaradılacaq komissiyada (əgər yaradılacaqsa!) mütəxəssislərin iradları və təklifləri əsasında mükəmməl redaktələr olmalıdır.
Nizaminin dünya elmi-ədəbi ictimaiyyətinə layiqli şəkildə təqdimatı üçün işlər görülməlidir. Məsələn, onun əsərlərinin dünya dillərinə tərcüməsi, eləcə də onun haqqında mükəmməl şəkildə tərtib olunmuş elmi məqalə və monoqrafiyaların tərcüməsi…
Dünya, xüsusən də rus ədəbiyyatşünas alimlərinin Nizami haqqındakı tədqiqatları toplanıb tərcümə olunmalı və nəşr ediməli idi. Özü də ən müasir dövrü də əhatə edən tədqiqatlarla bir yerdə. Bu məsələ ilə bağlı çox zaman eyni müəlliflərin (Bertels, Krımski…) adı çəkilir. Halbuki dünya ədəbiyyatşünaslığında (istər Şərq, istərsə də Qərb) Nizami mövzusuna müraciət davam etməkdədir.
Azərbaycanda Nizami Gəncəvinin əsərlərinin akademik nəşri məsələsi hansı mərhələdədir? Və ümumiyyətlə, bu iş görülürmü? Əlbəttə yox! Bir ilin içərisində bunu etmək bizim ədəbiyyatşünaslar üçün mümkünsüz olacaq. Bütün bu işlər üçün sərəncam gözləyənlər anlamalı idi ki, 2021-ci il gəlir qarşıdan və Nizamini dünyaya öz şairimiz kimi təqdim etməyin çoxlu fürsətli məqamları var. 4-5 il əvvəldən bu işləri reallaşdırmağa başlamalı idilər. Amma yəqin ki bu işlər hələ 4-5 il bundan sonra da normal şəkildə həyata keçirilməyəcək…
2021 ci ildə – “Nizami ili”ndə daha çox qarşılaşacağımız halları təxminən belə qruplaşdırıram:
1 . İdarə və təşkilatlar görüntü xarakterli, formalizmə əsaslanan tədbirlər keçirəcək.
2. Ədəbiyyat akademiklərinin bir neçəsi öz işçilərinin elmi potensialını “səfərbər” edib öz adlarına qalın-qalın cildlər nəşr etdirəcək və əslində Nizamini deyil, öz alim obrazlarını qabardacaqlar.
3. Çoxlu vədlər olacaq və o vədlər “sonrakı illər” bəhanəsi ilə heç vaxt reallaşmayacaq…
4. Sonda Nizami irsinin həqiqi tədqiqatçıları deyil, plagiatçılar mükafatlandırılacaq və s…
Bu siyahını uzada da bilərəm, amma ehtimallarımı kədərli notlarla bitirməmək üçün tam fərqli işlərin də həyata keçəcəyinə inandığımı bildirmək istəyirəm. İnanıram ki, barmaqla sayılacaq qədər az olan dəyərli alimlərimizin fədakarlığı hesabına “Nizami ili”ndə tarixə düşəcək işlər də görüləcək…
Mənim özümə gəldikdə isə, bildirmək istəyirəm ki, bir neçə il öncədən başladığım və bəzi hissələrini çap etdirdiyim “Nizaminin romanları” adlı araşdırmamı davam və çap etdirəcəm…
kulis.az