Rusiya Federasiyasının Dövlət Satınalmaları saytı Rusiya Federasiyası Müdafiə Nazirliyinin Qarabağ ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-yaşayış fonduna xidmət göstərilməsi ilə bağlı tender elan edib. Maraqlısı budur ki, Azərbaycana məxsus Qarabağ ərazisi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edilib.
“Report” xəbər verir ki, rəsmi portalda yerləşdirilmiş sənədə görə, cari il avqustun 13-də Rusiyanın Müdafiə Nazirliyi “Rusiya Federasiyası Müdafiə Nazirliyinin “Dağlıq Qarabağ Respublikası” ərazisində yerləşən hərbi şəhərciklərinin kazarma-yaşayış fonduna kompleks xidmət göstərilməsi və təşkili üzrə” sifariş təqdim edib.
Satınalmalar sahəsində vahid informasiya sistemindən “Report”un Rusiya bürosuna bildiriblər ki, qapalı müsabiqənin keçirilməsi ilə bağlı sifariş Rusiya Federasiyasının Müdafiə Nazirliyi tərəfindən təqdim edilib.
Rusiyanın Müdafiə Nazirliyi və Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi hələlik məsələni şərh etməyiblər.
Sülhməramlı qüvvələrinin Qarabağ ərazisində olması faktını nəzərə alaraq, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın tərəflərindən birinin rəsmi portalında Azərbaycanın suveren ərazisinin bu cür təqdim edilməsi nə dərəcədə düzgündür?
Bundan başqa, sülhməramlı qüvvələr də ermənilərin törətdikləri təxribatlara göz yummaqda davam edirlər. Çox uzağa getməyək, elə bu gün Azərbaycan ərazisində olan qanunsuz erməni silahlı birləşmələri bölmələrimizin Şuşa şəhəri istiqamətindəki mövqelərini atəşə tutublar. Nəzərə almaq lazımdır ki, bu, Qarabağ münaqişəsinin başa çatmasından sonra keçən 1 il ərzində qeydə alınan ilk belə hal deyil. Bəs bu cür hadisələrin qarşısını almalı olan sülhməramlılar hara baxırlar?
Ukraynanın “Kiyevo-Mogilyanskaya akademiya” milli institutunun britaniyalı professoru Taras Kuzionun fikrincə, Moldova və Gürcüstandakı 30 illik dondurulmuş münaqişələr aydın şəkildə sübut edir ki, Rusiya sülhün təmin edilməsində və münaqişələrin həllində maraqlı deyil.
Onun sözlərinə görə, Rusiyanın yeganə məqsədi regionda nüfuz dairəsini qorumaqdır.
“Sülhməramlılar Ermənistanın Laçın dəhlizi vasitəsilə Qarabağı şəxsi heyət və hərbi texnika ilə təmin etməsinə göz yumurlar”, – professor deyib.
Azərbaycanlı politoloq Tofiq Abbasov “Report”a açıqlamasında bildirib ki, bu cür elanlar, əvvəllər də edildiyi kimi, təxribat xarakterlidir. O vurğulayıb ki, bununla yanaşı, belə məlumatları dərc edən insanların savadsızlığı da rol oynayır: “Dağlıq Qarabağ” adlı subyekt yoxdur və heç vaxt da olmayıb. Satışla məşğul olan instansiyalar bəzən savadsızlıq edirlər, bütün nüansları bilmədən nə isə yazırlar, onlar üçün bunun necə qarşılanacağının önəmi yoxdur, əsas odur məhsulları satılsın”.
İndi yalnız Rusiya Müdafiə Nazirliyinin bu mövzuda Rusiya Federasiyasının rəsmi mövqeyini, o cümlədən Rusiya prezidenti Vladimir Putinin qondarma “Dağlıq Qarabağ Respublikası”nın olmadığını açıq şəkildə dilə gətirdiyini nəzərə alacağına ümid etmək qalır.
V.Putinin dediyi kimi, Ermənistan özü Qarabağın müstəqilliyini və suverenliyini tanımayıb. “Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir”, – Rusiya lideri bildirib.
Bu səhvin təsadüfən və ya qəsdən Rusiya Müdafiə Nazirliyi tərəfindən edilməsindən asılı olmayaraq, o, düzəldilməlidir. Ümid edirik ki, Rusiya Müdafiə Nazirliyi Rusiya Federasiyası prezidentinin mövqeyinə və Rusiya dövlətinin rəsmi mövqeyinə qarşı çıxmır.