- Ədəbiyyat

İlk addım – Hekayə

Yeganə KƏRİMZADƏ

Maaşını dəmir qutudan alsa da, “sağ ol” deyib, pulu çantasındakı pulqabına yerləşdirib, yoluna davam etdi. İçinə dolan sevincin səbəbini anlamasa da, addımlarındakı rahatlıq, xoş havanın ciyərlərinə dolan yüngüllüyündən üzünə təbəssüm qonmuşdu. Arada dayanıb, başından sürüşən ağ ipək yaylığını düzəldib, paltosunun yaxasını bir daha çəkib, sığallayıb, yoluna davam etdiyi vaxt qulağına gələn tanış səs onu saxladı. Dayansa da, geri dönə bilmədi, üzü dəyişdi, sanki bir anın içində illərin üstündən quş kimi uçub, təngnəfəs yerə endi.

– Səriyyə, sənsən?..

Səriyyə geriyə döndü, gözləri qarşısında dayanan adamın səsi doğma olsa da, özü yad idi. Səs yenə Səriyyəni özünə qaytardı.

– Tanımadın məni?..

Səriyyə adama sarı qorxaq addımlarla gedib, gözlərini qıyıb ona baxır, sanki keçmişini o üzün qırışları arasında axtarırdı.

– Tahir?!.

– Hə, ay qız, sinif yoldaşın Tahir!

Səriyyənin əli öz üzündə gəzdi. Bir anda düşündü ki, görəsən, sonuncu dəfə güzgüyə nə vaxt baxıb. Tahir onun narahatlığını başa düşdü, ya yox, bilinmədi, amma dediyi: – Heç dəyişməmisən, Səriyyə, – sözü ilə qadın əlini üzündən çəkib, sevinclə kişiyə baxdı.

– Tahir, Bakıda yaşayırsan?

– Yox, ay Səriyyə, uşaq yaralanıb, qospitaldadı.

– Hansı, böyüyün?

– Yox, sənin qızının əkiztayı…

Deyib, güclə gülümsədi: – Qızın necədi, ərə verməmisən?

– Yox hələ…

– Niyə, rəhmətliyin qızı, otuzu haqladılar, bizimki də evlənmədi, deyir Xocalını azad edək, toyumu orda edəcəm.

Səriyyənin gözləri dolub, səsi titrəyə-titrəyə: – İnşallah, qonşu, inşallah. Mənim qızım böyümədi axı.

Tahir Səriyyənin gözlərinə baxdı, indi nəsə anlasa da, danışmağa gücü yetmədi. Səriyyə onun qolundan tutub, uşaq paltarları satılan dükana sarı çəkdi. Tahir səssizcə onun böyrünə düşüb gedirdi. Səriyyə dükana girəndən sonra Tahiri orda onu gözləməsini tapşırıb özü içəri sarı getdi.  Səriyyə geri dönəndə o özünü tox tutub, qadının onu hara aparacağını, nə edəcəyini gözləyirdi.

Yataqxanaya oxşar köhnə binanın qapısından içəri keçib üçüncü mərtəbəyə qalxdılar. Qapı açılanda Tahirin ilk gözünə dəmir çarpayı, onun üstünə sıra ilə düzülmüş uşaq ayaqqabıları dəydi. Səriyyə irəli keçib, onu evə dəvət edib, sevincək çantasından yeni uşaq ayaqqabısını çıxardıb, yatağın üstə qoyub, çayın altını yandırmağa gedəndə Tahirin qəfildən yadına düşdü ki, bu gün qospitalda yaralı yatan oğlunun doğum günüdü, deməli, Səriyyənin də qızının doğum günü idi.

Səriyyə balaca masanın üstünə qənd, mürəbbə düzüb, çayın qaynamağını gözləmək üçün Tahirlə üz-üzə oturub,- bu gün uşaqlarımızın doğum günüdü, səninki qospitalda, mənimki isə…

Səriyyə əlləri ilə üzünü tutub hönkürdü.

Tahir ona baxıb acı-acı ağladı, üzünü tutmadan, göz yaşından utanmadan: – Nə vaxt Səriyyə, nə vaxt?.. Dedi.

Səriyyə əlini üzündən çəkmədən: – Dur ayaqqabıları say… – dedi.

Tahir oturduğu yerdəncə ayaqqabıları saydığı vaxt Səriyyə üzünü silib, çay dəmləməyə durdu, sanki öz-özünə danışırdı, – yadındadı, Səadət dil açmışdı, amma hələ çətin yeriyirdi. Həkim demişdi, bir az gec gəzəcək, amma gəzəcək. Uşaq ayaqqabı istəyirdi bizdən. Rəhmətlik atası hər dəfə deyirdi, maaşımı alım, qızıma ayaqqabı alacam…

Səriyyə çay süzdü, Tahirlə üz-üzə oturub, gözlərini əli ilə sildi.

– Bilirsən, uşaq yeridi…

Tahirin gözləri işıqlandı, qızarmış gözlərindəki ümidlə Səriyyəyə baxdı.

Səriyyə çevrilib ayaqqabılara baxdı,  Tahirə sarı çevrildi: – Yeridi. Xocalıdan qaçdığımız gecə atasını vurduqları vaxt onu yerə qoydum, atasını tutdum. Bir də gördüm Səadətim bizi qoyub, geri, güllə atılan tərəfə gedir, ayaqları atasının qanına bulaşmışdı, qarın üstə yeridikcə, qanlı ayaq izləri yerə hopurdu. Biz belə əhd eləməmişdik axı. Mən uşağa çatana kimi onu da vurdu ermənilər…

Tahirin yumruğu sıxılsa da, onu hara vuracağını bilmədən durub, bu evdən necə çıxdığını bilmədi. Telefonu susmaq bilmirdi, cavab vermək lazım deyildi, telefonu açmaq bəs edirdi, xəbəri zəng edən özü verəcəkdi. O xəbər artıq başqa hekayə yazacaqdı. Şəhidin var, Tahir kişi!

Qar yağır. Siz qar üstünə yazılan qanlı ayaq izləri görmüsünüz?

İndi o, heç vaxt böyüməyəcək, yalın ayaqların heç vaxt geyilməyəcək iyirmi doqquz ayaqqabısı var idi…

edebiyyatqazeti.az