“Məsələ burasındadır ki, rus sülhməramlıların Azərbaycan ərazisində yerləşdirilməsi 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatda nəzərdə tutulub və buna əsasən onlar Qarabağda müvəqqəti olaraq ermənilər ilə azərbaycanlılar arasında çəpər rolunu oynayırlar”.
Bunu Modern.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, Qarabağ ərazisi Azərbaycanın yurisdiksiyasına aid olduğuna görə istənilən məsələnin hüquqi tərəfi məhz Bakı tərəfindən tənzimlənməlidir:
“Görünür, son zamanlar müvəqqəti yerləşən rus sülhməramlılarının arxasında gizlənən erməni quldurlarının ordumuz istiqamətində müntəzəm təxribatlar törəkməklərinin kökündə Rusiyanın Azərbaycandan bir sıra istəkləri, o cümlədən, sülhməramlıların buradakı mövcudluğu ilə bağlı hüquqi sənədin qəbul edilməsi istəyi dayanır. İstisna deyil ki, Moskva Dneprddə, Cənubi Osetiyada, Abxaziyada olduğu kimi, Qarabağla bağlı da sülhməramlıların mövcudluğunun ayrıca hüquqi sənəd formasında qəbuluna təkid edir. Rusiya tərəfinin istəyi ondan ibarətdir ki sülhməramlılar bölgədə uzun müddət qalsınlar və yerləşmə ilə bağlı hüquqi sənəd qəbul edilsin”.
Politoloqun sözlərinə görə, Azərbaycan milli maraqları nəzərə alaraq belə addım atmır:
“Təsadüfi deyil ki, Üçtərəfli Bəyanat Milli Məclis tərəfindən ratifikasiya edilməyib, sülhməramlıların ərazimizdə yerləşməsi hüquqi cəhətdən əlavə sənəddə qəbul olunmayıb.
Xatırlayırsızsa, bir müddət əvvəl Ermənistan hökumətinin son iclasında çıxış edən baş nazir Nikol Paşinyan Azərbaycanı Rusiyanın sülhməramlı missiyasına qarşı təbliğat aparmaqda günahlandırıb və bildirib ki, Bakı sülhməramlıların mandatını təsdiq edən sənədə imza atmaqdan imtina edib. Digər hərəkətlər də göstərir ki, Bakı Rusiya sülhməramlı missiyasının Qarabağdakı mövcudluğunda maraqlı deyil.
Əlbəttə, Nikol Paşinyanın dedikləri Azərbaycan və Rusiya arasında münasibətlərə zərbə vurmaq məqsədi daşıyır. Ancaq Rusiya tərəfinin istəyi ondan ibarətdir ki, sülhməramlılar bölgədə uzun müddət qalsınlar. Azərbaycan isə bu aylar ərzində təzyiqlər qarşısında dik durmağı bacardı. Üçtərəfli Bəyanat Milli Məclis tərəfindən ratifikasiya edilməyib, sülhməramlıların ərazimizdə yerləşməsi hüquqi cəhətdən əlavə sənəddə qəbul edilməyib.
Bu və digər məsələlər ətrafında sərhəddə və müvəqqəti yerləşdikləri ərazilər vasitəsilə bizə təzyiq etməkdənsə, yaxşı olardı ki, bu məsələlər həllini tapsın: erməni hərbi birləşmələri çıxarılsın, Laçın dəhlizinə nəzarət, Xankəndinə gedənlərin razılaşdırılması və bəzi digər tələblər”.