- Ədəbiyyat

Həsrətdən doğulan misralar

ƏJDƏR YUNUS RZA– 1952-ci il yanvarın 2-də Cəbrayıl rayonunun Xələfli kəndində çoban ailəsində anadan olmuş, 1968- ci ildə Xələfli kənd səkkiz illik, 1970-ci ildə isə Şükürbəyli kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə Sumqayıt şəhər 5 saylı texniki məktəbini fərqlənmə diplomu ilə bitirib, 1971-1972-ci illərdə M.Əzizbəyov adına kimya zavodunda 5-ci dərəcəli aparatçı vəzifəsi ilə əmək fəaliyyətinə başlamış, 1972-73-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Unibersitetinin hazırlıq şöbəsində oxumuş, 1977-ci ildə tarix fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur. Salyanda 27 saylı dəmir yolu orta məktəbində pedaqoji fəaliyyətə başlamış,  hərbi xidmətdə olmuş, 1978-ci ilin dekabrından 1995-ci ilin dekabrına qədər təhsil aldığı Pedaqoji Universitetdə laborant, baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışmışdır. 1987-ci ildə namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almış, dosentdir. 1995-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasında «İctimai elmlər» kafedrasının rəisi, Akademiyanın rəis müavini vəzifələrində işləmişdir. 2012-ci ildən istefada olan polis polkovnikidir.Hazırda BAAU –nun “Regionşünaslıq və iqtisadiyyat” fakültəsinin dekanıdır. İlk şeiri 1969-cu ildə Cəbrayıl rayonunun “Kolxozçu” (Xudafərin) qəzetində çap olunub. “Taleyimin qisməti” (1997), “Haray dağlar” (1998), “Bir ovuc torpaq” (2001), “Gordubaba, yadındamı” (2001), “Darıxmasın” (2002) və “Zamanın girovuyam” (2003), “Tövbə bu dünyaya bir də gəlmərəm” (2005), “Niyə açdın, ay bənövşə” (2006) və “Yol gedirəm” (2008).”Dərdim iki taylıdı”(2011) və “Mən belə dünyanı istəməmişdim(2012) adlı şeirlər kitabı nəşr olunub.”Haray”,”Gordubaba yadındamı”,”Xocalı dərdi”,”Atatürk”,”Heydərbabayla üz-üzə”, “Azadlıq carçısı” və “ Daş yaddaşım” poemalarını yazıb. 2015-ci ilin aprelində Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibəti ilə türk şairlərinin şeir yarışmasında “Atatürk” poeması 3-cü yerə layiq görülmüşdür.

Bu kitabda şeirləri oxucuya təqdim olunan hörmətli ağsaqqalımız Əjdər Yunusovun anadan olduğu və ömrünün ən gözəl çağlarını yaşadığı Cəbrayıl rayonunun Xəlfəli, Şükürbəyli kəndləri Arazboyunun axarlı-baxarlı dağ yamacında yerləşir. Bu yerlərin əhalisi əsasən heyvandarlıqla məşğul olduğuna görə Muğan düzləri  qışlaq yeri, Qarabağın Ziyarət dağı,Qərbi Azərbaycanın Muradtəpə,Bazarçay, Çalbayır, Keçəldağ əraziləri yaylaqları olardı. Yarımköçəri həyat tərzi yaşayan bu camaat ilin dörddə üç hissəsini yaylaqlarda yaşadığına görə güllü-çiçəkli dağlara, büz bulaqlara, yaşıl ormanlara daha çox bağlı olar, təbləri qartalların yurd saldiğı bu ucalıqlarla ahəngləşərdi. Uşaqları ser deyə-deyə, muğam oxuya-oxuya böyüyərdi… Ömrünün ilk çağlarını Əjdər müəllim də belə yaşamışdı. Bu təb, bu ilham, bu həvəs, bu torpağa bağlılıq o mənbədən rişələnmişdir. Odur ki, pərvazlanıb hara uçsa, hansı səmada qanad çalsa da öz kökünə bağlılığı bütün əsərlərində görünür.

Kitab səssiz, kitab sakit… Nə qədər ki, açmamısan… Vətən həsrətı şairin indiyədək nəşr olunmuş 10-dan çox kitabının,”Haray”, “Gördübaba yadındamı”, “Xocalı dərdi”, Heydər babayla üz-üzə”, “Azadlıq carçısı”, “Daş yaddaşım” kimi poemalarınının hər vərəqini çevirdikcə cağlayan dağ bulaqlarının dumduru suları kimi yayılır. Canında yaralı vətən sızıltısı olmayanı da sızıldadır, titrədir.

Vətən soraqlı şairin bu kitabda oxucuya təqdim olunan şeirlərini oxuyan hər kəs sıyrılmış qılınc, ayağa çəkilmiş çaxmaq olmadığı üçün təəssüflənir, atlanmış əsgərə çevrilmək, vətəni düşməndən azad etmək, bu həsrətə son qoymaq istəyi ilə alovlanır:

Bir sazın simində “Sarı tel” kimi,
Çalınıb doyunca ağlaya biləm.
Dağların bağrını yaran sel kimi,
Üzü yurda sarı çağlaya biləm

Şair Dərbəndli, Təbrizli, Zəngəzurlu, Göyçəli Azərbaycanın hər qarış  torpağını ğəzir, doğulduğu məkanda olan qoca palıdları, şehli otları, üz tutduğu sərin mehi, yemlikləri,quzuqulaqlarını gəzdiyi yerlərdə tapır, lakin ata yurdunun sözlə ifadə edilə bilməyən ab- havasını tapa bilmir:

Batdım diziməcən çəməndə şehə,
Doymadım üzümü tutmaqdan mehə.
Ruhumu,ay Əjdər, döndərib behə ,
Göndərdim yurduma, cismimdə qaldım.
Şirvan dağlarının qonağı oldum.

O, işğal altında olan torpaqların həsrəti ilə öz dağından , dərəsindən ayrı düşən elinin obasının dərdinə də qiymət qoyur, dərmanına da. Dərmanı dərdindən bahadır şairin.

Qonaqlı-qaralı yaylaqlarla, hər bahar bir yeni biçimli gəzməli-görməli oylaqlarla görüş ümidini Allaha bağlayaraq dostlarına deyir:

“Hansı dağım, dərəm, quzeyim qaldı
…Nə yurd-yuva qaldı, nə oba,nə el,
Mən necə deyim ki, dur baharda gəl.”

Sıldırım qayalı, boz yamaclı uca dağlar , yaşıl ormanları özünə koynək etmiş zirvələr sairin sevda yeri, məhəbbət yuvasıdır.Hiss olunur ki, müəllif hər bahar Arazboyu dağların döşündə, kolların dibində boyun büküb vüsal ümidi ilə qar altından boylanan bənövşələrin həsrətini yaşayır.

Niyə açdın, ay bənövşə,
Dərənin ki, yoxdu sənin?
Doluxsunmuş gözlərini,
Görənin ki, yoxdu sənin .

Bir bahar bu intizara son qoymaq üçün yurda qayıtmağin yolların arayan şair:

Göz yaşlarım damla-damla göl ola,
Qürbət eldən yurd-yuvama üzməyə…

Bu nə həsrətdi, Allah, bu nə arzudur? Kim göz yaşından göl arzulayar? Kim o qədər  ağlamağı özünə rəva bilər? Ancaq yerə-göyə sığmayan Vətən, yurd həsrətini yumruq boyda ürəyinə yerləşdirən ƏJDƏR YUNUS! Ədəbiyyatımızda bu deyim təkcə ona məxsusdur.

Əjdər müəllim üçün gözəllik anlamı həyatın özüdür, vətəndir,torpaqdır, uca-uca dağların çəmənzarıdır, meşələrin gecə vahiməsidir, bulaqlarin layla səsidir, Qaratoyuq meşəxoruzu zənguləsidir, həmişə yerə möhkəm dayanan ayaqların şehli ot üstündə sürsüşməsidir, küləklərin gətirdiyi  kəklikotu qoxusudur.

Əs, ay külək, əs bizlərə,
Kəkotulu ətri gətir.
Dözəmmirəm istilərə,
Buludlardan çətir gətir.
Kəkotulu ətri gətir.

Şairi yaxından tanımayanlar yaradıcılığına istinadən onun bədbin ruhlu bir insan olduğunu mülahizə edərlər. Bu onun xarakterində deyil yaradıcılığındadır. Bu bədbinlik onun əlini çatdıra bilmədiyi  zirvələr həsrətindən qanına hopmuş yaradıcılığında təzahür edir. Yurdda qalan qəbir daşlarından , çadirlarda çürüyən el köçlərindən,əlacsız yurdsuzluq yarasından, xəcalət yeri olan “qul bazarlarından”, Dubaydan sorağı gələn qeyrət iniltisindın başlayaraq içində “ikimi, üçmü, … beşmi “ olan qaysaq tutmayan yaraların ağrılarından  bu bədbinlik yaranır. Əslində bu bədbinlik deyil, bir mübarizə əzmidir. Dağlar oğlu dağ vüqarlı! Dağdan düşüb şoranlarda, aranlarda yaş töküb yurd dərdindən əyilə-əyilə yazmağı özünə sığışdıra bilmir. Qeyrət oxunun atılmaması, qılıncların qında paslanması onu sıxır, bu sıxıntılı ömürdə onun üçün “əlli” ilə “yüz”ün mənası yoxdur.

İnsan əyilməzliyi, vüqar,qürur şairin Tanrı övladlarında görmək istədiyi keyfiyyətlərin ən ümdə-

sidir. Heç təsadüfi deyil ki, tanışları onu Dağlar oğlu çağırırlar. Özü demiş, “qəribliyin, vətən həsrətinin çökdürdüyü “ çiyinləri də onun vüqarını gizlədə bilməmişdir. Zahiri görkəmi və mənəvi dünyası ilə başı qarlı dağa bənzəyən şair həmişə insanların xarakterinə nüfuz edərək qeyrətin, namusun əyilməzliyini təbliğ edir, arı, abırı uca tutmağa cağırır:

Neçəsinin ar, isməti,
Qorudu saf məhəbbəti…
Əjdər, neçə qız qisməti,
Şəhidlərlə köç eylədi.

Yaradıcılığında tərbiyə mövzusu önəmli yer tutur. Lakin o nəsihətçi deyildir. Bu müasir köynəkdə, milli zəmində qurulan tərbiyədir. Ağsaqqal sözü…, ağbirçək öyüdü… Bunsuz dünya tarazlığını itirər. Bu bizim milli mentalitetimizdir. Şair itirdiklərinin içində bu tarazlığın da olmasından həmişə narahatdır. Qeyrət, əxlaq bakirəliyi onun ümid yeridir, tapındığı nöqtədir.  “Bu dünyanın köçündə”, “Mən keçməsəm də”, “Baxıram ki” şeirlərində o bugünki tərbiyədə, mənəviyyatda olan çatları görür, sezir, ürək ağrısı ilə gələcəyimizi düşünür:

Səksəkili bu dünyanın köçündə,
Çaş qalmışam nadanların içində.
Bu darta-dart, bu talanda, biçində,
Mən sabaha nə ümidlə boylanım.

“Deyil” şeirində şair insanları, xüsusilə gəncləri səbrli, təmkinli, dostluqda möhkəm, ələ baxımlıqdan uzaq olmağa, halalı harama qatmamağa çağırır və düz yolu da göstərir.

O, bu həyatın yaşayışçısıdır, bir binada insan ölümünə səbəb olan yanğından tutmuş bütün olayların şahididir, yaşadığımız cəmiyyətin bir üzvüdür. Ucalıqlarda süzən xəyal atı bu mühitdə dolaşanda dedi-qodulardan ,bir-birinin ayağından çəkməkdən tayfa-nəsil seçimlərindən bezən şair insanları ən azı bu dünya ilə vidalaşmağın sehrinə salır, düz yola — qeybətsiz, şəhvətsiz, yalanlar üzərində qurulmayan şöhrətsiz  yola dəvət edir, səsləyir. Tanrı trərəfindən bərabər yaradılmış insanları bir-birindən vara-dövlətə, vəzifəyə, stola görə fərqləndirməyin əleyhinə olan, bunları mənəvi tərbiyəyə zidd hesab edən Əjdər Yunus üzünü bəşəriyyətə tutub deyir:

Çıxıb getsəm dünyanın o başına
Görən orda dedi-qodu vardımı?
… Bir sual da didir məni içimdən
Qardaşın da doğma, yadı vardımı?
… Qarnı başdan yuxarıda duranın
Bişərəfdən özgə adı vardımı?

Belələrinə kitabda toplanmış “Novruz xonçası”, Unutmaz ellərim vətənpərvərin..”, Gördüm” və s. kimi şeirlərlə tutarlı cavab verir. Şair yaradıcılığının ehtiram, səcdə yeri şəhidlik məqamədər. Şəhid ömrünün əbədiliyi, şəhidlik zirvəsini fəth edənlərin həmişəyaşarlığı sanki bu gün “bişərəf” adı altında yaşayanlara qarşı qoyulur .

Cənub mövzusu dünənli-bugünlü Azərbaycan ədəbiyyatında coxişlənmiş dəyərli mövzulardandır. Lakin bu istiqamətdə hər kəsin öz duyumu, öz yolu olmuşdur.Cox işlənmiş, haqqinda cox yazılmış Cənub həsrəti, Güney Azərbaycan intizarı, Güney- Cənub birliyi Ə. Yunusda tam özgə bir axarda çağlamış xüsusi əhəmiyyətli və davamedici mövqedədir. Bu özünəməxsusluğu şair necə seçmişdir, necı tapmışdır? Bu sualın cavabını kitabdakı “Təbrizim”, “Dilinə qurban olum”, “Xudafərinlə üz-üzə” və s.şeirlərdən aramaq gərəkdir.

Əlim yetir, ünüm yetir, ayrıyıq,
İllər ötür, ömür bitir, ayrıyıq.
Nələr qalır, nələr itir, ayrıyıq,
İtənləri bir yada sal, Təbrizim

Ə.Yunusun ən ağır dərdi Qarabağ dərdidir. Bütün həsrət, intizar, bədbinlik bu dərddən pərvazlanır.

Döyüşə cağırmaq haqqı mənimdi,

Cağırdım,ay Əjdər, elim gəlmədi. — deyən şair Atəşkəs, sülh yoluna hörmətlə yanaşır, lakin  bu xalqın səsinin,ününün heç yerə çatmaması,  Avropanın, ATƏT-in, BMT-nin  yalan vədlərinin insan həsrətinə, ürək sızıltısına son qoya bilməməsi, elin-obanın susması onu daim narahat edir. “Kəsilib qənim”,”Aldanmaqdayıq”,“Mənəm”  kimi şeirlər  bu narahatlığı daha qabarıq əks etdirir, əslində elinin- obasının harayına gəlməməsindən gileylənmir.. :

Bizlər o dağların, o dağlar bizim,
İlahi, həsrətində dolanmaqdayıq.
Silindi dağlarda saldığım izim,
ATƏT-lər vədiylə aldanmaqdayıq.
Yurd deyib, alışıb odlanmaqdayıq…

Elinə obasına bağlı şairin yaradıcılığında el adətləri, toylar, bayramlar ehtiram, fəxr yeridir. Bu adət-ənənələrin zənginliyi, rəngarəngliyi onu fərəhləndirir. Azərbaycanın hər bölgəsində özünə məxsus özəlliklə qeyd olunan “Novruz”  şənlikləri Qarabağda xüsusiləşir; sonuncu çərşənbənin daha təmtəraqlı qeyd olunması, sac içində buğda qovrulması, xonça tutulması, yumurta boyanması, çövkan oyunları və Qarabağa məxsus digər “Novruz” atributları xatırlanır. Bu reallıqlar xatirələrə çevrildikçə şairin daxili dünyasındakı təlatümlər onu titrədir, üzünə gülən bahar daxilində qışa çevrilir:

Boyanmamış yumurtanın
Baxişları doluxsundu. – deyərək içindən keçən ağrilari qabarıq şəkildə oxucuya çatdırır.

Xəyalən bir “Novruz” axşamı Xələfdağda bayram şənliyi keçirən şair yurdyna qovuşur, necə deyərlər həsrətini öldürür.

..Bu bir xəyal idi çəkdi dağlara,
Qovuşdum yurdumda qalan çağlara…
Novruzun axşamı “qayıdıb” ora,
Çalışdım, ay Əjdər, başım qatmağa.

Lakin xəyal aləmindən geri döndükdə deyir:

Yaz gəlibdi qapımıza,
Qışdan hələ çıxmamışıq.

Həsrətdən Qış insanın ürəyində at oynadarmış!

Əjdər Yunus həm də bitməz-tükənməz bir məhəbbət dünyasının tərənnümçüsüdür. O, eşq aləminin əlində sevgi badəsi gəzdirən qəhrəmanıdır.Naz-qəmzə həvəsli, dözümlü, inamlı, sevincli gözəllik, saflıq, səmimilik aşiqidir. Bu mövzuda yazdıgı şeirlər “əlinə əlini belə toxundurmadığı” bir gözələ həsr olunur.

Məhəbbət mövzusunda yazdığı şeirlərdə biz iki qəhrəmanla görüşürük.Biri nakam məhəbbətli, lakin ümidli aşiq, digəri həyatın acı-şirinini birgə daddığı, ömür yollarında ona arxa, dayaq olan gözəlin sevgilisi. Bu, Əjdər müəllim üçün önəmli bir həyat, işıqlı bir gerçəkdir. Bu gerçək onu yaşamağa, güclü olmağa aparır, hər zaman yanındadır, ona dayaqdır. Əgər həyatın bu istiqaməti olmasydı şair təkqanad qalardı, göylərə pərvazlana, hətta xəyallar aləminə də vara bilməzdi. Bu, möhkəm,təmiz, saf bir ailə dünyasıdır, ailə məhəbbətidir. Belə səadəti müəllif hər kəsə arzulayır.”Görməsəydim”, “Bölərəm”, “Nə yaxşı ki..”, “Həya icində”, “Dilbərim” və s. şeirlər insanı xəyallar aləmindən öz isti yuvasına çəkir.

Onun  içində nakam məhəbbətli bir ürək titrəyişi var. Bu bəşəri məhəbbətdə vüsal xəyaldadır, xatirələrdədir, hətta ayriliğın özü də saflıqdandır, xəyanət, xəbislik yoxdur.Bu nakamlıq dünyasında kimsə qəlb sındırmır. Aşiq “Pəri” adlandırdığı sevgilisini tərənnüm edir. Bu, bəzən uşaqlıq xatirələrinə çevrilir (“Göz muncuğu”). Bəzən oxucu elə bilir ki, bu PƏRİ şairi qəmli- kədərli köçkün dünyasından götürüb nikbin bir diyara—öz gözəllik, saflıq dünyasına aparmaqla onun yaşam stimulunu artırır. Adama elə gəlir(!) ki, sevgi dənizində üzən şairin “göz yaşı damlalarından yaranan” dənizdə üzməyə ehtiyacı yoxdur.

Nakam eşqdən bəhs edən şeirlərdə böyük bir ümid ocağı yanır. Bu– əbədi məhəbbətin şölələrinin baş qaldırdığı nöqtədir. Artıq burada məhəbbət ülviləşir, bir insana sevgidən kənara çıxır, BƏŞƏRİLƏŞİR.

Xalq adamı olduğundandır ki, əsərlərində də xalq deyimlərindən, aforizmlərdən, atalar sözlərindən geniş şəkildə,özünə məxsusluqla və yerində istifadə etmişdir.Şifahi xalq ədəbiyyatı nümunələrindən daim qidalanan şair insanları xeyirxahlığa, səxavətə, gözütoxlüğa səsləyir.

Min ildir dağlarla çarpışan yellər,
Dağlardan nəyisə qoparıbdımı?
Dünyaya gələndə boş gələn əllər,
Gedəndə nəyisə aparıbdımı?

Şeirin son misrasında fəlsəfi mövqedən yanaşaraq əsl həyat həqiqətlərini acır:

Sən demə dünyaya gəlişim günah…
Gedişim günahı yumağım imiş….

Şairin yaradıcılığında mövzu rəngarəngliyi olduğu kimi vəzn çaları da genişdir.Onun şeirlərinin əksəriyyəti heca vəzninin onbirlik ölçüsündə olsa da, təqdim olunan bu kitabda gəraylılar, qəzəllər də xüsusi yer tutur, hətta 14 hecalı şeirlər də diqqət çəkir. Hər bir şeir formasında müvəffəqiyyət hiss olunur. Rəngarəng mövzular  müxtəlif  ölçülərə ustalıqla yerləşdirilir.

Hələ deyilməmiş cox söz var.Həsrətin sonuna böyük ümidlərlə bu yolda Əjdər Yunusa uğurlar arzulayırıq və yeni kitablarının nəşrini gözləyirik.

__________________________________

Əjdər Yunusa: Dərdlərimin eyni olan dərdlərinin heç birindən vaz keçə bilmədim: az demişdin həcmcə çox yazdım ancaq ürəyimdəkilərin hamısını yaza bilmədim.. Sonra oxudum. İstədim azaldim. Bilmədim hansi həsrəti,intizarı,dərdi, kədəri, sevinci, məhəbbəti, nəşəni kəsim. Bağışla məni.

 Hörmətlə: Sima Cəfərova