- Köşə

Gülyaz ƏLİYEVA. Yenə payız…

Payız… Nədənsə, ta uşaqlıqdan payız mənə qəm-kədər gətirir…Payız gələndə özümü tənha, qəribsəmiş hiss edirəm, baxmayaraq ki, payız toy-büsat, çal-çağır, bol məhsul fəslidir, bunların heç biri ruhuma hopan qəribsəmə hissinə təsir edə bilmir… hətta qonşudan, ya uzaqlardan küləyin qovub-gətirdiyi “Vağzalı” sədaları belə ruhuma hopmuş kədəri dağıtmır, əksinə  bir az da artırır… Yayın çal-çağırlı yığnağı dağılandan sonra qəribsəyən dağlara bənzəyirəm payız fəslində…Odur ki, mən də gahdan çiskin tökər , gah da qaş-qabağımla duman eylərəm, özüm də səbəbini bilmədən…Düz 30 ildən çoxdur ki, bu belədir…Hava qaralıb tutulanda mənim də ovqatım təlx olar, tutularam, bozarar, qara bulud kimi dolub-boşalaram…

30 ildir payız beləcə gəlib-gedir…Yurd həsrətli köçkünlərdən ötrü…Yağış yağanda havadan torpaq yox, şəhid ruhların qoxusu gəlir, ana torpaq bağrına basdıqlarına sanki hər gecə həzin-hızin lay-lay çalır, dumandan tül kəlağayısını başına çəkib, sarı libasını geyinib, dünyanın fani olmasını unudanlara xatırladır payız. Ariflər bunu bir işarədən qansalar da, cahillərə bu kədər çatmır…Yenə payız…müdrik, tutqun, qaş-qabaqlı, zəhmli, sarı donlu payız…

Bahar al libaslı yarını sevər,
Yay qumlu dənizi – varını sevər.
Qış apağ qarıyla torpağı örtər,
Payız qərib – qərib sarını sevər…

 332 Oxunub