- Ədəbiyyat

Rəşidə ALLAHVERDİYEVA. Şeirlər


Şuşa ilə xəyali söhbət

Ey qibləgahım, salam,
İlk və son eşqim Vətən!
Nə qədər duysam belə əhvalını yenə də
qoy soruşum: Necəsən?

Əllərində qalıbmı sol əlimin soyuğu?
Üzünü görən gündən od tutub sağ yanağım.
Bağışla, gözlərinə doyunca baxammadım,
qorxdum ki, sözlərimi dinləməz ayaqlarım.

Otuz illik həsrəti sıxıb yara bağrıma,
Mən sənin görüşünə tamarzın kimi gəldim.
Qalan ömrüm sadağan, götür, hərlə başına.
Ən sonuncu nəzirin, niyazın kimi gəldim.

Sənsizlik işgəncəsi bitdi bilib gəlmişəm…
Qəbrimi ayağının altda qazsan, ölmərəm.
O bulaq gözlərində bir kirpiklik yer ayır,
Ruhumu əbədilik ordan assan, ölmərəm.

Nə qalacaq yerim ol, nə də özgəyə məskən.
Əllərim çatmasa da, gözlərim görsün səni.
Sən zirvə ol, mən ətək.. Min il də həsrət çəkək.
Azadlığın mübarək, ay RUHUMUN VƏTƏNİ!!!
AZADLIĞIN MÜBARƏK..!!!


Adam…

Bu həsrət qovurur bizi min ildi,
Nə fərqi, vaxt keçib az, ya çox, Adam.
Nə olsun yaşının üstə yaş gəlir…
Sənin yaşlanmağa haqqın yox, Adam.

Qoy qovsun il ili, ay keçsin ayı,
Nə qarış axına, nə qoşul selə.
Mən səni gördüyüm gündə qalmışam.
Sən məni itirən ildə qal elə.

İllərdi qəlbimə çətir tutmuşam,
ki həsrət yağışı döyməsin səni.
Özüm öz içimdə qovruldumsa da,
Şux gəzdim əhvalım əyməsin səni.

Sənə cürət edib toxunmadı ki,
İçımə atdığın bircə daş belə.
Mən sənin üzündən iyirmi ildə
Böyüyə bilmədim bircə yaş belə.

Vaxt ötə, lap elə bükülə belin,
Övlad çiyinləri olar dirəyin.
Dərd etmə, nə səksən, nə yüz qocaltmaz.
İçındə varamsa, gəncdir ürəyin.

Adımı daşıyan nəvənə baxıb
Anlarsan, duyğu var, qədəri olmaz.
Əsanı gizləyən nəticələrə
Bir az hirslənməyin zərəri olmaz.

Sənə ünvanlanan hər bir misrada
Döyünən qəlbimi duysan, bəsimdi.
Hərdən darıxanda adımı çağır,
Gəlməsəm, anla ki, son nəfəsimdi.

Həsrət ayırmadı, ölüm neyləyər?!
Sənə çox bağlıyam…. çox eee… çox, Adam…
Yaşının üstünə üstünə yüz yaş da gələ,
Sənin yaşlanmağa haqqın yox, Adam..

 

 582 Oxunub