- Manşet, Mədəniyyət

Təhminə ƏSGƏRLİ. Padzəhər, yaxud türk qızı Şirin eşqinə


“Fəryad” filmində bir epizod var: Erməni “Tut ağacı boyunca” mahnısını təhrif edə-edə oxuyur. Əsir Ismayıl ona özgə mahnısını korlayaraq oxuduğunu dedikdə erməni həyasızlıqla öz mahnısı olduğunu, istədiyi kimi oxuyacağını bildirir. Ismayıl:

– Tutaq ki, musiqisi sənindir. Axı sən onu azərbaycanca oxuyursan, – deyir.
Erməni halını pozmadan:
– Azərbaycan dili də bizimdir, hər şey bizimdir,- deyə cavab verir…

Bu yaxınlarda “arqument.az” saytında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun “Xosrov və Şirin” poemasının qəhrəmanı Şirin haqqında  ağlasığmaz düşüncələrini   əks etdirən vulqar üslublu bir yazı oxudum. Məni niyə belə qəzəbləndirdiyini və bu yazını yazmağa vadar etdiyini anlada bilməyim üçün gözünüzü və ruhunuzu qanadacaq bir neçə cümləsini olduğu kimi əlavə etmək məcburiyyətindəyəm, üzrlü sayın:

“… Biz idealları düzgün seçməliyik. Şirin nə üçün Azərbaycan qaldınlarının idealı olmalıdır? Kimdir Şirin? Fars qızı… Nə işlə məşğul olub, oğlu ilə sevişib, dədəsinə ərə gedib. Bu necə Azərbaycan qadını üçün ideal ola bilər?!”

Jurnalistikanın tərəfsizlik prinsipi məlumumuzdur: mətbuat orqanları (hazırda saytlar) müxtəlif mövqeləri, eləcə də öz ideyalarına müxalif və əks olanları işıqlandıra bilərlər. Lakin bu mövqe milli dəyərlərə, tarixi həqiqətlərə və dövlətçilik prinsiplərinə zidd olduqda kosmopolitizm nümayiş etdirməyə ehtiyac yoxdur.

Düşünürəm ki, düşmən dəyirmanına su tökən, iddialarına rəvac verən zərərli və təhlükəli bu tip bəsirətsiz fikirlər ya işıqlandırılmamalıdır, ya ən azından, səbatsızlğı əsaslı ARQUMENT(lərlə) AZ(ərbaycan)çılıq mövqeyindən yerlə-yeksan edəcək bir cavabla dərc olunmalıdır. Çünki hətta dilimizə belə iddialı olan prinsipsiz, ləyaqətsiz və həyasız bir düşmənlə virtual mübarizədə qalibiyyəti yalnız danışmaqla deyil, bəzən birilərini susdurmaqla əldə etmək lazım gəlir. Milli təəssübkeşlik bunu tələb edir. Və bu məqamda, lütfən, səmimi təəccübümü məzur görün, amma, lakin, yəni bu saytın (arqument.az) yazaNları arasında “Xosrov və Şirin”i oxuyan yoxdurmu ki, ADP sədrinin, yumşaq desəm,  başdan-ayağa təhrif və yanlışlarla dolu fikirlərinə qarşı ortaya sanballı fikir, iddia, mülahizə, arqument qoysun, ən azı, dərc etməklə etdikləri səhvi tutarlı cavabla düzəltsin, məlumatsız oxucu kütləsinin informativ zəhərlənməsinə padzəhər olsun?!

Əsərə bələd olan şahzadə Şirinin dilindən

Qəmzəylə can alan türkəmsə belə,
Könül də alaram öpüşlərimlə

beytini xatırlaya bilərdi, məsələn.

Lakin oxumayanlar belə, əvvəlki orta məktəb dərsliklərində verilmiş bu mühüm detalı bilməli idilər: ƏRMƏN şahzadəsi Şirinin hökmdar bibisi Məhin Banu Xosrov haqqında

Əgər o, aydırsa, biz afitabıq,
O, Keyxosrovdursa, biz Əfrasiyabıq

deyərkən özlərinin əfsanəvi TÜRK xaqanı Əfrasiyab (fars mənbələrində, xüsusən, “Şahnamə”də ALP ƏR TONQA Əfrasiyab olaraq anılır) nəslindən olduqlarını vurğulayaraq TÜRK kökü ilə fəxr edir..

Əxlaqi prinsiplərə gəlincə, hətta məktəbyaşlı oxucu belə, poemanın finalında oğlu Şiruyə tərəfindən xaincəsinə qətlə yetirilən Xosrova məhəbbət və sədaqətini özünü öldürərək sübut edən Şirinin vəfa və etibar simvolu olduğu qənaətinə gəlir. Zira belə olmasa idi, dahi Nizami ölümünə sevən bir türk qadınını ədəbiyyatımızın ilk məhəbbət əsərinə ilk baş qadın qəhrəman edib ona sözdən heykəl qoymazdı.

Məncə, yazdıqlarım şahzadə Şirinin türklüyünə və bir əxlaq mücəssəməsi olmasına əsaslı ARQUMENTdir, ARQUMENT.AZ!

Demək ki, nə imiş?

Şirin nə Cəlaloğlunun iddia etdiyi kimi fars, hayların özününküləşdirməyə çalışdığı kimi erməni deyilmiş!

Ərmənlər türkmüş!!!

Türk kökənli hökmdarların hökm etdiyi  vilayətin adının ƏRMƏN olması, əhalisinin adının – erməni  etnoniminin sırf toponimə əsaslanması, əslində yerli ermənilərin sonradan gəlmə haylar tərəfindən öz içlərində əridilməsi (türklər buna “devşirmə” deyirlər) də bir ayrı və olduqca ciddi tədqiqat mövzusudur!

P.S: Bəli, ədəbiyyat bir təxəyyül məhsuludur, lakin o da mübahisəsiz qəbul edilməlidir ki, bəzən tarixin gizli qapılarını açacaq açar həmin dövrün ədəbiyyat xəzinəsində gizlədilmiş olur. Dahi söz ustadlarının yaradıcılığının ilmə-ilmə, kəlmə-kəlmə didiklənməsi də bu səbəbdən vacibdir.