- Ədəbiyyat, Xəbərlər

A.P.Çexovun hekayələrindəki “biz”

Pərvanə BAYRAMQIZI

Biz hər yerdə varıq – Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev və başqalarının yazdıqlarında nə qədər istəsək azərbaycanlı tipi mövcuddur. Deyəsən, az oldu, elə isə birini də əlavə edim. Onda yaxın gəlin, dərdləşək.
A.P.Çexovun da neçə illər bundan əvvəl yazdığı hekayələrində azərbaycanlı tipi olduğuna diqqət yetirmisinizmi? Bəlkə də, bilirsiniz, mən yazmağa gecikmişəm. Elədirsə də, eybi yox, mövzunu başlamı-şam, gərək sona yetirim. Onun “Yaylaqçılar” hekayəsini oxuyanda ürəyinizdən nə keçib?
“Təzəcə evlənmiş ər-arvad.”
Güman edirəm ki, elə bu cümlədəncə bizdə yenicə evlənənlərin yaşamağa başladığı günlərin necə ağır olduğunu yadınıza salmısınız. Başqalarının müdaxiləsi, öyüd-nəsihətləri və digər sıxıntılarla başla-yan evliliyin ilk günlərini ürəkağrısı ilə xatırlamağınızdan da əminəm. Ağsaqqal və ağbirçəklərimizin yeni ailə quranlara sərbəstlik vermədi-yini, onlardan özlərinə xoş olan rəftar gözlədiklərini hamınız bilirsiniz. Bilirsiniz ki, qayınatanın tələbləri, qayınananın “əmrləri” gəncləri məngənə kimi sıxır. Ən gülüncü də gəlinin qayınataya, qayınanaya ne-cə müraciət edəcəyini gözləməkdir. Əgər bu mərhələdə gəlin “büd-rəsə”, bu ömrü boyu üzünə vurulacaq. Yeni evdə gəlini övlad kimi qəbul etməyənlər özlərinin valideyn hesab edilməsini tələb edirlər. Bir yandan da baldızla qayın öz növbəsində qardaşın “ağzının kəsərini” yoxlamaq məqsədilə müşahidələr aparırlar. Azərbaycanda yeni ailə qurmuşların ilk günləri bu cür başlayır. A.P.Çexovun hekayəsindəki gənc ər-arvad bu cür mərhələdən keçməsə də, eynən bizdəki kimi, bir gün onların da “başlarının üstünü qara buludlar alır” Evlərində olan azuqələrini iştahla, sevinə-sevinə bölüşdükləri bir vaxtda dayısıgil onlara qonaq gəlirlər. Qatarın qabağına çıxıb onları qarşılayan ər-arva-dın ovqatı təlx olur. Bu məqam hekayədə bu cür təsvir olunub: “Saşa təsəvvürünə gətirdi ki, budu, ər-arvad üç otaqlarını, balışlarını, ədyal-larını qonaqlara verirlər, balıq, sardina və ovduq bir andaca yeyilib qurtarır, dayı uşaqları gül-çiçəyi qırırlar, mürəkkəbi tökürlər, çığır-bağır salırlar, xala bütün xəstəliyindən və əslən baronessa fon Fintix nəslindən olmasından danışır…” Bu vəziyyət bizdə, xüsusilə, orta və yaşlı nəslin nümayəndələrinə tanışdır. Onlar belə günlərdən çox əziy-yət çəkiblər. Sovet dönəmində birinin şəhərdə qohumu yaşayanda bütün rayondakı qohum-əqrəbası onun evinə axışardı. Təhsil almağa, işləməyə, kənd məhsullarını satmağa gələnlərin əlindən ailə rahatlıq nə olduğunu bilməzdi. Biri yenicə evlənib şəhərə köçürdüsə, nəsil də onlarla bərabər gəlirdi. Dəhşətlisi də bu idi ki, gələn qonaqlar neçə illər yaşayıb ailənin gününü qara etməklərinə baxmayaraq, üstəlik, narazı gedirdilər. Elələri də olurdu ki, sonra özünə güzaran qurduqda əziyyət verdiyi ailəni heç yadına da salmırdı. Eyni hal şəhərdəkilərin kəndə istirahətə gəldiyi vaxtlarda da baş verirdi. Şəhərdən gələnlər evində qalıb əziyyət verdiyi ailəyə çox vaxt “kəndli” olduğu üçün yuxarıdan aşağı baxır, hər şeyinə ağız büzürdü. Amma xaricə istirahətə getməyə maddi imkanı olmadığından o kəndliyə möhtac qaldığını etiraf etmək istəmirdi. Bir qəribə hal da mövcuddur – birinin evinə qonaq gedən uşaqlar evlərində sındırmağa icazə verilməyən bütün əşyaları gedənə-cən sındırıb qurtarmağa çalışırlar. Bundan da qəribə olan, bununçün ananın övladına təpinməməsidir. Üstəlik, ev sahibi etiraz edəndə də inciyib küsür. Düşünür ki, o qonaqdısa, hər şey etməli, ev sahibi isə susmalıdır. Bu, qonaqlarda bir ənənədir. Ermənilərə də Vətənimizdə bir az torpaq ayırdıq ki, yazıqdırlar, yerləşsinlər, sonra gəlib hər şeyi-mizə sahib çıxmağa çalışdılar. Qonaqları özümüz pis öyrədirik. Əcəb edirlər bizə: ev tikəndə birinci qonaq otağını hazırlayır, ən yaxşı əşya-ları oraya yerləşdiririk. Qonaq da axırda belə edir. Qayıdaq əsas məsə-ləyə. Beləliklə gənc ailənin sakit günləri yoxa çıxdı. Elə bizimkilər də yenicə evlənənlərin bal ayına həmişə zəhər qatırlar.
“Məmurun ölümü” və “Qilaflı adam”ın da bizdə yaxşı yeri var. Birinci hekayədəki məmur kimi də yüzlərlə məmurlarımız var. İkinci hekayədəki “Etiraf edirəm ki, Belikov kimi adamları dəfn etmək böyük həzz verir. Qəbiristandan qayıdanda bizim sakit və təvazökar görkə-mimiz vardı, heç kəs bu həzzi aşkara çıxarmaq istəmirdi – bu həzz çox əvvəllər, hələ uşaq çağlarımızda hiss etdiyimiz həzzi andırırdı, ailənin yaşlı adamları evdən çıxıb gedirdi və biz bir-iki saat tam azadlıqdan zövq alaraq, bağda o yana, bu yana qaçışır, azad nəfəs alırdıq. Ah azadlıq, azadlıq! Hətta azadlığa dair kiçik bir işarə, zəif bir ümid ada-ma qol-qanad verir, elə deyilmi?” cümlələri də mənə nəvələrini ölən günəcən sınmasın deyə televizoru işlətməyə qoymayan bir babanı xatırlatdı. (Hələ bundan betərləri də var.) Adamların ölməyinə sevin-məyim anlamına gəlməsin, yazıçı haqlıdır. Ölümlə razılaşa bilməmə-yimə baxmayaraq, bu cür yorucu insanların uzağa getməyini arzula-dığı üçün ədiblə həmfikirəm. (Əminəm ki, siz də bu cür düşünür-sünüz. Çexovdan da ağıllı deyilik ki!) Belələrinin uzağa getməsi heç də pis olmaz.
İndisə A.P.Çexovun ən çox sevdiyim hekayəsindən söhbət aç-maq vaxtı yetişdi: “Altı nömrəli palata”. Bu hekayə öz gerçəkləri ilə adamı valeh edir, düşündürür. “Ən çox sevdiyin əsər hansıdır?” deyə soruşan olanda sevə-sevə C.Londonun “Martin İden”, “Həyat eşqi”, “İnsan öldürmək” və Çexovun adı çəkilən hekayəsini söyləyirəm.
“Altı nömrəli palata”, sanki hekayə yox, içində olduğumuz tanış mühitdir. İnsan nə vaxt ruhi sarsıntı keçirir? Təbii ki, ətrafında heç nə yolunda getməyəndə, onun gördüklərini heç kəs görməyəndə. Adamı elə adamlar dəli edir. Onlar, hətta namuslu olduğu üçün təəssüflən-məyə də adamı məcbur edirlər.
“Andrey Yefimıç ağıl və namusu son dərəcə sevirdi, lakin öz ətrafında ağıllı və namuslu bir həyat qurmağa kirdarı yox idi və öz hüququna inanmırdı. Əmr etməyi, qadağan və israr etməyi qətiyyən bacarmırdı.”
Bu cümlələri oxuyanda – “Aman Allah! Bu ki mənəm!” – deyə, az qala, fəryad qopardım. Bilirəm, siz də belə dediniz. Üzüyumşaqlıq ucbatından, hegemonluq eşqinin olmamağından əziyyətə qatlaşan insanlar çoxdur. Onlar qürurunu qoruduğundan bu gün dünyanın bir küncünə sığınıb yaşayırlar. Bəzən “zamanın nəbzini tuta bilmədikləri” üçün özlərini danlayırlar. Amiranə səslə tələbkarlıq etmədiklərindən, onları arxa plana atırlar. Axırda da yazıqlar, “Axı bunlara nə lazım-dır?” – deyə təəccübdən dəli olurlar.
“Andrey Yefimıç aldatdıqda, ya ona yaltaqlıq etdikdə, yaxud da açıq-aşkar saxta bir pul sənədini ona imzalatmağa verdikdə, pul kimi qızarır, özünü təqsirli bir adam kimi hiss edirdi, amma bununla belə, yenə də sənədi imzalayırdı…”
Bu faciədir! Cəmiyyətin faciəsi! Oğurluğa nifrət edirsən, amma səni oğurlamağa məcbur edirlər. Acizsən, çarəsizsən, çünki təksən. Bilirsən ki, onsuz da sonda sən yox, məcbur edənlər haqlı çıxacaqlar. Oğurlasan da, oğurlamasan da günahkar olacaqsan. Odur ki, boyun əyirsən. Dəli olmaq üçün bundan böyük hansı səbəbin ola bilər? Vic-dansız olsaydın, bunlar vecinə gəlməzdi. Amma o, səni rahat burax-mır. Özünə nifrət edirsən. Qana-qana yaşamaq çətindir, hansı dövr olur-olsun. Qanmazlığı xoşbəxtlik saymağa başladığın zaman artıq hiss edirsən ki, daha özündən xəbərsiz yaşayırsan. Bundan sonra nə etsən onu danışacaq, nə desən ona güləcəklər.
“Hə, mən xəstəyəm. Amma onlarla, yüzlərlə dəli azad gəzib do-laşır, çünki siz nadan olduğunuz üçün onları sağlam adamlardan ayırd edə bilmirsiniz. Nə üçün mən və bu yazıqlar hamının əvəzindən bir günahkar kimi burada qalmalıyıq? Nə üçün siz feldşer, nəzarətçi və sizin kimi bütün xəstəxana rəzilləri əxlaqca bizdən qat-qat aşağı oldu-ğunuz halda, özünüz burada yatmayıb, bizi yatırdırsınız?”
Bu sözləri də hekayədə başqa bir obraz – İvan Dimitriç deyir. Haqsız deyil. Biz də bu fikirdəyik. Belə bir cəmiyyətdə dəli olmamaq-dan başqa nə edək? Nə təklif etsək də, qəbul edilməyəcək. Axı onlar – dəli edənlər daha çoxdur. Öz ölkəsində çox-çox illər bundan qabaq bu hekayəni yazan Çexov nə biləydi ki, hekayədəki hər bir fikir neçə illər sonra Azərbaycanda hələ də aktual olacaq?! O, öz millətini düşünüb yazmışdı. Bizi də düşünənlərimiz, ələk-fələk olanlarımız çox olub. Onlar da gördükləri nöqsanlardan yazıblar. Yazıblar ki, faydası dəy-sin. İndi “O dövrdən xeyli vaxt keçib, heç nə dəyişməyib” desək, mübahisə doğuracaq fikirlər səsləndirən olacaq. Belə məqamlarda sü-rətlə inkişaf edən texnologiyanı təsəlli yerimiz kimi göstəririk. Bu həqi-qətin bir gözü, “Poçt qutusu”nun Novruzəlisinin dəyişməməsi də o biri gözüdür. Bu günün də elektron poçtu var və onun varlığından xə-bərsiz halda nə qədər adam yaşayır. Deməli, klassiklərlə işimiz olma-malıdır, nə yazıblarsa, düz yazıblar.
Palatada təkcə Moyseyko adlı yəhudiyə xəstəxana həyətindən küçəyə çıxmağa icazə verilməsi də maraqlı epizoddur. Yəhudinin dəlisinin də vəziyyəti yaxşı olur. (Mümkün olsaydı, burda üçcə dənə ağzını geniş açan smaylik qoyardım.)
Yazını bu cür pessimist düşüncələrlə bitirmək istəmirəm. İnan-maq istəyirəm ki, növbəti əsrlərdə cəmiyyətdə satirik, tənqidi əsərlər-dəki hadisələrə bənzəyən heç bir hal baş verməyəcək. O zaman klassik-lərin də ruhu şad olacaq. Ədalətli cəmiyyətin qurulmasını bütün ölkə-lərin klassikləri arzulayıb. Çexov da bunu Andrey Yefimıçın dilindən söyləyir: “Səbir eləyin, bir vaxt gələcək ki, həbsxana və dəlixanalar olmayacaq, o zaman nə pəncərələrdə barmaqlıq olacaq, nə də dəlilərə geyindirilən xalatlar. Əlbəttə, belə bir zaman gec-tez gəlib çatacaq”.
Mən də qəhrəmanın bu arzusuna qoşularam.

Aprel 2018