ABŞ-ın Florida ştatının Mayami-Deyd şəhərinin meri Daniella Cava 2021-ci il mayın 28-ni Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamə imzalayıb.
“Report”un yerli bürosu xəbər verir ki, qərar Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovanın müraciəti ilə alınıb.
T.Eminova şəhər meri ilə görüşdə Azərbaycanın müstəqillik tarixi haqqında danışıb, ölkəmizin qədim və zəngin mədəniyyətindən bəhs edib.
Şəhər meri Floridadada yaşayan azərbaycanlıların fəaliyyətini alqışladığını bildirib və onların regionda müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülhə və firavanlığa xidmət etdiklərini deyib. D.Cava Azərbaycan Respublika Günü elan olunması ilə bağlı bəyannamənin Mayami-Deyd dairəsi üçün ABŞ ilə Azərbaycan Respublikası arasında münasibətləri qeyd etmək üçün şərəfli bir fürsət olduğu bildirilib.
Amerikalı mer mayın 28-ni Azərbaycan Respublika Günü elan edərək Mayami-Deyd şəhərinin sakinlərini bu bayrama qoşulmağı və Azərbaycan xalqının səylərini və nailiyyətlərini birgə qeyd etməyə çağırıb.