ABŞ İraqdan qanunsuz olaraq çıxarılan iki qiymətli tarixi nümunəni bu ölkəyə qaytaracaq.
“Report” İNA-ya istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd əl Səhhəf bildirib.
O deyib ki, İraq Respublikasının Los-Anceles Baş Konsulluğuna ABŞ Federal Kəşfiyyat Bürosu (FBİ) ilə əlaqəli şəkildə yaşı 4 min ildən çox iki artefakt çatdırılacaq. Onlardan biri Ur şəhərindən olan mixi yazılı lövhə, digəri də qədim Babil şəhərindən olan çox nadir mixi yazılı elanın bir hissəsidir: “Bu nailiyyət İraq antik əşyalarının qanunsuz alverinin qarşısını almaq və İraq hökuməti vasitəsilə vətənə qaytarılması yönündəki səylər çərçivəsində ABŞ hökuməti tərəfindən müsadirə olunub”.
Sözügedən əşyaların yanvarın 20-də Los-Anceles Baş Konsulluğunda rəsmi mərasimlə İraq tərəfinə təhvil veriləcəyi diqqətə çatdırılıb.
Xatırladaq ki, 2014-cü ildə İŞİD terrorçu təşkilatı İraqın üçdə bir hissəsini ələ keçirərək muzeylərdən, tarixi abidələri, bir çox qiymətli əşyaları qarət edərək xaricə çıxarmışdı.