- Cəmiyyət

ABŞ Yəməndə husilərin Müdafiə Nazirliyinin binasına zərbə endirib

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı Yəməndə, Sanada husilər hökumətinin “Ansar Allah” hərəkatının Müdafiə Nazirliyinin binasına hava zərbəsinin endirilməsini təsdiqləyib.

“Report” xəbər verir ki, müvafiq məlumatlar ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının “X” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının qüvvələri Sanada İranın dəstəklədiyi husilərin əsas komandanlıq və İdarəetmə məntəqəsinə (Müdafiə Nazirliyinin binası – red.) yüksək dəqiqlikli hava zərbəsi endirib”, – məlumatda deyilir.

Həmçinin qeyd olunur ki, bina husilərin ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və Qırmızı dənizdəki ticarət gəmilərinə hücumlarının əlaqələndirilməsi üçün əsas mərkəzdir.

Bundan əvvəl “Al Hadath” telekanalı mənbələrinə istinadən ABŞ-nin Sana və Xodeyd şəhərlərinə kütləvi hava hücumu təşkil etdiyini bildirib. Husilərin hərbi obyektlərinin hücuma məruz qaldığı iddia edilib.