- Cəmiyyət, Manşet

ABŞ Yaxın Şərqdə gücünü artırmaq üçün regiona “F-16” eskadrilyasını yerləşdirib

ABŞ Yaxın Şərqdə gücünü artırmaq üçün regiona “F-16” qırıcı-bombardmançı təyyarələrdən ibarət eskadrilyasını yerləşdirib.

“Report” xəbər verir ki, bu barədə əməliyyat məsuliyyəti zonasına ilk növbədə Yaxın Şərq və Şimali Afrikanın daxil olduğu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat verib.

Komandanlığın “X” sosial şəbəkəsində yaydığı məlumata görə, söhbət Nyu Cersi ştatının Milli Qvardiyasına daxil olan Hərbi Hava Qüvvələrinin bir hissəsi olan 119-cu ekspedisiya eskadrilyasından gedir. “Eskadrilya sonrakı təcavüzün qarşısını almaq üçün ABŞ-ın regondakı mövqeyini gücləndirmək məqsədilə Mərkəzi Komandanlığın məsuliyyət zonasına gəlib”, – paylaşımda deyilir. Başqa təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar ABŞ Silahlı Qüvvələri son günlər Yaxın Şərqə böyük miqyasda əlavə qüvvələr yerləşdirir. Bu eskalyasiya ilə əlaqədar ABŞ ilk olaraq Aralıq dənizinin şərqinə iki aviadaşıyıcı zərbə qrupunu yerləşdirib.