- Mədəniyyət

Abşeronda “Nizamı Gəncəvi İli” çərçivəsində tədbirlər keçirilir

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tarix-Diyarşünaslıq Muzeyində Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Nizami İli” adlı tədbirdə bir sıra təşkilat və qurumların əməkdaşları ilə yanaşı, ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Rayon icra hakimiyyəti yanında İctimai Şuranın sədri Elcin Quliyev bildirib ki, Nizami Gəncəvinin yubileyi ölkəmizdə hər zaman təntənə ilə keçirilir. Azərbaycanın klassik ədəbi-mədəni irsinə həmişə milli təəssübkeşlik və vətənpərvərlik mövqeyindən yanaşan ümummilli lider Heydər Əliyev Nizami irsinə xüsusi diqqət yetirib. Ulu Öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunan “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açmışdır. Ölməz sənətkarın 1981-ci ildə Heydər Əliyevin iştirakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrildi. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd olundu.

2021-ci ildə isə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə əlaqədar Prezident İlham Əliyev Azərbaycanda 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Bu çərçivədə Abşeronda keçirilən tədbirin iştirakçıları, qonaqlar Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə şagirdlərin Nizami Gəncəvinin əsərlərindən ilham alaraq çəkdikləri rəsmlərlə tanış olublar.

Daha sonra Təhsil Şöbəsinin təşkilatçılığı ilə şagirdlər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin şeirlərini söyləyib, Azərbaycan və ingilis dillərində Nizami Gəncəvinin həyat və yaradıcılığından danışıblar. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Musiqili Komediya Xalq Teatrının aktyorları tərəfindən Nizami Gəncəvi əsərlərindən kiçik kreativ hissələr, “Xəmsə”dən səhnələşdirilmiş musiqili tamaşalar nümayiş olunub.

Tədbirdə iştirak edən şagirdlərə Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şura tərəfindən təşəkkürnamələr verilib. (azertag)