Milli Məclisin deputatı, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayevanın növbəti kitabı “Addım-addım Yaponiya” adlanır.
AZƏRTAC xəbər verir ki, kitab “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub. Nəşr dövlətlərarası münasibətlərin daha da yaxşılaşması, eləcə də həmin ölkənin Azərbaycan oxucusuna tanıdılması baxımından böyük əhəmiyyət daşıyır.
Nəfis tərtibatlı, yüksək poliqrafik üslubda işıq üzü görən nəşrin redaktoru Beynəlxalq “Alaş” Ədəbi Mükafatı laureatı Əkbər Qoşalı, “Ön söz”ün müəllifi Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, rəyçiləri Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü Təranə Turan Rəhimli və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayevdir.
Yaponiyaya, ölkənin qədim mədəniyyətinə müəllifin məhəbbətini və bələdliliyinin ifadəsi olan “Addım-addım Yaponiya” kitabı uzaq dost ölkənin örnəyində multikultural dəyərlərin, milli mədəniyyətlərin bir-birinə inteqrasiya ortamında inkişafı baxımından ciddi əhəmiyyət daşıyır. Yapon milli özünəməxsusluğunun bütün sahələrini əks etdirən, Azərbaycan-Yaponiya əlaqələrinin geniş panoramı barədə təsəvvür yaradan kitab hər iki ölkənin əlaqələrinin inkişafına dəyərli töhfədir.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin kitaba yazdığı “Ön söz”də deyilir: “Addım-addım Yaponiya” kitabının oxucularını maraqlı və heyranedici bir səyahət gözləyir. Bu səyahət kitabın oxucularını Yaponiyanın tarixi, mədəniyyəti, yapon xalqının adət və ənənələri, düşüncə tərzi, qonaqpərvərliyi ilə tanış edəcəkdir… Qənirə xanımın kitabında Azərbaycan-Yaponiya münasibətlərinə yer ayrılmış, həmin əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfəri zamanı qoyulduğu, münasibətlərin 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirildiyi vurğulanır”.
Müəllif kitabda Yaponiyanın tarixini vərəqləyir, əhalinin dini baxışları, xüsusilə Zen fəlsəfəsi məsələlərinə toxunur, samurayların düşüncə və döyüş tərzini təsvir edir.
Yaponiyaya səfərini publisist dillə qələmə alan müəllif özünün iştirakçısı olduğu, gəzdiyi-gördüyü yerlərlə əlaqədar o qədər dolğun, canlı məlumat verir ki, oxucu özünü o yerlərdə hiss edir. Ölkənin müxtəlif mənzərələrini fotolarla oxucuya təqdim edən müəllif çox yerlərdə, fərqli şəhərlərdə, bir-birindən seçilən mədəniyyətlərlə tanış olmasına baxmayaraq Yaponiyada, paytaxt Tokioda gördüklərinə xüsusi dəyər verir. Ölkənin ən modern şəhəri, meqapolisi Tokiodan böyük rəğbətlə, əzəmətli imperatorluğun paytaxtı olmuş qədim Kiotodan xüsusi ehtiram və məftunluqla bəhs edən müəllif yapon həyatında hər şəhərin öz statusunu müəyyənləşdirməyə çalışır. Yaponiyanın ayrı-ayrı şəhərlərinin gözəlliyini və özünəməxsusluğunu əks etdirən məkanlar haqqında dolğun təsəvvür yaradır, ölkənin ziyarətçilərinə lazımlı tövsiyələr verir.
Kitabın “Acısı ilə bizə yaxın Yaponiya”, “Yaşadıqlarını unutmayan və unutdurmayan şəhər: Hiroşima” bölümləri təkcə müəllifin Xocalı soyqırımı faciəsi ilə dərd ortaqlığı müqayisəsinə görə deyil, bütövlükdə bəşər faciəsi kimi dərin kədər hissi doğurur…
Müəllif yazır: “İllərlə bu mədəniyyətlə həqiqətən də maraqlanırsansa, dünyada qəribə bir mədəniyyət və millət görmək istəyirsənsə, fərqli bir dinə aid mədəniyyəti yaşamaq istəyirsənsə, “inkişaf etmiş ölkə nə deməkdir?” deyirsənsə, Uzaq Doğu sənətinə ilgin varsa, filmlərdə göstərilən küçələri görmək arzusundasansa, suşi və digər yapon yeməklərini çox sevirsənsə…Yaponiyaya getməlisən!”.
Kitabda uzaq əsrlərdən bəri xoşbəxt həyat yaşayan azad Yaponiyanın, düşünən və düşündürən yaponların dərin cizgilərini təsvir edən mükəmməl portreti var. Həmin portretin unudulmazlığını şərtləndirən səbəbləri isə Qənirə Paşayeva yaponların yazılmamış həyat qanunları ilə yanaşı tarixin uzaq qatlarındakı həqiqətlərlə də əlaqələndirir.
“Addım-addım Yaponiya” kitabı oxucunu təkcə bu ölkənin tarixi keçmişi, müasir inkişafı, bənzərsiz abidələri, təkrarsız gözəlliyi, milli mətbəxi ilə tanış etmir, eyni zamanda, yapon ədəbiyyatı və millətinin söz xəzinəsindən nümunələr gətirir. Yapon ədəbiyyatının canlı klassiki Haruki Murakamidən, XX yüz il dünya ədəbiyyatının samurayı, Nobel mükafatını qazanmış ilk yapon yazıçısı Yasunari Kavabatadan söhbət açır. Müəllif yapon ədəbi-bədii fikrinin ustadı Başodan sitat gətirir: “Kim hər şeydə çiçəyi görmürsə, o, cahildir. Kimin ürəyində çiçək yoxdursa, o, vəhşiyə bənzəyir”.
Bu sözləri müəllifin özünə də şamil etmək olar. O, harada olmasından asılı olmayaraq, hər bir şeydə çiçək zərifliyi, çiçək gözəlliyi axtarır, dünyanı çiçək ətrində, insanları çiçək təravətində görmək istəyir. Bəlkə də elə buna görə yazdığı kitab da bir gül çələngi təsiri bağışlayır.
Azərbaycan və Yaponiya mədəni əlaqələrinin genişləndirilməsi sahəsində görülən işlərə güzgü tutan kitabdan regionşünaslıq, kulturologiya, palinologiya, diplomatiya və digər sahələrin mütəxəssisləri, eləcə də geniş oxucu kütləsi faydalana bilərlər.